Azərbaycanın müasir tarixində elə hadisələr var ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövrlə məhdudlaşmır, bütövlükdə xalqın taleyini, dövlətin gələcəyini və milli düşüncənin istiqamətini müəyyənləşdirir. 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsi məhz belə tarixi hadisələrdən biridir. Bu müharibə Azərbaycanın yalnız hərbi qələbəsi deyil, həm də milli iradəsinin, dövlətçilik əzminin, siyasi uzaqgörənliyinin və xalq-Lider birliyinin möhtəşəm təntənəsi oldu.
2026-cı ildə Zəfər Gününün altıncı ildönümünü qeyd edərkən həmin tarixi hadisələrə artıq daha geniş siyasi və dövlətçilik müstəvisindən nəzər salırıq. Çünki 2020-ci ildə əldə olunan möhtəşəm Qələbə son deyil, Azərbaycanın qarşısında yeni tarixi mərhələnin başlanğıcı idi. Bu mərhələnin əsas məzmunu ərazi bütövlüyünün bərpası, dövlət suverenliyinin tam təmin olunması, milli birliyin möhkəmləndirilməsi və Cənubi Qafqazda yeni geosiyasi reallıqların yaradılması ilə səciyyələnir.
Tarixi Qələbənin siyasi memarı və Müzəffər Ali Baş Komandan
Azərbaycan xalqı 30 ilə yaxın müddətdə torpaqlarının işğalı, bir milyondan artıq soydaşımızın doğma yurdlarından didərgin düşməsi, beynəlxalq təşkilatların qərar və qətnamələrinin icrasız qalması ilə üzləşdi. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etsə də, beynəlxalq hüququn bu tələbləri uzun illər kağız üzərində qaldı.
ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar da münaqişənin həllinə gətirib çıxarmadı. Əksinə, Ermənistan işğal altında saxladığı ərazilərdə mövqelərini möhkəmləndirməyə, status-kvonu qorumağa, beynəlxalq ictimaiyyəti isə bu reallıqla barışdırmağa çalışırdı.
Belə bir şəraitdə Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət Azərbaycanın gücünü, beynəlxalq mövqelərini və müdafiə imkanlarını ardıcıl şəkildə artırdı. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyasının uğurla davam etdirilməsi, iqtisadi potensialın gücləndirilməsi, müasir ordu quruculuğu və beynəlxalq əlaqələrin genişləndirilməsi tarixi Qələbənin əsasını formalaşdırdı.
İlham Əliyevin liderlik fəlsəfəsinin mühüm xüsusiyyətlərindən biri siyasi iradə ilə strateji düşüncənin vəhdətidir. O, Azərbaycanın milli maraqlarını heç bir siyasi təzyiqə qurban vermədən, beynəlxalq hüquqa əsaslanaraq müdafiə etdi. Prezidentin hər bir çıxışında, hər bir diplomatik addımında Azərbaycanın haqq mövqeyi aydın şəkildə ifadə olunurdu.
2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq başlayan Vətən müharibəsi Azərbaycan dövlətinin uzun illər ərzində formalaşdırdığı hərbi-siyasi potensialın real nəticəsini nümayiş etdirdi. Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə düşmənin illərlə qurduğu müdafiə xətlərini yararaq bir-birinin ardınca yaşayış məntəqələrini və strateji yüksəklikləri azad etdi.
Bu müharibədə Şuşanın azad edilməsi isə xüsusi tarixi və mənəvi əhəmiyyət daşıyırdı. 2020-ci il noyabrın 8-də Şuşanın azad olunması Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldı. Şuşa Zəfəri həm düşmənin hərbi müqavimətinin qırılmasında, həm də müharibənin taleyinin həllində həlledici rol oynadı.
Beynəlxalq ikili standartlara qarşı siyasi iradə
Vətən müharibəsi dövründə Azərbaycan yalnız döyüş meydanında deyil, beynəlxalq informasiya və diplomatiya müstəvisində də ciddi sınaqlarla üzləşirdi. Xüsusilə Fransa başda olmaqla bəzi Qərb dairələrinin Dağlıq Qarabağ münaqişəsinə qərəzli yanaşması, separatçılığa münasibətdə nümayiş etdirdikləri ikili standartlar Azərbaycanın haqlı mövqeyinə qarşı siyasi təzyiq cəhdləri idi.
Prezident İlham Əliyev bu cür yanaşmalara qarşı prinsipial və sərt mövqe nümayiş etdirərək beynəlxalq ictimaiyyətin diqqətini problemin mahiyyətinə yönəldirdi. Onun 2020-ci il oktyabrın 4-də "Əl-Ərəbiyə" televiziya kanalına müsahibəsində Fransanın mövqeyinə verdiyi cavab xüsusilə diqqətçəkən idi. Prezident Fransanın öz müqəddəratını təyinetmə prinsipini Qarabağ məsələsində Azərbaycana qarşı irəli sürməsini kəskin tənqid edir, eyni prinsipi Fransa daxilindəki Korsika, Bask bölgələri və Marsel nümunələri ilə müqayisə edirdi.
Bu, sadəcə diplomatik cavab deyildi. Bu, beynəlxalq münasibətlərdə ədalət və hüququn seçmə üsulla tətbiqinə qarşı siyasi etiraz idi. İlham Əliyev göstərirdi ki, Azərbaycan öz ərazisində beynəlxalq hüquqla tanınmış suveren hüquqlarını həyata keçirir və heç bir dövlətin ona qarşı əsassız ittiham irəli sürməyə haqqı yoxdur.
Azərbaycanın mövqeyi tarixi faktlara, beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanırdı. Prezidentin prinsipiallığı isə ölkəmizin beynəlxalq müstəvidə öz milli maraqlarını müdafiə etmək əzmində olduğunu nümayiş etdirirdi.
Xalq-Lider-Ordu birliyi – Zəfərin əsas gücü
44 günlük Vətən müharibəsinin ən mühüm xüsusiyyətlərindən biri dövlət, xalq və ordu arasında formalaşan misilsiz həmrəylik idi. Müharibə dövründə Prezident İlham Əliyevin çıxışları milyonlarla insanın diqqət mərkəzində idi. Hər bir müraciət, hər bir açıqlama xalqın mübarizə əzmini gücləndirir, cəmiyyətdə qələbəyə inamı daha da artırırdı.
Ali Baş Komandanın qətiyyətli mövqeyi, hərbi əməliyyatların gedişi barədə verdiyi məlumatlar, beynəlxalq media nümayəndələrinə müsahibələri Azərbaycanın haqq mübarizəsinin dünyaya çatdırılmasında mühüm rol oynayırdı.
Bu dövrdə Prezidentin əlini yumruq şəklində birləşdirərək nümayiş etdirməsi artıq sadəcə jest deyildi. "Dəmir yumruq" xalqın birliyinin, dövlətin gücünün, ordunun qüdrətinin və milli iradənin rəmzinə çevrilmişdi.
Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatının imzalanması ilə Ermənistanın hərbi-siyasi məğlubiyyəti rəsmiləşdi. Bu sənəd Azərbaycanın hərbi meydanda qazandığı Qələbənin siyasi nəticəsi idi. Ağdam, Kəlbəcər və Laçın rayonlarının döyüşsüz qaytarılması da həmin Qələbənin mühüm nəticələrindən oldu.
Dekabrın 10-da Bakıda keçirilən Zəfər paradı isə Azərbaycanın tarixi Qələbəsinin möhtəşəm nümayişinə çevrildi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu paradda Prezident İlham Əliyevlə birlikdə iştirakı iki qardaş dövlətin sarsılmaz birliyinin dünyaya ünvanlanmış mesajı idi. Türkiyənin müharibə dövründə Azərbaycana verdiyi siyasi və mənəvi dəstək, iki ölkə arasında strateji müttəfiqliyin gücü bir daha təsdiqləndi.
