Azərbaycanın üçrəngli Dövlət Bayrağı xalqımızın milli kimliyini, dövlətçilik ənənələrini, azadlıq və müstəqillik ideallarını özündə birləşdirən müqəddəs dövlət rəmzidir. Bu bayraq yalnız ölkəmizin rəsmi atributlarından biri deyil, həm də xalqımızın tarixi yaddaşının, milli iradəsinin və müstəqil yaşamaq əzminin ifadəsidir. Onun hər dalğalanışı Azərbaycan dövlətinin varlığını, suverenliyini və dünya birliyində özünəməxsus yerini təsdiqləyir.
Hər bir xalqın dövlət bayrağı onun keçdiyi tarixi yolun, milli-mənəvi dəyərlərinin və gələcəyə baxışının rəmzi kimi xüsusi məna daşıyır. Azərbaycan bayrağının tarixi də xalqımızın azadlıq mübarizəsi, dövlətçilik arzusu və müstəqillik idealları ilə sıx bağlıdır. Üçrəngli bayrağımız 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları tərəfindən qəbul edilərək milli dövlətçiliyimizin rəmzinə çevrilib. 1918-ci il noyabrın 9-da qəbul edilmiş qərar Azərbaycanın dövlətçilik tarixində mühüm hadisə olmaqla, xalqımızın öz milli kimliyinə və müstəqil dövlət qurmaq iradəsinə verdiyi dəyərin təcəssümü idi.
Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay mövcud olsa da, dövlətçilik tariximizdə silinməz iz qoydu. Cümhuriyyət qurucularının yaratdığı dövlətçilik ənənələri, qəbul etdikləri qərarlar və müəyyənləşdirdikləri milli atributlar sonrakı nəsillər üçün mühüm tarixi irsə çevrildi. Üçrəngli bayraq da həmin irsin ən dəyərli nümunələrindən biri kimi xalqımızın yaddaşında yaşadı. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra bayrağımız dövlət rəmzi statusunu itirsə də, onun ifadə etdiyi müstəqillik ideyası xalqımızın milli düşüncəsindən silinmədi.
1991-ci ildə dövlət müstəqilliyimizin bərpası ilə üçrəngli bayrağımız yenidən Azərbaycanın dövlət rəmzi kimi təsdiq olundu. Bu prosesdə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qəbul etdiyi qərarın xüsusi tarixi əhəmiyyəti var. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və sədrliyi ilə keçirilən sessiyada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edildi və onun Azərbaycan Respublikasının rəsmi dövlət rəmzi kimi tanınması barədə müraciət olundu. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağın Dövlət Bayrağı kimi qəbul edilməsi haqqında qərar verdi. Beləliklə, milli dövlətçilik ənənələrimizin mühüm atributu olan bayrağımız yenidən müstəqil Azərbaycanın başı üzərində dalğalanmağa başladı.
Üçrəngli bayrağımızın hər bir rəngi dərin ideoloji məna daşıyır. Mavi rəng Azərbaycan xalqının türk mənşəyini və türk dünyasına mənsubiyyətini, qırmızı rəng müasir cəmiyyət quruculuğunu, tərəqqini və demokratiya ideallarını, yaşıl rəng isə İslam sivilizasiyasına bağlılığımızı ifadə edir. Qırmızı zolağın üzərində yerləşən ağ aypara və səkkizguşəli ulduz da bayrağımızın ayrılmaz elementləridir. Bu rənglərin və rəmzlərin vəhdəti xalqımızın milli-mədəni kimliyini, tarixi köklərini və müasir inkişaf arzularını vahid ideyada birləşdirir.
Dövlət bayrağına münasibət, əslində, dövlətə, Vətənə və milli dəyərlərə münasibətin göstəricisidir. Bayrağa hörmət yalnız onu rəsmi mərasimlərdə ucaltmaqla məhdudlaşmır. Bu ehtiram dövlətin qanunlarına hörmətlə yanaşmaqda, ölkənin inkişafına töhfə verməkdə, milli maraqları qorumaqda və cəmiyyət qarşısında məsuliyyətli mövqe nümayiş etdirməkdə özünü göstərir. Bayraq hər bir vətəndaşa mənsub olduğu dövlətin tarixini, qazandığı müstəqilliyin dəyərini və bu müstəqilliyin qorunmasının vacibliyini xatırladır.
