PDF Oxu

Siyasət

  • 494

12 Noyabr – Konstitusiya Günü: müstəqil Azərbaycanın hüquqi dövlətçilik təməli - ŞƏRH

12 Noyabr – Konstitusiya Günü: müstəqil Azərbaycanın hüquqi dövlətçilik təməli - ŞƏRH

Azərbaycan xalqının dövlətçilik tarixində mühüm əhəmiyyətə malik olan 12 Noyabr – Konstitusiya Günü ölkəmizin hüquqi və demokratik inkişaf yolunun əsasını təşkil edən əlamətdar günlərdən biridir.
1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edilmişdir. Bu tarixi hadisə ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, hüquqi dövlət quruculuğunun inkişafı və demokratik cəmiyyətin formalaşması istiqamətində mühüm mərhələ olmuşdur. Konstitusiyanın qəbul edilməsi Azərbaycanın müstəqil dövlət kimi öz inkişaf yolunu müəyyənləşdirməsində böyük rol oynamışdır.
Azərbaycan Respublikasının Konstitusiyası dövlətin əsas qanunu olmaqla, ölkənin siyasi, iqtisadi və hüquqi sisteminin əsas prinsiplərini müəyyən edir. Konstitusiyada insan və vətəndaş hüquq və azadlıqları, dövlət hakimiyyətinin təşkili, hakimiyyət bölgüsü, qanunun aliliyi və dövlət müstəqilliyinin qorunması kimi mühüm məsələlər öz əksini tapmışdır.
Konstitusiyanın əsas prinsiplərindən biri insan hüquq və azadlıqlarının təmin edilməsidir. Hər bir vətəndaşın yaşamaq, təhsil almaq, əmək fəaliyyəti ilə məşğul olmaq, fikir və söz azadlığından istifadə etmək, qanun qarşısında bərabər olmaq hüquqları dövlətin ali məqsədləri sırasında yer alır. Bu hüquqların qorunması cəmiyyətdə ədalətin, bərabərliyin və sosial rifahın təmin olunmasına xidmət edir.
Konstitusiyanın qəbul edilməsi Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm nailiyyətlərindən biri olmuşdur. Bu sənəd müstəqil Azərbaycanın gələcək inkişaf istiqamətlərini müəyyənləşdirmiş, ölkədə sabitliyin və hüquqi dövlətçilik ənənələrinin möhkəmlənməsinə geniş imkanlar yaratmışdır. Ulu Öndərin dövlətçilik strategiyası Azərbaycanın müasir inkişafının əsasını təşkil edən mühüm amillərdən biri olmuşdur.
Konstitusiya yalnız dövlət orqanlarının fəaliyyətini tənzimləyən hüquqi sənəd deyil, həm də dövlətlə vətəndaş arasında münasibətlərin əsasını təşkil edən ali qanundur. O, hər bir vətəndaşın hüquqlarını qorumaqla yanaşı, üzərinə düşən vəzifələri də müəyyən edir. Qanunlara hörmətlə yanaşmaq, dövlət rəmzlərinə ehtiram göstərmək, Vətənə sədaqətlə xidmət etmək hər bir Azərbaycan vətəndaşının mühüm borcudur.
Bu baxımdan gənc nəslin Konstitusiyanın mahiyyətini dərindən öyrənməsi xüsusi əhəmiyyət daşıyır. Hüquqi biliklərə malik olan, öz hüquq və vəzifələrini yaxşı bilən gənclər gələcəkdə cəmiyyətin fəal və məsuliyyətli üzvləri kimi formalaşırlar. Təhsil müəssisələrində keçirilən maarifləndirici tədbirlər, dəyirmi masalar və müxtəlif görüşlər də gənclərdə hüquqi düşüncənin inkişafına müsbət təsir göstərir.
Bu gün Azərbaycan Respublikası Konstitusiyanın müəyyən etdiyi prinsiplər əsasında inkişaf edir. Dövlət suverenliyinin, ərazi bütövlüyünün və milli maraqların qorunması, vətəndaşların hüquq və azadlıqlarının təmin olunması ölkəmizin əsas prioritetləri sırasındadır. Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi və hüquqi islahatlar da dövlətçiliyimizin daha da möhkəmlənməsinə xidmət edir.
Konstitusiya xalqımızın dövlətçilik iradəsinin, müstəqillik əzminin və gələcəyə inamının ifadəsidir. Onun müddəalarına hörmətlə yanaşmaq, qanunlara əməl etmək və hüquqi bilikləri artırmaq hər bir vətəndaşın mühüm vəzifəsidir. Çünki güclü dövlətin əsasını qanunun aliliyi, vətəndaş məsuliyyəti, milli birlik və qarşılıqlı hörmət təşkil edir.
12 Noyabr – Konstitusiya Günü münasibətilə hər bir Azərbaycan vətəndaşını təbrik edir, müstəqil dövlətimizin daha da güclənməsini, ölkəmizdə hüququn aliliyinin və ədalətin daim bərqərar olmasını arzulayırıq.

Vüqar Həsənli
YAP Şahbuz rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər