PDF Oxu

Siyasət

  • 574

8 noyabr - milli iradənin təntənəsi

8 noyabr - milli iradənin təntənəsi

1988-ci ildən başlayan Qarabağ hadisələri, ermənilərin ərazi iddiaları sonrakı illərdə Azərbaycanın müstəqillik tarixində silinməz izlər buraxdı. Bu hadisələr tədricən genişmiqyaslı münaqişəyə çevrilərək ərazi bütövlüyümüzə ciddi zərbə vurdu, torpaqlarımızın böyük bir hissəsinin işğalı ilə nəticələndi. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində yüz minlərlə azərbaycanlı öz doğma yurd-yuvasından didərgin salındı, insanlar illərlə qurub-yaratdıqları evlərini, təsərrüfatlarını, tarixi-mədəni irsini tərk etməyə məcbur oldular. Bu faciə yalnız ərazi itkisi və məcburi köçkünlük problemi ilə məhdudlaşmadı, eyni zamanda minlərlə insanın həyatına son qoydu, ailələri parçaladı, bütöv nəsillərin taleyinə təsir etdi. Baş verən hadisələr ölkənin iqtisadiyyatına da ağır zərbə vurdu. İşğal altına düşmüş şəhər və kəndlərimiz, buradakı bütün infrastruktur dağıdıldı və ya tamamilə yararsız hala salındı və bir zamanlar həyatın qaynadığı bu yerlər sistemli şəkildə talan edildi. Məscidlərimiz, qəbiristanlıqlarımız dağıntılara məruz qaldı. Təkcə maddi sərvətlərimiz deyil, xalqımızın çoxəsrlik tarixini, milli-mənəvi dəyərlərini özündə yaşadan izlər də məhv edilməyə çalışıldı. Beləliklə, işğal olunmuş ərazilərimizdə törədilən dağıntılar bütöv bir xalqın tarixi yaddaşına, mədəni irsinə və gələcək nəsillərin öz keçmişi ilə bağlılığını qorumaq hüququna qarşı yönəlmiş vandalizm aktı idi.

