PDF Oxu

Siyasət

  • 478

Zəfərimizin zirvəsi, milli qürurumuzun ünvanı-ŞUŞA - ŞƏRH

Zəfərimizin zirvəsi, milli qürurumuzun ünvanı-ŞUŞA - ŞƏRH

Azərbaycan tarixində elə hadisələr var ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövrlə məhdudlaşmır, gələcək nəsillərin yaddaşında da dövlətçilik iradəsinin və milli birliyin rəmzi kimi yaşayır. Şuşanın 2020-ci il noyabrın 8-də işğaldan azad edilməsi məhz belə tarixi hadisələrdəndir. Bu Qələbə Azərbaycan xalqının uzun illər davam edən torpaq həsrətinə son qoymaqla yanaşı, milli iradəmizin, ordumuzun gücünün və dövlətimizin qətiyyətinin parlaq təzahürünə çevrildi. Qarabağın mənəvi mərkəzi sayılan Şuşanın azadlığı Vətən müharibəsinin gedişinə həlledici təsir göstərdi və Azərbaycanın müasir tarixində yeni bir mərhələnin əsasını qoydu.

Şuşa Azərbaycan xalqının tarixində sadəcə coğrafi məkan deyil. Bu şəhər əsrlər boyu milli mədəniyyətimizin, ədəbiyyatımızın, musiqimizin və ictimai fikir tariximizin inkişafında mühüm rol oynayıb. XVIII əsrdə Qarabağ xanı Pənahəli xan tərəfindən salınan Şuşa qısa müddətdə regionun siyasi və mədəni mərkəzlərindən birinə çevrilib. Burada formalaşan zəngin ədəbi-musiqi mühiti Azərbaycan xalqının mənəvi sərvətinə böyük töhfələr verib. Şəhər görkəmli şairlər, sənətkarlar, bəstəkarlar və ictimai xadimlər yetişdirərək milli mədəniyyətimizin inkişafında özünəməxsus iz qoyub. 1992-ci il mayın 8-də Şuşanın işğal edilməsi Azərbaycan xalqının yaddaşında silinməz ağrıya çevrildi. Şəhərin itirilməsi yalnız ərazi itkisi deyil, həm də milli-mədəni irsimizə vurulan ağır zərbə idi. Buna baxmayaraq, xalqımız Şuşaya qayıdış ümidini heç vaxt itirmədi. Bu inam illər ərzində milli mübarizə əzmini gücləndirdi və torpaqlarımızın azad olunması ideyasını ümummilli məqsədə çevirdi.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının azadlıq və ədalət uğrunda mübarizəsinin ən mühüm mərhələsi oldu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu qısa müddətdə böyük hərbi uğurlara imza atdı. Döyüş meydanında nümayiş etdirilən peşəkarlıq, əzmkarlıq və yüksək döyüş ruhu xalqımızın illərlə gözlədiyi Qələbəyə doğru inamlı irəliləyişi təmin etdi. 44 günlük müharibənin ən mürəkkəb və taleyüklü mərhələlərindən biri Şuşanın azad edilməsi əməliyyatı idi. Şəhərin yerləşdiyi dağlıq ərazi və mürəkkəb relyef hərbi baxımdan ciddi çətinliklər yaradırdı. Azərbaycan hərbçilərinin göstərdiyi misilsiz şücaət və peşəkarlıq nəticəsində düşmənin müdafiə mövqeləri yarıldı, Şuşa azad edildi. Bu əməliyyat hərb tariximizin ən yaddaqalan səhifələrindən biri kimi qiymətləndirilir. Şuşanın itirilməsi Ermənistan üçün hərbi-siyasi baxımdan həlledici nəticələr doğurdu və müharibənin başa çatmasını sürətləndirdi.

Noyabrın 8-də Prezident İlham Əliyevin Şəhidlər xiyabanından xalqa müraciəti Azərbaycan tarixinin ən unudulmaz anlarından biri oldu. Dövlət başçısının Şuşanın azad edildiyini elan etməsi ölkənin hər yerində böyük sevinc və qürur hissi ilə qarşılandı. “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!” ifadələri xalqımızın yaddaşına həkk olundu. Bu sözlər təkcə hərbi qələbənin elan edilməsi deyil, həm də doğma yurda qayıdışın, tarixi ədalətin bərpasının və yeni quruculuq dövrünün başlanmasının ifadəsi idi. Noyabrın 10-da imzalanan üçtərəfli Bəyanat Vətən müharibəsinin hərbi-siyasi nəticələrini rəsmiləşdirdi. Lakin Azərbaycanın qarşısında duran əsas məqsəd dövlət suverenliyinin bütün ərazilərdə tam təmin olunması idi. Bu istiqamətdə aparılan ardıcıl siyasətin nəticəsi olaraq 2023-cü il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirləri ilə ölkəmizin suverenliyi bütün ərazisində bərpa edildi. Beləliklə, 2020-ci ildə əldə edilən Zəfər Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam təmin olunması ilə tamamlandı.

