Dövlət bayrağı hər bir ölkənin tarixini, milli kimliyini və dövlətçilik iradəsini özündə əks etdirən ən mühüm atributlardan biridir. Azərbaycan Respublikasının üçrəngli bayrağı xalqımızın azadlıq mübarizəsinin, müstəqil dövlət qurmaq istəyinin və milli-mənəvi dəyərlərə bağlılığının ifadəsidir. Bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmiş və həmin gün hökumətin iclasının keçirildiyi binanın üzərində qaldırılmışdır. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin bu qərarı milli dövlətçilik tariximizdə mühüm hadisə idi. Bayrağımızın mavi rəngi türk mənşəyimizi və türkçülük ideyasını, qırmızı rəngi müasir cəmiyyət qurmaq və demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəngi isə İslam sivilizasiyasına mənsubluğumuzu ifadə edir. Aypara və səkkizguşəli ulduz da bayrağımızın ayrılmaz elementləri kimi xüsusi məna daşıyır. Beləliklə, üçrəngli bayrağımız xalqımızın tarixi köklərini, mənəvi dəyərlərini və müasir inkişaf istiqamətini özündə birləşdirir.
1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra üçrəngli bayrağımız dövlət rəmzi statusunu itirsə də, xalqımızın müstəqillik düşüncəsindən silinmədi. Milli istiqlal ideyasının simvolu olaraq yaşamaqda davam edən bayrağımız 1990-cı il noyabrın 17-də Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edildi. Eyni zamanda, onun Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması barədə Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət qaldırıldı. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağın yenidən Dövlət Bayrağı kimi qəbul edilməsi haqqında qərar verdi. Həmin il oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi və Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik irsinə varisliyini təsdiqlədi. Heydər Əliyevin bu istiqamətdəki tarixi xidmətini onun öz sözləri də aydın ifadə edir: “Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”. Bu hadisələr milli dövlətçilik ənənələrinə qayıdışın və müstəqillik iradəsinin mühüm təzahürü idi.
Müstəqillik dövründə dövlət bayrağının qorunması, onun cəmiyyətdəki mövqeyinin möhkəmləndirilməsi və milli rəmzlərə ehtiramın artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirildi. Prezident İlham Əliyev dövlətçilik ənənələrinin davam etdirilməsinə, bayrağımızın beynəlxalq miqyasda tanıdılmasına və onun dövlət həyatındakı xüsusi yerinin möhkəmləndirilməsinə diqqət yetirdi. 2009-cu il noyabrın 17-də Prezident İlham Əliyevin imzaladığı sərəncamla hər il noyabrın 9-u Dövlət Bayrağı Günü kimi təsis edildi. Dövlət Bayrağı Meydanının yaradılması, paytaxtımızda və ölkəmizin müxtəlif bölgələrində bayrağımızın ucaldılması da milli rəmzlərimizə göstərilən ehtiramın ifadəsi idi. Bu addımlar üçrəngli bayrağımızın yalnız tarixi yadigar deyil, müasir Azərbaycanın dövlətçilik və suverenlik rəmzi olduğunu bir daha təsdiqlədi.
2020-ci ildə Vətən müharibəsində əldə edilən tarixi Zəfər dövlət bayrağımızın daşıdığı mənanı daha da gücləndirdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu 44 günlük müharibə nəticəsində torpaqlarımızın böyük hissəsini işğaldan azad etdi, ərazi bütövlüyümüzün bərpası istiqamətində həlledici nəticə əldə olundu. Şuşanın azad edilməsi ilə Qarabağın tarixi və mədəni mərkəzlərindən birində üçrəngli bayrağımız yenidən dalğalandı. Prezident İlham Əliyevin 2018-ci il iyunun 26-da Silahlı Qüvvələrin 100 illiyi münasibətilə keçirilən hərbi paradda səsləndirdiyi “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək” fikri də xüsusi tarixi məna daşıyırdı. 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilən Zəfər paradında işğaldan azad edilmiş ərazilərdə qaldırılmış Azərbaycan bayraqlarının nümayiş etdirilməsi dövlət başçısının illər əvvəl səsləndirdiyi fikrin gerçəkləşməsi idi. Bu mənzərə xalqımızın qələbə əzmini, Ordumuzun qəhrəmanlığını və dövlətimizin siyasi iradəsini nümayiş etdirirdi.
Vətən müharibəsindən sonra Qarabağda davam edən proseslər dövlət suverenliyimizin tam bərpası ilə nəticələndi. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan öz ərazisində konstitusiya quruluşunu və dövlət suverenliyini tam bərpa etdi. Həmin il oktyabrın 15-də Prezident İlham Əliyev Xankəndi şəhərində, Xocalıda, Xocavənddə, Ağdərədə və Əsgəranda Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Bu hadisə dövlətçilik tariximizin ən mühüm səhifələrindən biri kimi yadda qaldı. Uzun illər işğal altında olmuş şəhərlərimizdə üçrəngli bayrağımızın dalğalanması tarixi ədalətin bərpasının, milli iradəmizin və suverenliyimizin əyani ifadəsinə çevrildi. 2023-cü il noyabrın 8-də Xankəndidə Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradın keçirilməsi isə Azərbaycanın öz suveren ərazilərində dövlət hakimiyyətini tam təmin etdiyini nümayiş etdirdi.
Bu gün Azərbaycan bayrağı ölkəmizin dövlət qurumlarının, diplomatik nümayəndəliklərinin binaları üzərində, beynəlxalq tədbirlərdə və idman yarışlarında qürurla dalğalanır. Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, doğma yurdlarına qayıdan insanların yaşayış məntəqələrində üçrəngli bayrağımızın ucalması dövlətimizin gələcəyə yönəlmiş inkişaf siyasətinin də göstəricisidir. Dövlət rəmzlərinə hörmətin gənc nəslə aşılanması, bayrağın tarixi və mənasının təbliği milli dəyərlərin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. 9 Noyabr – Dövlət Bayrağı Günü hər bir Azərbaycan vətəndaşına müstəqilliyin hansı tarixi mübarizə və qurbanlar hesabına əldə edildiyini xatırladır. Üçrəngli bayrağımız keçmişimizlə bu günümüz arasında mənəvi bağ yaradır, dövlətimizin suverenliyini və xalqımızın birliyini ifadə edir. Bayrağımızın daim yüksəklərdə dalğalanması müstəqil Azərbaycanın gücünün, xalqımızın birliyinin və dövlətçilik iradəsinin rəmzidir.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri