PDF Oxu

Siyasət

  • 1 315

Müstəqil dövlətçiliyin hüquqi təməli və milli suverenliyin rəmzi

Müstəqil dövlətçiliyin hüquqi təməli və milli suverenliyin rəmzi

12 noyabr Azərbaycan xalqının dövlətçilik tarixində mühüm əhəmiyyətə malik əlamətdar gündür. Bu tarix müstəqil Azərbaycan Respublikasının Əsas Qanununun – Konstitusiyanın qəbul edildiyi, dövlətçiliyimizin hüquqi əsaslarının möhkəmləndirildiyi gündür.

Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin müstəqil dövlət quruculuğu yolunda mühüm tarixi mərhələ olmuşdur. Konstitusiya müasir dünyanın demokratik və hüquqi dəyərlərini, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini, milli və ümumbəşəri prinsipləri özündə birləşdirərək hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun möhkəm təməlini yaratmışdır.
Azərbaycanın konstitusiya quruluşunun tarixi mürəkkəb və zəngin inkişaf yolu keçmişdir. 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövlətin Əsas Qanununu qəbul edə bilməsə də, sonrakı dövrlərdə ölkəmizdə bir neçə konstitusiya qəbul edilmişdir. Xüsusilə, 1978-ci il aprelin 21-də qəbul edilmiş Azərbaycan SSR Konstitusiyasında Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması milli dövlətçilik tariximizdə mühüm hadisə olmuşdur.
1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra yeni Konstitusiyanın qəbul edilməsi zərurəti yaranmışdı. Lakin ölkədə hökm sürən siyasi qeyri-sabitlik və böhran bu prosesin həyata keçirilməsinə mane olurdu. Yalnız 1993-cü ildə Heydər Əliyevin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra ölkədə ictimai-siyasi sabitlik bərpa edildi, dövlət idarəçiliyinin möhkəmləndirilməsi və müasir dövlət quruculuğu istiqamətində əsaslı addımlar atıldı.
Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış Konstitusiya layihəsi 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edildi. Referendumda iştirak edən seçicilərin 91,9 faizi Konstitusiyanın lehinə səs verdi və sənəd həmin il noyabrın 27-də qüvvəyə mindi. Bu tarixi hadisə müstəqil Azərbaycanın hüquqi dövlət quruculuğunda yeni mərhələnin başlanğıcı oldu.
Konstitusiyanın əsas prinsiplərindən biri insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasıdır. Əsas Qanunumuzda insanların bərabərliyi, söz və fikir azadlığı, vicdan azadlığı, mülkiyyət hüququ, təhsil, əmək və sosial təminat hüquqları, eləcə də digər fundamental hüquqlar təsbit edilmişdir. Konstitusiya dövlət hakimiyyətinin qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinə bölünməsini müəyyənləşdirmiş, hakimiyyət orqanlarının fəaliyyətinin hüquqi çərçivəsini formalaşdırmışdır.
Konstitusiyanın qəbulundan sonra ölkəmizdə hüquqi dövlət quruculuğunun mühüm institutları formalaşdırılmış, 1998-ci ildə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi fəaliyyətə başlamışdır. Bu təsisat Konstitusiyanın aliliyinin təmin olunmasında, qanunların və digər normativ hüquqi aktların Əsas Qanuna uyğunluğunun yoxlanılmasında mühüm rol oynayır.
Zamanın tələblərinə və cəmiyyətdə baş verən dəyişikliklərə uyğun olaraq, Konstitusiyaya 2002, 2009 və 2016-cı illərdə referendumlar vasitəsilə əlavə və dəyişikliklər edilmişdir. Həmin dəyişikliklər dövlət idarəçiliyinin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının müdafiəsinin gücləndirilməsinə və sosial dövlət prinsiplərinin inkişafına xidmət etmişdir.
Azərbaycanın müasir tarixində əldə edilmiş mühüm nailiyyətlər Konstitusiyanın əhəmiyyətini daha da artırmışdır. 2020-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sarsılmaz siyasi iradəsi və bənzərsiz sərkərdəlik məharəti sayəsində Vətən müharibəsində qazanılmış tarixi Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmişdir. Bununla da Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi ölkəmizin bütün ərazisində təmin olunmuşdur.
Məhz bu tarixi reallıqları, Konstitusiyanın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbənin 5-ci ildönümünü nəzərə alan Prezident İlham Əliyev 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci ili ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan etmişdir. Bu təşəbbüs dövlət müstəqilliyimizin, milli suverenliyimizin və konstitusion dəyərlərimizin əhəmiyyətini bir daha ön plana çıxarmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 30 illiyi münasibətilə yubiley medalının təsis edilməsi də Əsas Qanunumuzun dövlətçilik tariximizdəki müstəsna roluna verilən yüksək qiymətin ifadəsidir.
Bu gün Azərbaycan Respublikası Konstitusiyanın müəyyən etdiyi prinsiplərə əsaslanaraq müstəqil dövlətçilik ənənələrini inkişaf etdirir, insan hüquq və azadlıqlarının qorunmasını, qanunun aliliyini və dövlət idarəçiliyinin təkmilləşdirilməsini əsas prioritetlər kimi müəyyənləşdirir.
Beləliklə, 12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günü xalqımızın dövlətçilik iradəsinin, müstəqilliyimizin, milli birliyimizin və hüquqi dövlət quruculuğu əzminin təcəssümüdür. Bu əlamətdar gün hər bir vətəndaşa Konstitusiyamızın mahiyyətini, hüquq və vəzifələrini dərindən dərk etməyi, dövlətimizin müstəqilliyinin və suverenliyinin qorunmasına töhfə verməyi xatırladır.
Ana Qanunumuz müstəqilliyimizin hüquqi təminatı, dövlətçiliyimizin möhkəm dayağı, gələcək nəsillər üçün etibarlı inkişaf yolumuzdur!

Əli Hüseynli
Milli Məclisin deputatı

Digər xəbərlər