Eyni zamanda, Şuşanın tarixi və dini abidələrinin bərpası dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib. Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu sahədə mühüm layihələr həyata keçirir. Tarixi tikililərin qorunması, mədəniyyət nümunələrinin bərpası və milli irsin gələcək nəsillərə çatdırılması Şuşanın özünəməxsus simasının yaşadılmasına xidmət edir. Şəhərin mədəniyyət paytaxtı statusunun bərpası da bu prosesin mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin 2021-ci il mayın 7-də imzaladığı Sərəncamla Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Sonrakı dövrdə qəbul olunan qanunvericilik aktları və həyata keçirilən tədbirlər şəhərin bu statusunu daha da möhkəmləndirdi. 2022-ci ilin “Şuşa İli” elan edilməsi isə onun tarixinin, mədəniyyətinin və zəngin irsinin daha geniş miqyasda təbliğinə imkan yaratdı. Şuşanın beynəlxalq səviyyədə qazandığı nüfuz da diqqətəlayiqdir. Şəhər 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı, 2024-cü ildə İslam dünyasının Mədəniyyət Paytaxtı, 2026-cı ildə isə İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı seçilib. Bu qərarlar Şuşanın yalnız Azərbaycanın deyil, bütövlükdə türk və islam dünyasının mədəni həyatında mühüm yer tutduğunu göstərir. Şəhərdə təşkil olunan “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı, Vaqif Poeziya Günləri və digər beynəlxalq tədbirlər onun yenidən sənət, ədəbiyyat və mədəniyyət mərkəzinə çevrilməsinə töhfə verir.

Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, noyabrın 8-i hər il Şuşa Şəhəri Günü kimi qeyd olunur. Bu tarix həm də Zəfər Günü ilə üst-üstə düşdüyündən, xalqımız üçün xüsusi mənəvi məna daşıyır. Şuşa Şəhəri Günü azadlıq uğrunda mübarizənin, qəhrəmanlığın və milli həmrəyliyin dövlət səviyyəsində ehtiramla yad edilməsinin ifadəsidir. Bu gün Şuşa özünün yeni inkişaf dövrünü yaşayır. Vaxtilə dağıntılara və işğalın ağır nəticələrinə məruz qalmış şəhərdə yenidən quruculuq işləri aparılır, tarixi məkanlar bərpa edilir, mədəni tədbirlər təşkil olunur və sakinlərin doğma yurda qayıdışı davam edir. Şuşanın küçələrində həyatın canlanması, milli musiqimizin yenidən səslənməsi və şəhərin beynəlxalq tədbirlərə ev sahibliyi etməsi Qələbənin real nəticələrini nümayiş etdirir.

Şuşanın azad olunması Azərbaycan tarixində yalnız hərbi uğur kimi deyil, milli iradənin, dövlətçilik düşüncəsinin və xalq birliyinin təntənəsi kimi yaşayacaq. Bu şəhər bizə keçmişimizi, milli köklərimizi və müstəqilliyimizin dəyərini xatırladır. Şuşanın hər daşı, hər küçəsi və hər tarixi abidəsi xalqımızın yaddaşını yaşadır. Onun dirçəlişi isə Azərbaycanın güclü gələcəyinin, tarixi irsinə sahib çıxan və milli maraqlarını qətiyyətlə müdafiə edən dövlətin göstəricisidir. Şuşa artıq yalnız keçmişin xatirəsi deyil, müasir Azərbaycanın Zəfər ruhunu və gələcəyə inamını təcəssüm etdirən canlı şəhərdir. Onun azadlığı ilə tariximizin yarımçıq qalmış səhifəsi tamamlanmış, dirçəlişi ilə isə yeni bir inkişaf salnaməsi yazılmağa başlanmışdır.

Rail Tağızadə

Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının sədr müavini

Digər xəbərlər