Bu münasibətlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi ilə yeni məzmun qazandı. "Bir millət, iki dövlət" prinsipi tarixi sınaqdan keçərək real müttəfiqlik nümunəsinə çevrildi.
2023-cü il – Zəfərin məntiqi tamamlanması: Dövlət suverenliyinin tam bərpası
2020-ci il Qələbəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ olsa da, ölkəmizin bütün ərazilərində dövlət suverenliyinin tam təmin olunması qarşıda duran əsas vəzifə olaraq qalırdı. Ermənistanın 10 noyabr bəyanatından irəli gələn öhdəlikləri yerinə yetirməməsi, Qarabağda qanunsuz silahlı birləşmələrin saxlanılması, separatçı rejimin fəaliyyətini davam etdirməsi və yeni təxribatlar törətməsi bölgədə təhlükəsizliyə ciddi təhdid yaradırdı.
Prezident İlham Əliyev bu proseslərə münasibətdə dövlətin suveren hüquqlarının təmin edilməsinin alternativsiz olduğunu dəfələrlə bəyan edirdi. Nəhayət, 2023-cü il sentyabrın 19-da Azərbaycan Ordusu Qarabağ iqtisadi rayonunda lokal xarakterli antiterror tədbirlərinə başladı. Cəmi 23 saatdan bir qədər artıq davam edən əməliyyat nəticəsində qanunsuz silahlı birləşmələr tərksilah edildi, separatçı rejim özünü buraxmağa məcbur oldu və Azərbaycanın konstitusiya quruluşu bütün ərazilərində bərpa edildi.
Xankəndidə, Xocalıda, Xocavənddə və digər yaşayış məntəqələrində Azərbaycan bayrağının ucaldılması tarixi ədalətin tam bərpasının rəmzinə çevrildi.
Beləliklə, 2020-ci ildə başlayan Zəfər yürüşü 2023-cü ildə Azərbaycanın dövlət suverenliyinin tam təmin olunması ilə özünün mühüm siyasi-hərbi nəticəsinə çatdı. Bu, yalnız torpaqların azad edilməsi deyil, həm də dövlətin öz ərazisində müstəsna hakimiyyətini həyata keçirmək hüququnun tam bərpası idi.
Bu hadisələr bir daha göstərdi ki, İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas məqsədi yalnız hərbi qələbə qazanmaq deyil, Azərbaycanın dövlətçilik maraqlarını uzunmüddətli perspektivdə təmin etməkdir. Məhz buna görə də 2020-ci ilin 8 Noyabrı ilə 2023-cü ilin 20 Sentyabrı vahid tarixi prosesin iki mühüm mərhələsi kimi qiymətləndirilməlidir.
2026-cı il: Zəfərin siyasi və diplomatik nəticələrinin möhkəmləndirilməsi
Bu gün, 2026-cı ildə Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri əldə olunmuş tarixi Qələbəni dayanıqlı sülhə, regional əməkdaşlığa və uzunmüddətli inkişafa çevirməkdir. Prezident İlham Əliyevin siyasi strategiyası məhz bu istiqamətdə yeni məzmun qazanır.
2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə əldə olunan razılaşmalar bu baxımdan mühüm əhəmiyyət daşıyır. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh sazişinin mətnini paraflaması, liderlərin Birgə Bəyannamə imzalaması regionda yeni siyasi mərhələnin əsasını qoydu.
Xüsusilə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantının təmin edilməsini nəzərdə tutan TRIPP layihəsi regionun nəqliyyat-kommunikasiya xəritəsində yeni imkanlar yaradır. ATƏT-in Minsk prosesinin və onunla əlaqəli strukturların ləğvi isə uzun illər münaqişənin həlli istiqamətində nəticəsiz fəaliyyət göstərmiş vasitəçilik mexanizminin tarixə qovuşması baxımından əhəmiyyətlidir.
