PDF Oxu

Siyasət

  • 535

Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi - ŞƏRH

Dövlətçiliyimizin ideoloji təməli və milli birliyimizin rəmzi - ŞƏRH

“Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin.”

Ümummilli Lider Heydər Əliyevin bu fikirləri Azərbaycan Dövlət Bayrağının xalqımızın həyatında tutduğu yeri, daşıdığı mənəvi dəyəri və dövlətçilik tariximizdəki rolunu aydın şəkildə ifadə edir. Üçrəngli bayrağımız milli kimliyimizin, azadlıq və müstəqillik arzularımızın, tarixi yaddaşımızın təcəssümüdür. Onun hər bir rəngi xalqımızın keçdiyi tarixi yolu, milli-mənəvi dəyərlərini və gələcəyə baxışını özündə birləşdirir. Mavi rəng türkçülüyü, qırmızı rəng müasirliyi və inkişafı, yaşıl rəng isə İslam sivilizasiyasına mənsubluğumuzu ifadə edir.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə, 1918-ci il noyabrın 9-da qəbul edilmiş üçrəngli bayrağımız milli dövlətçilik tariximizin ən mühüm rəmzlərindən birinə çevrilib. Cümhuriyyətin süqutundan sonra uzun müddət dövlət bayrağı statusundan məhrum olsa da, xalqımızın azadlıq və müstəqillik idealları bu rəmzi yaddaşlarda yaşadıb. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə keçirilən sessiyasında üçrəngli bayrağımızın Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi müstəqilliyə gedən yolda tarixi addım oldu. 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti tərəfindən üçrəngli bayrağımız yenidən dövlət bayrağı kimi qəbul edildi.
Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra milli dövlətçilik rəmzlərinə münasibət dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrildi. Onun siyasi baxışına görə, bayraq yalnız rəsmi tədbirlərdə qaldırılan və dövlət müəssisələrinin üzərində dalğalanan atribut deyil, xalqı vahid məqsəd ətrafında birləşdirən, milli həmrəyliyi gücləndirən və dövlətə bağlılıq hissini möhkəmləndirən ideoloji dəyərdir. Heydər Əliyev Azərbaycan bayrağının hər bir vətəndaş üçün müqəddəs olduğunu vurğulayır, onun qorunmasını və uca tutulmasını dövlətçilik təfəkkürünün ayrılmaz hissəsi kimi qiymətləndirirdi. Ulu Öndərin “Kim Azərbaycanı sevirsə, kim Azərbaycanın müstəqil dövlət olmasını istəyirsə, kim Azərbaycanın işğal olunmuş torpaqlarının azad olunmasını istəyirsə, kim Azərbaycanın ərazi bütövlüyünü istəyirsə, o, bu bayraq altında birləşməlidir” çağırışı da məhz bu ideoloji yanaşmanın ifadəsi idi. Bu çağırışda Vətənə sevgi, müstəqilliyə sədaqət, torpaqlarımızın azadlığı və milli birlik vahid amal kimi təqdim olunurdu.
Ümummilli Liderin müəyyən etdiyi dövlətçilik kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsi, iqtisadi və siyasi qüdrətinin artırılması, milli maraqlara əsaslanan müstəqil siyasətin həyata keçirilməsi ölkəmizin dövlətçilik ənənələrini daha da gücləndirib. Bu siyasətin ən böyük tarixi nəticələrindən biri isə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasıdır. Uzun illər xalqımızın qarşısında dayanan ən mühüm milli vəzifənin yerinə yetirilməsi üçrəngli bayrağımızın daşıdığı mənanı daha da zənginləşdirib.
2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı möhtəşəm Qələbə xalqımızın tarixi ədaləti bərpa etmək əzmini və milli birliyinin gücünü bütün dünyaya nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz torpaqlarımızı işğaldan azad edərək üçrəngli bayrağımızı doğma yurdlarımızda yenidən ucaltdı. Şuşanın azad edilməsi, digər şəhər və kəndlərimizin işğaldan qurtuluşu, 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin tam bərpası dövlətçilik tariximizin şanlı səhifələrinə çevrildi. Bu hadisələr sübut etdi ki, Ulu Öndərin bayrağımız altında birləşmək çağırışı zaman keçdikcə daha böyük məna qazanıb və xalqımızın ümummilli amalına çevrilib.
Bu gün işğaldan azad edilmiş ərazilərimizdə üçrəngli bayrağımızın dalğalanması sadəcə ərazi üzərində dövlət hakimiyyətinin bərpasını deyil, xalqımızın doğma torpaqlara qayıdışını, milli iradənin təntənəsini və tarixi ədalətin bərqərar olmasını ifadə edir. Prezident İlham Əliyevin azad edilmiş ərazilərə səfərləri zamanı Dövlət Bayrağımızı ucaltması hər bir azərbaycanlının yaddaşında xüsusi yer tutan qürurverici anlara çevrilib. Vaxtilə işğal altında olan torpaqlarımızda bu gün aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, yeni yaşayış məntəqələrinin salınması, infrastrukturun yenidən qurulması və Böyük Qayıdış prosesinin mərhələli şəkildə həyata keçirilməsi bayrağımızın təmsil etdiyi azadlıq və dövlətçilik ideallarının real təcəssümüdür.
Bu gün Azərbaycan bayrağı yalnız ölkəmizin şəhər və kəndlərində deyil, beynəlxalq təşkilatların qərargahlarında, müxtəlif dövlətlərin paytaxtlarında, idman arenalarında və diplomatik nümayəndəliklərimizin üzərində dalğalanır. Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandıqları qələbələr zamanı bayrağımızın yüksəldilməsi, diplomatlarımızın ölkəmizi beynəlxalq platformalarda təmsil etməsi, hərbçilərimizin dövlət rəmzimizə sədaqətlə xidmət göstərməsi üçrəngli bayrağımızın dünyada tanınmasına və nüfuzunun artmasına töhfə verir.
İstər ölkə daxilində, istərsə də dünyanın müxtəlif guşələrində üçrəngli bayrağımızın dalğalanması hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Bu müqəddəs rəmzə hörmətlə yanaşmaq, onun təmsil etdiyi dəyərləri qorumaq, xüsusilə gənc nəslə dövlətçilik tariximizi və milli atributlarımıza ehtiram hissini aşılamaq hər birimizin mənəvi borcudur. Dövlət Bayrağımızın daim ucalarda dalğalanması müstəqil Azərbaycanın əbədi varlığının və xalqımızın birliyinin rəmzidir.

Məhərrəm Piriyev,
YAP Salyan rayon təşkilatının əməkdaşı

Digər xəbərlər