PDF Oxu

Siyasət

  • 535

Şuşanın dirçəlişi: tarixi Zəfərdən milli-mədəni intibaha doğru - ŞƏRH

Şuşanın dirçəlişi: tarixi Zəfərdən milli-mədəni intibaha doğru - ŞƏRH

Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Şuşa bizimdir! Qarabağ bizimdir!

Qarabağ Azərbaycandır!

Azərbaycan Respublikasının Prezidenti,

Müzəffər Ali Baş Komandan İlham Əliyev

Azərbaycanın tarixi və mənəvi yaddaşında müstəsna yer tutan şəhərlər var ki, onların əhəmiyyəti coğrafi sərhədləri ilə ölçülmür. Tarixi keçmişi, zəngin mədəni irsi və mənəvi dəyərləri ilə seçilən bu şəhərlər xalqın milli kimliyinin ayrılmaz tərkib hissəsinə çevrilərək ümummilli məna kəsb edir. Onlar milli yaddaşı, mənəvi dünyanı, tarixi kimliyi və dövlətçilik iradəsini özündə yaşadan mühüm mənəvi ünvanlardır. Strateji cəhətdən əlverişli mövqeyi ilə seçilən Şuşa da bu baxımdan Azərbaycanın tarixində və milli yaddaşında xüsusi yeri olan şəhərlərimizdən biridir. Qarabağın tacı, Azərbaycan mədəniyyətinin beşiyi, milli musiqimizin, ədəbiyyatımızın və incəsənətimizin möhtəşəm ünvanı olan Şuşa əsrlər boyu xalqımızın ictimai-siyasi və mədəni həyatında mühüm rol oynayıb. Bu şəhərin adı çəkiləndə yalnız onun füsunkar təbiəti və zəngin tarixi deyil, həm də Azərbaycan xalqının milli qüruru, mənəvi bütövlüyü və Vətənə bağlılığı yada düşür.

8 Noyabr – Şuşa Şəhəri Günü bu baxımdan xüsusi tarixi və mənəvi məna daşıyır. 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi Azərbaycan xalqının çoxəsrlik tarixində yeni səhifə açdı. Bu tarix həm Vətən müharibəsində əldə edilən tarixi Zəfərin zirvəsi, həm də milli-mədəni irsimizin ayrılmaz parçası olan şəhərin öz sahibinə qovuşmasının rəmzidir. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə 8 noyabrın Şuşa Şəhəri Günü kimi təsis edilməsi bu tarixi hadisənin əbədiləşdirilməsinə, şəhərin azadlığının milli yaddaşımızda xüsusi yer tutmasına xidmət edir.

Şuşanın azadlığına aparan yol uzunmüddətli dövlətçilik strategiyasının, milli iradənin və ardıcıl mübarizənin nəticəsi idi. Bildiyimiz kimi Qarabağ Zəfərinə aparan yolun başlanğıcı Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş, onun müəyyənləşdirdiyi inkişaf və dövlət quruculuğu siyasəti sonrakı dövrdə Prezident İlham Əliyev tərəfindən yeni mərhələyə yüksəldilmişdir. Prezident İlham Əliyev Ulu Öndərin qoyduğu möhkəm təməl üzərində dünyada söz sahibi olan, böyük iqtisadi və hərbi gücə malik qüdrətli Azərbaycan dövləti qurdu. Azərbaycan Ordusu ən müasir silah-sursat və hərbi texnika ilə təmin olundu, şəxsi heyətin döyüş qabiliyyətinin artırılması, mənəvi-psixoloji ruhunun yüksəldilməsi üçün bütün zəruri tədbirlər görüldü. Ölkənin iqtisadi potensialının gücləndirilməsi, müdafiə qabiliyyətinin artırılması, müasir ordu quruculuğu və beynəlxalq mövqelərin möhkəmləndirilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpasına yönəlmiş vahid strategiyanın mühüm istiqamətləri idi. Dövlətin gücü ilə xalqın birliyinin və ordunun qüdrətinin uzlaşdırılması tarixi Zəfərin əsas şərtlərindən birinə çevrildi.

Uzun illər işğal altında qalan Şuşa şəhəri Azərbaycan xalqının yaddaşında heç vaxt öz doğma yerini itirmədi. Şuşanın tarixi abidələri, məscidləri, muzeyləri, musiqi ənənələri, tanınmış şəxsiyyətlərin həyat və yaradıcılığı ilə bağlı məkanları milli-mədəni irsimizin ayrılmaz hissəsi kimi qorundu. İşğal dövründə şəhərin tarixi simasına və mədəni irsinə ciddi ziyan vurulsa da, Şuşa Azərbaycan xalqının mənəvi dünyasında daim yaşadı. Onun azad olunması arzusu nəsillərdən-nəsillərə ötürüldü, bu arzu milli məqsədə və dövlət siyasətinin prioritetinə çevrildi.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi həmin tarixi məqsədin gerçəkləşməsi üçün həlledici mərhələ oldu. Azərbaycan Ordusu 44 gün ərzində böyük əzm və qəhrəmanlıq nümayiş etdirərək işğal altındakı torpaqlarımızın azadlığı uğrunda mübarizə apardı. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsinin ilk günlərindən deyirdi ki, Şuşasız bizim işimiz yarımçıq qalar. Müharibənin davam etdiyi 44 gün ərzində rəşadətli ordumuz Şuşaya doğru dayanmadan, inamla irəlilədi. Vaxtilə xəyal kimi görünən bu arzu noyabrın 8-də reallığa çevrildi. Şuşanın azad edilməsi Vətən müharibəsinin gedişində həlledici hadisə olmaqla yanaşı, Azərbaycan xalqının mənəvi qələbəsinin də təntənəsinə çevrildi.

Şuşa əməliyyatı Azərbaycan əsgər və zabitlərinin yüksək peşəkarlığını, döyüş ruhunu, fədakarlığını və Vətən sevgisini nümayiş etdirdi. Şəhərin mürəkkəb relyefi, dağlıq və meşəlik ərazisi qarşıya ciddi çətinliklər çıxarsa da, hərbçilərimizin qətiyyəti və iradəsi nəticəsində Şuşa azad edildi. Birmənalı demək olar ki, Qarabağ Zəfərinin zirvəsində Şuşa əməliyyatı dayanır. Bu möhtəşəm zəfərin memarı Prezident İlham Əliyev Ata vəsiyyətini yerinə yetirərək Ulu Öndərin başladığı işi məntiqi sonluğuna çatdırdı, bununla da öz adını Azərbaycan tarixinə qüdrətli sərkərdə, Müzəffər Ali Baş Komandan kimi əbədi yazdırdı. Bu qələbənin siyasi, hərbi və mənəvi əhəmiyyəti olduqca böyük idi. Şuşanın azad olunması ilə Ermənistanın müharibəni davam etdirmək imkanları ciddi şəkildə məhdudlaşdı və noyabrın 10-da üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı.

Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən bu möhtəşəm qələbə Prezident İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi. Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 8-də Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində böyük fəxarət və qürur hissi ilə Şuşa şəhərinin işğaldan azad olunduğunu bəyan etdi. Dövlət başçısının “Şuşanı azad etdik!” sözləri həmin gün milyonlarla azərbaycanlının sevinc və qürur hisslərini ifadə edən tarixi çağırışa çevrildi. Prezidentin “Mən bu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!” fikirləri isə bu qələbənin təkcə hərbi nəticə deyil, həm də Ulu Öndər Heydər Əliyevin arzularının və xalqımızın tarixi gözləntilərinin gerçəkləşməsi baxımından əhəmiyyətini göstərirdi.

Şuşanın azad edilməsi Azərbaycan xalqının birliyini, milli həmrəyliyini və dövlətinə inamını daha da gücləndirdi. Müharibə dövründə xalqımızın nümayiş etdirdiyi birlik Prezident İlham Əliyevin “dəmir yumruq” ifadəsində öz rəmzi təcəssümünü tapdı. Bu birlik yalnız hərbi qələbənin əldə edilməsində deyil, sonrakı bərpa və quruculuq prosesində də mühüm amilə çevrildi. Şuşanın azadlığı göstərdi ki, milli iradə, güclü dövlətçilik və vahid məqsəd ətrafında birləşmək ən mürəkkəb tarixi vəzifələrin həllinə imkan yaradır.

Şuşanın taleyində yeni mərhələ onun işğaldan azad edilməsindən sonra başladı. Dövlət başçısının tapşırıqlarına uyğun olaraq şəhərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə start verildi. Bu işlərin əsas məqsədi Şuşanın tarixi-memarlıq simasını qorumaqla yanaşı, onu müasir şəhərsalma prinsipləri əsasında inkişaf etdirmək, yaşayış və sosial infrastrukturunu yeniləmək, mədəni həyatını canlandırmaqdır. Şəhərin bərpasına kompleks yanaşma Şuşanın yalnız fiziki məkan kimi deyil, milli-mədəni irsimizin canlı daşıyıcısı kimi dirçəldilməsini nəzərdə tutur.

Şuşa şəhəri tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olmuşdur. 1977-ci ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul edilmişdir. Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edirdi. Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi bu siyasətin mühüm istiqamətlərindən biridir. Prezident İlham Əliyevin 2021-ci il 7 may tarixli Sərəncamı ilə şəhərə bu statusun verilməsi onun Azərbaycan xalqı üçün müstəsna tarixi və mənəvi əhəmiyyətinin dövlət səviyyəsində təsdiqi idi. Həmin il mayın 31-də qəbul edilmiş “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanunu isə şəhərin qorunması, bərpası, öyrənilməsi, inkişafı və təbliği üçün hüquqi və təşkilati əsasları müəyyənləşdirdi. Şuşa şəhərinin inzibati sərhədləri daxilində Şuşa Şəhəri Dövlət Qoruğunun yaradılması da tarixi-mədəni irsin mühafizəsi baxımından mühüm əhəmiyyət daşıyır.

Prezident İlham Əliyevin 2022-ci il 5 yanvar tarixli Sərəncamı ilə 2022-ci il Azərbaycan Respublikasında “Şuşa İli” elan edilməsi şəhərin tarixi irsinin daha geniş miqyasda tanıdılması və mədəni həyatının canlandırılması üçün yeni imkanlar yaratdı. 2022-ci il martın 31-də Türkiyə Respublikasının Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı”, 2023-cü il sentyabrın 25-də isə Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” seçilməsi onun beynəlxalq mədəni nüfuzunun artdığını nümayiş etdirdi. Bu qərarlar Şuşanın yalnız Azərbaycanın deyil, bütövlükdə türk və islam mədəniyyətinin mühüm mərkəzlərindən biri kimi qəbul olunmasının göstəricisidir. 2023-cü il oktyabrın 5-də İran İslam Respublikasının Ərdəbil şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin turizm nazirlərinin 5-ci iclasında Şuşa şəhərinin 2026-cı il üçün “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” elan edilməsi isə şəhərin beynəlxalq turizm və mədəni əməkdaşlıq imkanlarının genişlənməsi baxımından yeni mərhələ açır.

Şuşada aparılan bərpa işlərinin mühüm istiqamətlərindən biri tarixi abidələrin əvvəlki görkəminə qaytarılmasıdır. Şəhərin memarlıq irsinin qorunması, tarixi məkanların bərpası, milli musiqi və sənət ənənələrinin yaşadılması quruculuq siyasətinin əsas prioritetləri sırasındadır. Şuşa Qarabağın tacı, bütün Qafqazın incisi, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında mühüm xidmətləri olan görkəmli xadimlərin vətəni, tarixi-mədəni abidələrlə zəngin şəhər, hərbi-strateji əhəmiyyətli qaladır. Burada bütün bərpa-quruculuq işləri planlı şəkildə aparılır, Şuşanın tarixi siması saxlanılır. Artıq bir çox abidələr bərpa olunub, Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşadakı güllələnmiş büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyulub. “Xarıbülbül”, “Qarabağ” və “Yasəmən” hotelləri yenidənqurmadan sonra istifadəyə verilib, modul tipli xəstəxana, Dövlət Xidmətləri Mərkəzi, Zəfər yolunun üzərindəki Şuşa Hotel-Konqres Mərkəzi Kompleksi fəaliyyətə başlayıb. İndiyədək Şuşada 450 mənzildən ibarət 23 bina sakinlərin istifadəsinə verilib. Növbəti mərhələdə daha üç layihənin icrası nəzərdə tutulur. Dövlət və özəl tərəfdaşlığı çərçivəsində şəhərin mərkəzi küçəsində 10 yaşayış kompleksi inşa edilir. Bu işlər Şuşanın tarixi simasını qorumaqla müasir yaşayış məkanına çevrilməsi məqsədinə yönəlib.

Şuşanın gələcək inkişafı təsadüfi və epizodik layihələrlə deyil, uzunmüddətli şəhərsalma strategiyası əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2024-cü il 21 oktyabr tarixli qərarı ilə “Şuşa şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilib. Baş plan şəhərin təbii landşaftının və tarixi-memarlıq quruluşunun qorunmasını, yaşayış sahələrinin, sosial xidmət və mədəni-məişət obyektlərinin məqsədyönlü yerləşdirilməsini, nəqliyyat və mühəndis-kommunikasiya infrastrukturunun inkişafını nəzərdə tutur. Xüsusilə şəhərin tarixi mərkəzində mövcud quruluşun saxlanılması, abidələrin bərpası, piyada hərəkətinin və ictimai nəqliyyatın əlçatanlığının təmin edilməsi planın əsas prinsiplərindəndir.

Şuşanın dirçəlişi yalnız yolların, binaların və infrastrukturun yenilənməsi ilə ölçülmür. Əsl dirçəliş şəhərin öz sakinlərinə qovuşması, burada sosial həyatın, təhsil və mədəniyyət mühitinin, iqtisadi fəaliyyətin bərpası ilə tamamlanır. Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən məskunlaşma tədbirləri bu baxımdan xüsusi əhəmiyyət daşıyır. 2026-cı il oktyabrın 23-nə olan məlumata görə, Şuşa şəhərində 377 ailə olmaqla 1411 nəfər, Böyük Qaladərəsi kəndində 17 ailə olmaqla 78 nəfər, Kiçik Qaladərəsi kəndində isə 26 ailə olmaqla 90 nəfər məskunlaşıb. Beləliklə, Şuşa şəhəri və ətraf kəndlərdə ümumilikdə 420 ailə, 1579 nəfər yaşayır. Bu rəqəmlər doğma yurda qayıdışın artıq real həyat prosesinə çevrildiyini göstərir.

Şuşanın dirçəlişində mədəni tədbirlərin və ənənəvi festivalların bərpası da mühüm yer tutur. “Xarıbülbül” Musiqi Festivalının yenidən keçirilməsi, Vaqif Poeziya Günlərinin bərpası, konsertlərin, sərgilərin və beynəlxalq tədbirlərin təşkili şəhərin zəngin mədəni mühitinə yeni nəfəs verir. Bu tədbirlər Şuşanın tarixən formalaşmış sənət ənənələrini yaşatmaqla yanaşı, onun beynəlxalq mədəni əlaqələrini də genişləndirir. Şəhərin tarixi məkanlarında yenidən musiqi səslənməsi, poeziya və incəsənət tədbirlərinin keçirilməsi Şuşanın öz təbii və mənəvi ritminə qayıdışının göstəricisidir.

Şuşa Azərbaycanın milli-mədəni kimliyinin ayrılmaz hissəsi olmaqla, həm də ölkəmizin beynəlxalq humanitar və mədəni diplomatiyasında mühüm mövqeyə malikdir. Şəhərin müxtəlif beynəlxalq təşkilatlar tərəfindən mədəniyyət və turizm paytaxtı elan edilməsi Azərbaycanın zəngin tarixi irsinin dünyada tanıdılması üçün geniş imkanlar yaradır. Bu imkanlardan səmərəli istifadə Şuşanın beynəlxalq mədəniyyət məkanında mövqeyini möhkəmləndirməklə yanaşı, Qarabağın turizm potensialının inkişafına, yeni iqtisadi əlaqələrin qurulmasına və regionun sosial-iqtisadi dirçəlişinə də töhfə verəcək.

Bu gün Şuşada həyata keçirilən quruculuq işləri Azərbaycanın postmünaqişə dövründə qarşıya qoyduğu strateji məqsədlərin mühüm tərkib hissəsidir. Şəhərin tarixi simasının qorunması, müasir infrastrukturun yaradılması, əhalinin təhlükəsiz və rahat yaşayışının təmin edilməsi, mədəni irsin gələcək nəsillərə çatdırılması vahid inkişaf modelinin əsasını təşkil edir. Bu modelin mahiyyəti keçmişin zəngin irsini qoruyaraq gələcəyə yönəlmək, Şuşanı həm milli-mədəni mərkəz, həm də müasir şəhər kimi inkişaf etdirməkdir.

Şuşanın azad edilməsi ilə Azərbaycan xalqı öz tarixi yaddaşına, milli qüruruna və mənəvi bütövlüyünə qovuşdu. Bu şəhərin yenidən qurulması isə Zəfərin davam edən quruculuq mərhələsidir. Əgər 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi xalqımızın iradəsinin və ordumuzun qəhrəmanlığının təntənəsi idisə, bu gün şəhərdə aparılan bərpa, məskunlaşma və mədəni dirçəliş həmin qələbənin davamlı nəticələrini nümayiş etdirir.

8 Noyabr – Şuşa Şəhəri Günü hər bir azərbaycanlı üçün qürur, minnətdarlıq və məsuliyyət günüdür. Bu tarix bizə Vətən uğrunda canından keçən şəhidlərimizin müqəddəs xatirəsini, qazilərimizin fədakarlığını, xalqımızın birliyini və dövlətimizin qüdrətini xatırladır. Şuşanın dirçəlişi tarixi ədalətin bərpası ilə yanaşı, milli-mədəni irsimizin qorunmasının, dövlətçilik ənənələrimizin möhkəmləndirilməsinin və gələcək nəsillərə daha güclü Azərbaycanın ötürülməsinin parlaq nümunəsidir. Şuşa azaddır, Şuşa yaşayır, Şuşa yenidən Azərbaycanın mədəniyyət və mənəviyyat mərkəzi kimi yüksəlir. Bu yüksəliş xalqımızın tarixi Zəfərinin, milli iradəsinin və gələcəyə inamının təntənəsidir.

Bəhruz Məmmədov

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,

Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi, doesnt, ƏPT sədri

Digər xəbərlər