Burada bir məqamı xüsusi vurğulamaq lazımdır: 2026-cı ilin noyabrına olan vəziyyətə görə sülh sazişinin mətni paraflansa da, onun imzalanması və ratifikasiyası məsələləri hələ yekunlaşmayıb. Deməli, Azərbaycanın sülh gündəliyində əsas prinsip dəyişməz olaraq qalır: Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılması, qarşılıqlı suverenliyin və ərazi bütövlüyünün tanınması, əldə edilmiş razılaşmaların tam icrası.
Bu yanaşma Azərbaycanın güc mövqeyindən deyil, qalib dövlətin məsuliyyətli və uzaqgörən siyasətindən çıxış etdiyini göstərir. Azərbaycan müharibədən sonra da regionda sabitliyin, iqtisadi əməkdaşlığın və qarşılıqlı faydalı münasibətlərin tərəfdarı olduğunu nümayiş etdirir. Lakin sülhün təmin olunması üçün qarşı tərəfin də siyasi iradə göstərməsi, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi vacibdir.
Digər tərəfdən, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Zəfərin real nəticələrini nümayiş etdirir. Qarabağ və Şərqi Zəngəzurda yeni şəhər və kəndlərin salınması, infrastrukturun qurulması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı dövlət siyasətinin əsas istiqamətlərindəndir. Artıq söhbət yalnız dağıdılmış ərazilərin bərpasından deyil, müasir standartlara uyğun yeni yaşayış məkanlarının, iqtisadi və sosial inkişaf modelinin yaradılmasından gedir.
Bu, Zəfərin quruculuq mərhələsidir. Döyüş meydanında qazanılan Qələbənin siyasi, iqtisadi, sosial və mənəvi nəticələrinin möhkəmləndirilməsi dövlətin gələcək inkişaf strategiyasının əsasını təşkil edir.
Zəfər – milli ideologiyanın, dövlətçilik düşüncəsinin və Azərbaycançılığın təntənəsi
Azərbaycanın tarixi Qələbəsinin ən mühüm nəticələrindən biri də milli ideoloji düşüncədə yeni mərhələnin formalaşmasıdır. Uzun illər işğal faktoru ilə yaşayan Azərbaycan cəmiyyəti artıq qalib xalq, güclü dövlət və tam suveren ölkə reallığı ilə yaşayır.
Bu reallıq Azərbaycançılıq ideologiyasının məzmununu da yeni mərhələyə yüksəldir. Əgər əvvəlki dövrdə milli birliyin əsas istiqamətlərindən biri ərazi bütövlüyünün bərpası uğrunda mübarizə idisə, bu gün həmin birlik suveren dövlətin möhkəmləndirilməsi, milli maraqların qorunması, iqtisadi gücün artırılması və gələcək nəsillərin təhlükəsizliyinin təmin olunması ətrafında səfərbər olunur.
Burada Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik ideyalarının İlham Əliyev tərəfindən yeni tarixi şəraitə uyğun davam etdirilməsinin xüsusi əhəmiyyəti var. Heydər Əliyevin azərbaycançılıq fəlsəfəsi milli həmrəyliyin, dövlətə sədaqətin və vahid vətəndaşlıq düşüncəsinin ideoloji əsasını yaratdı. İlham Əliyevin rəhbərliyi ilə əldə edilən Zəfər isə bu ideologiyanın real siyasi və tarixi nəticəsini ortaya qoydu.
Bu baxımdan Zəfər yalnız hərbi qələbə deyil, həm də milli özünüdərkin, dövlətçilik şüurunun və Azərbaycançılıq ideyasının yüksəlişidir. Azərbaycan xalqı bir daha sübut etdi ki, milli birlik, güclü dövlət və qətiyyətli liderlik bir araya gəldikdə heç bir qüvvə xalqın iradəsini sındıra bilməz.
