Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini, müstəqillik iradəsini və azadlıq ideallarını özündə əks etdirən üçrəngli Dövlət Bayrağımız xalqımızın ən müqəddəs mənəvi dəyərlərindən biridir. Bu bayraq tariximizin şanlı səhifələrini, mübarizə əzmimizi, milli birliyimizi və gələcəyə olan inamımızı təcəssüm etdirir. Onun hər dalğalanışı müstəqil Azərbaycan dövlətinin gücünü, xalqımızın qürurunu və suverenliyimizin əbədiliyini ifadə edir. Azərbaycanın üçrəngli bayrağının tarixi 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə bağlıdır. Həmin il noyabrın 9-da qəbul edilən qərarla mavi, qırmızı və yaşıl rənglərdən ibarət Dövlət Bayrağı ölkəmizin milli dövlətçilik rəmzi kimi təsdiq olundu. Bu bayraq Azərbaycan xalqının milli azadlıq arzularının, müasir dövlət quruculuğu ideyalarının və müstəqillik əzminin təcəssümü idi. Mavi rəng türkçülüyü, qırmızı rəng müasirliyi və demokratik inkişafı, yaşıl rəng isə islam sivilizasiyasına mənsubluğu ifadə edir.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra üçrəngli bayrağımız dövlət səviyyəsində istifadədən çıxarılsa da, xalqımızın yaddaşından və qəlbindən silinmədi. Milli istiqlal ideyası nəsildən-nəslə ötürüldü, müstəqillik arzusu yaşadıldı. XX əsrin sonlarında başlanan milli azadlıq hərəkatı üçrəngli bayrağımızın yenidən dövlətçilik rəmzi kimi ucaldılması üçün tarixi zəmin yaratdı. Bu baxımdan 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyası xüsusi tarixi əhəmiyyətə malikdir. Məhz həmin sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edildi. Eyni zamanda, muxtar respublikanın adından “Sovet Sosialist” sözlərinin çıxarılması barədə qərar qəbul olundu və Azərbaycan milli dövlətçilik atributlarının bərpası istiqamətində mühüm addımlar atıldı.
Ulu Öndər Heydər Əliyevin bu təşəbbüsü Azərbaycanın müstəqilliyə gedən yolunda cəsarətli siyasi iradənin və milli mənafelərə sədaqətin parlaq nümunəsi idi. Həmin qərar yalnız Naxçıvan üçün deyil, bütövlükdə Azərbaycan xalqının gələcək müstəqilliyi üçün mühüm tarixi hadisə oldu. Üçrəngli bayrağın yenidən ucaldılması milli dövlətçilik ənənələrinin bərpasına, xalqımızın müstəqillik ruhunun güclənməsinə xidmət etdi.
1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verdi. Həmin ilin oktyabrında dövlət müstəqilliyinin bərpası ilə milli bayrağımız müstəqil Azərbaycanın əsas dövlət atributlarından birinə çevrildi. Beləliklə, uzun illər xalqımızın azadlıq arzularının rəmzi olan üçrəngli bayraq yenidən ölkəmizin səmasında dalğalanmağa başladı. Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıdışından sonra Dövlət Bayrağının dövlətçilik sistemindəki yerini və əhəmiyyətini daha da möhkəmləndirdi. Onun milli ideologiyanın formalaşdırılması istiqamətində həyata keçirdiyi siyasət nəticəsində dövlət rəmzlərinə hörmət, milli-mənəvi dəyərlərə bağlılıq və vətənpərvərlik ideyaları dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrildi. Ulu Öndərin “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir” fikri üçrəngli bayrağımızın milli birlik və həmrəyliyin rəmzi olduğunu bir daha nümayiş etdirir.
Dövlət Bayrağının ucaldılması və onun dövlətçilik rəmzi kimi təbliği Prezident İlham Əliyevin rəhbərliyi ilə də ardıcıl şəkildə davam etdirilir. Paytaxt Bakıda Dövlət Bayrağı Meydanının yaradılması bu istiqamətdə həyata keçirilən mühüm layihələrdən biridir. Dövlət Bayrağı Meydanı Azərbaycanın müstəqilliyinin, milli qürurunun və dövlət suverenliyinin möhtəşəm ifadəsinə çevrilib. Burada dalğalanan əzəmətli bayrağımız hər bir vətəndaşa Vətənə bağlılıq, milli məsuliyyət və dövlətçilik ənənələrinə sədaqət hisslərini aşılayır.
Prezident İlham Əliyevin Dövlət Bayrağımızla bağlı səsləndirdiyi fikirlər də onun milli-mənəvi və siyasi əhəmiyyətini aydın şəkildə ifadə edir: “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir”. Dövlət başçısının vurğuladığı kimi, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan bayrağı milli suverenliyin simvolu kimi bütün vətəndaşlarımız üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Bu bayraq xalqımızın azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyini nümayiş etdirir.
Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunması üçrəngli bayrağımızın tarixində yeni və şərəfli mərhələ açdı. 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər, 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin bütün ərazilərində suverenliyinin bərpası milli dövlətçilik tariximizin ən mühüm hadisələrindəndir. Bu gün üçrəngli bayrağımız işğaldan azad edilmiş torpaqlarımızda, Qarabağda və Şərqi Zəngəzurda qürurla dalğalanır. Bu mənzərə xalqımızın uzun illər davam edən mübarizəsinin, şəhidlərimizin qanı və qazilərimizin fədakarlığı bahasına əldə edilən tarixi qələbənin təcəssümüdür.
Bu gün Dövlət Bayrağımız yalnız dövlət idarələrinin və rəsmi tədbirlərin atributu deyil, həm də hər bir azərbaycanlının mənəvi dünyasında xüsusi yer tutan milli birlik rəmzidir. İdmançılarımız beynəlxalq yarışlarda, diplomatlarımız xarici ölkələrdə, hərbçilərimiz Vətənin keşiyində üçrəngli bayrağımızı qürurla təmsil edirlər. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız üçün də Azərbaycan bayrağı Vətənlə bağlılığın, milli kimliyin və mənsubiyyətin ifadəsidir.
Dövlət Bayrağına hörmət etmək, əslində, Azərbaycanın müstəqilliyinə, tarixinə, xalqına və dövlətinə hörmət etmək deməkdir. Xüsusilə gənc nəslin dövlət rəmzlərinin mahiyyətini dərindən bilməsi, onların tarixi və ideoloji məzmununu dərk etməsi mühüm vəzifələrdəndir. Gənclərimiz anlamalıdırlar ki, bu bayraq asanlıqla əldə edilməyib. Onun arxasında xalqımızın əsrlər boyu davam edən azadlıq mübarizəsi, dövlətçilik arzusu və milli iradəsi dayanır. Üçrəngli bayrağımız daim yüksəklərdə dalğalansın! Azərbaycanımızın müstəqilliyi, dövlətçiliyi və suverenliyi əbədi olsun!
Anar Alışov
Yeni Azərbaycan Partiyası Yardımlı rayon təşkilatının sədri