Ümummilli Lider Heydər Əliyevin dövlət rəmzlərinə verdiyi böyük önəm də məhz bu düşüncəyə əsaslanırdı. Onun “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir” fikri üçrəngli bayrağımızın daşıdığı tarixi və mənəvi məzmunu aydın ifadə edir. Ulu Öndər bayrağa ehtiramı Vətənə, xalqa və dövlətə sədaqətin ayrılmaz tərkib hissəsi kimi qiymətləndirirdi. Bu yanaşma müasir Azərbaycan dövlətçiliyində də öz əhəmiyyətini qoruyur və yeni nəsillərin milli ruhda tərbiyəsində mühüm rol oynayır.
Azərbaycan Respublikasının Konstitusiyasında Dövlət Bayrağı, Dövlət Gerbi və Dövlət Himni ölkəmizin dövlət rəmzləri kimi təsbit edilib. Dövlət Bayrağının hüquqi statusu, təsviri və istifadəsi müvafiq qanunvericiliklə müəyyənləşdirilib. 2009-cu il noyabrın 17-də imzalanmış sərəncamla hər il noyabrın 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi təsis edilib. Bu qərar xalqımızın dövlət rəmzinə ehtiramının daha da möhkəmləndirilməsi və üçrəngli bayrağımızın tarixi əhəmiyyətinin geniş ictimaiyyətə çatdırılması baxımından mühüm addım oldu.
Bu gün Azərbaycan bayrağı ölkəmizin bütün guşələrində, dövlət müəssisələrində, diplomatik nümayəndəliklərdə, beynəlxalq təşkilatların iqamətgahları qarşısında, müxtəlif beynəlxalq tədbirlərdə və idman yarışlarında dalğalanır. Bayrağımızın beynəlxalq aləmdə ucalması müstəqil dövlətimizin dünya birliyinin bərabərhüquqlu üzvü kimi təmsil olunmasının, milli suverenliyimizin və dövlətçilik iradəmizin ifadəsidir. Hər dəfə Azərbaycan bayrağı beynəlxalq platformalarda yüksəldiləndə xalqımızın milli qüruru və Vətənə bağlılığı daha aydın şəkildə təcəssüm olunur.
Üçrəngli bayrağımızın mənəvi dəyəri xüsusilə Vətən müharibəsində və sonrakı tarixi proseslərdə daha qabarıq şəkildə hiss olundu. Azərbaycan əsgərinin azad etdiyi torpaqlarda Dövlət Bayrağımızın ucaldılması xalqımızın onilliklər boyu yaşatdığı arzunun gerçəkləşməsini ifadə etdi. Şuşada, Xankəndidə və digər azad edilmiş ərazilərimizdə dalğalanan üçrəngli bayraq dövlət suverenliyimizin, ərazi bütövlüyümüzün və milli birliyimizin rəmzinə çevrildi. Bu mənzərə bayrağımızın yalnız tarixi keçmişimizi deyil, həm də bu günümüzü və gələcəyə dair hədəflərimizi təcəssüm etdirdiyini göstərir.
Dövlət Bayrağı Günü hər bir Azərbaycan vətəndaşı üçün müstəqilliyin dəyərini bir daha dərk etmək, milli tariximizə ehtiram göstərmək və dövlətçilik məsuliyyətini xatırlamaq günüdür. Bayrağımızın ucalığı dövlətimizin gücü, xalqımızın birliyi və gələcəyə inamı ilə ölçülür. Onu qorumaq, ona hörmətlə yanaşmaq, daşıdığı ideallara sadiq qalmaq hər birimizin mənəvi borcudur.
Bu gün qürurla dalğalanan üçrəngli bayrağımız Azərbaycanın müstəqillik tarixinin, milli kimliyinin və suveren dövlətçilik iradəsinin əbədi rəmzidir. O, keçmişimizdən gələn dəyərləri bu günümüzlə birləşdirir, gələcək nəsillərə isə müstəqil dövlətimizin məsuliyyətini və şərəfini daşımaq əzmini aşılayır.
Nicat Cəfərov,
YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədri
Neftçala rayon Təhsil sektorunun müdiri