Qarabağ münaqişəsi Azərbaycan xalqının yaddaşında dərin yaralar açmaqla yanaşı, milli birliyin, dövlətçilik iradəsinin və tarixi ədalətin bərpası uğrunda mübarizənin də mühüm amilinə çevrildi. İşğal dövründə Azərbaycanın dövlət siyasətinin mütləq prioriteti torpaqlarımızın düşməndən azad edilməsi və ərazi bütövlüyümüzün bərpası oldu. Bu məqsəd dövlətin bütün siyasi, diplomatik, iqtisadi və hərbi fəaliyyətinin əsas istiqamətini təşkil edirdi. Azərbaycan dövləti münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə nail olmaq, ölkəmizin haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırmaq və işğal faktına beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət verilməsini təmin etmək istiqamətində ardıcıl fəaliyyət göstərdi. Eyni zamanda, ölkənin müdafiə qüdrətinin artırılması, ordunun müasir standartlara uyğun qurulması, iqtisadi potensialın gücləndirilməsi və milli birliyin möhkəmləndirilməsi dövlət siyasətinin mühüm tərkib hissələrinə çevrilmişdi. Bütün bu addımların arxasında bir əsas məqsəd dayanırdı: Azərbaycanın suveren hüquqlarının təmin edilməsi, tarixi ədalətin bərpası və məcburi köçkünlərin doğma torpaqlarına qayıdışının reallaşdırılması. Beləliklə, torpaq məsələsi ümummilli məsələyə çevrildi. Bu illər ərzində xalqın ərazilərimizin işğaldan azad olunacağına, tarixi ədalətin bərpa ediləcəyinə olan inamı heç vaxt sarsılmadı. Azərbaycan dövləti isə bütün bu müddətdə özünün siyasi, iqtisadi və hərbi potensialını gücləndirərək qarşıya qoyduğu ali məqsədə doğru inamla irəlilədi. Müxtəlif dövrlərdə təmas xəttində məqsədli şəkildə törədilən təxribatların qarşısı uğurla alındı. 2020-ci il sentyabrın 27-də atəşkəs rejimini pozaraq genişmiqyaslı hücuma keçən Ermənistan silahlı qüvvələrinə qarşı Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başladı. Bu, uzun illər davam edən işğal siyasətinə cavab, xalqın ədalət tələbinin həyata keçirilməsi və dövlətin suveren hüquqlarının bərpası istiqamətində atılmış tarixi addım idi.
Vətən müharibəsi xalqımızın tarixində yeni bir mərhələnin başlanğıcı oldu. 44 gün davam edən hərbi əməliyyatlar Azərbaycan Ordusunun gücünü, döyüş qabiliyyətini, hərbi peşəkarlığını və yüksək mənəvi ruhunu bütün dünyaya nümayiş etdirdi. Bu müharibə həm də xalq-ordu-dövlət birliyinin gücünü bir daha nümayiş etdirdi. Cəbhədə qazanılan uğurlar arxa cəbhədəki milli birlik və Vətən sevgisi ilə tamamlandı. Xalq öz lideri ilə çox güclü həmrəylik nümayiş etdirdi, vahid milli ideya ətrafında toplandı. 44 gün ərzində bir-birinin ardınca alınan qələbə xəbərləri, işğaldan azad edilən şəhər və kəndlər insanlara göstərdi ki, xalqın və dövlətin birliyi qarşısında heç bir qüvvə davam gətirə bilməz.
Zəfər salnaməsinin ən möhtəşəm səhifələrindən biri isə noyabrın 8-də Şuşanın azad edilməsi oldu. Azərbaycan xalqı üçün xüsusi mənəvi və tarixi əhəmiyyət daşıyan bu şəhərin azad edilməsi müharibənin taleyinə həlledici təsir göstərdi. Şuşanın azad edilməsi təkcə mühüm hərbi-strateji qələbə deyil, həm də milli-mədəni kimliyimizin, tarixi yaddaşımızın və mənəvi dəyərlərimizin, milli ruhun və sarsılmaz iradənin təntənəsi idi. Müharibədə qazanılan bu şanlı zəfər təkcə hərbi uğur deyildi. Bu qələbə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasi iradəsinin, məqsədyönlü rəhbərliyinin və Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığının məntiqi nəticəsi idi. Dövlət başçısının müharibə dövründə nümayiş etdirdiyi prinsipial mövqe, beynəlxalq ictimaiyyətə ünvanladığı mesajlar Azərbaycanın haqq mübarizəsinin siyasi və diplomatik müstəvidə də müdafiəsinə xidmət edirdi. Uzun illər aparılan ordu quruculuğu və hərbi hazırlıq qələbən şərtləndirən əsas amillərdən biri idi. İnformasiya müharibəsində Azərbaycanın mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılması da mühüm əhəmiyyət daşıyırdı. Prezident İlham Əliyevin xalqa müraciətləri, eyni zamanda müxtəlif ölkələrin media nümayəndələrinə verdiyi müsahibələr haqq səsimizi dünyaya çatdırdı.
Zəfər bizə heç də asan başa gəlmədi. İkili standartların tətbiq olunduğu, beynəlxalq hüququn heç də hamıya eyni dərəcədə işləmədiyi dünyada Azərbaycan dövləti illərlə hazırlaşdı, öz problemini özü həll etdi və beynəlxalq hüququn prinsiplərini bərpa etdi. Zəfərin əldə olunması Vətən sevgisinin və misilsiz fədakarlığın sayəsində mümkün oldu. Minlərlə gənc qəhrəmanımız bu yolda öz canını qurban verdi. Şəhidlərimizin qanı bahasına azad edilən torpaqlar onların müqəddəs xatirəsini yaşadan, xalqımız üçün əbədi ehtiram ünvanına çevrildi. Onların müqəddəs xatirəsi, qazilərimizin göstərdiyi qəhrəmanlıq xalqın yaddaşında əbədi yaşayacaq.
2020-ci ildə torpaqlarımızın böyük bir hissəsinin işğaldan azad edilməsindən sonra Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası istiqamətində mühüm mərhələ 2023-cü il sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirləri oldu. Beləliklə, Azərbaycan beynəlxalq hüquqla təsbit olunmuş ərazi bütövlüyünü və suverenlik hüququnu təmin etdi. 2020-ci ildə əldə edilmiş tarixi Zəfərdən sonra başlanan proses 2023-cü ildə ölkəmizin bütün ərazisində dövlət suverenliyinin bərpası ilə yeni mərhələyə qədəm qoydu.
Bu gün düşmən tapdağından azad olunmuş ərazilərimizdə böyük quruculuq işləri həyata keçirilir. Artıq qarşıda duran əsas vəzifələrdən biri Zəfərin yaratdığı tarixi imkanları ölkəmizin davamlı inkişafına yönəltməkdir. Mənfur düşmənin dağıtdığı yurd yerlərimizə həyat qayıdır, vaxtilə izlədiyimiz ağ-qara görüntülərin yerini rəngli kadrlar alır və biz Zəfərdən sonra başlayan quruculuq mərhələsinin uğurla həyata keçirildiyini görürük. Bütün bunlar Azərbaycanın sülh, quruculuq tərəfdarı olduğunun daha bir göstəricisidir.
Vətən müharibəsində qazanılmış qələbə bölgədə sülhü bərpa etdi, regionda yeni reallıqlar yaratdı. Bu reallıqlar fonunda bu gün hərbi qüdrətimiz, iqtisadi gücümüz, uğurlu daxili və xarici siyasətimiz ölkəmizin beynəlxalq nüfuzunun artmasına imkan verir və Azərbaycan artıq dünyada etibarlı tərəfdaş kimi çıxış edir.
8 Noyabr bizim müasir tariximizin dönüş nöqtəsidir. Bu tarixi gələcək nəsillərə yalnız qazanılmış qələbə kimi deyil, həm də böyük məsuliyyət, vətənpərvərlik, milli həmrəylik və dövlətə sədaqət nümunəsi kimi təqdim etmək vacibdir. Çünki tarixi qələbələri qorumaq, onları davamlı inkişafın və milli tərəqqinin təməl daşına çevirmək də ən azı həmin qələbələri qazanmaq qədər mühüm vəzifədir.

Nuray Əliyeva
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,
filologiya elmləri doktoru

Digər xəbərlər