2026-cı ildə Zəfər Gününün altıncı ildönümünü qeyd edərkən 2020-ci il Qələbəsinin 2023-cü ildə dövlət suverenliyinin tam bərpasına yaratdığı tarixi zəmini xüsusi vurğulamaq lazımdır. Bu, artıq Azərbaycanın dövlətçilik tarixinin bütöv bir mərhələsinin siyasi qiymətləndirilməsidir.
Liderə inam, xalqın birliyi və gələcəyə doğru Zəfər yürüşü
Bu gün Azərbaycan dövlətinin gücü yalnız hərbi potensialla ölçülmür. Ölkəmizin beynəlxalq nüfuzu, iqtisadi imkanları, diplomatik əlaqələri, regional və qlobal proseslərdə artan rolu da Zəfərin yaratdığı yeni reallığın göstəriciləridir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz milli maraqlarını müdafiə edən, müstəqil siyasət yürüdən, beynəlxalq münasibətlərdə öz sözünü deyən dövlətə çevrilib. Bir zamanlar torpaqlarının işğalı ilə barışmağa məcbur edilmək istənilən Azərbaycan bu gün regionun siyasi və iqtisadi gündəliyinin formalaşmasında mühüm rol oynayır.
Əlbəttə, bu tarixi uğurların arxasında şəhidlərimizin müqəddəs qanı, qazilərimizin qəhrəmanlığı, Azərbaycan əsgərinin misilsiz şücaəti və xalqımızın sarsılmaz iradəsi dayanır. Onların fədakarlığı heç vaxt unudulmamalıdır. Zəfərimizin mənəvi təməli məhz Vətən uğrunda canından keçən qəhrəmanlarımızın əbədi xatirəsidir.
İlham Əliyevin siyasi liderliyi isə bu qəhrəmanlığın ümummilli məqsədə çevrilməsini, xalqın iradəsinin vahid dövlət strategiyası ətrafında birləşməsini təmin etdi. Məhz bu baxımdan onun rəhbərliyi ilə əldə olunan tarixi Qələbə Azərbaycan dövlətçiliyinin yeni inkişaf mərhələsinin başlanğıcıdır.
Bu gün Zəfərin altıncı ildönümünü qeyd edərkən bir həqiqəti xüsusi vurğulamalıyıq: 2020-ci ildə Azərbaycan öz gücünü nümayiş etdirdi, 2023-cü ildə suverenliyini tam bərpa etdi, sonrakı mərhələdə isə bu tarixi nəticələri beynəlxalq siyasi müstəvidə möhkəmləndirmək istiqamətində mühüm addımlar atdı.
Beləliklə, İlham Əliyev Azərbaycanın müasir tarixində yalnız torpaqlarımızı işğaldan azad edən Müzəffər Ali Baş Komandan kimi deyil, həm də dövlət suverenliyini tam təmin edən, milli birliyi möhkəmləndirən və ölkəmizin gələcək inkişafının yeni strateji istiqamətlərini müəyyənləşdirən siyasi lider kimi öz yerini tutdu.
Zəfər bir günün, bir müharibənin və ya bir hərbi əməliyyatın nəticəsi deyil. Zəfər milli iradənin, dövlətçilik əzminin, siyasi uzaqgörənliyin və xalq-Lider birliyinin tarixi təntənəsidir.
8 Noyabr Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq. Çünki həmin gün təkcə Şuşa azad edilmədi, Azərbaycanın gələcəyinə gedən yeni yol açıldı. Bu yolun adı qalib dövlətçilik, suveren Azərbaycan və milli birlik yoludur!
Zəfərimiz əbədi, suverenliyimiz dönməz, Azərbaycanımız daim var olsun!
RUFİZ QONAQOV
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru