“8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının tarixində ən şanlı və qürurverici səhifələrdən biridir. Bu möhtəşəm tarix xalqımızın illərlə qəlbində yaşatdığı torpaq həsrətinin sona çatdığı, tarixi ədalətin bərpa olunduğu, milli iradəmizin və dövlətimizin gücünün bütün dünyaya nümayiş etdirildiyi gündür”.
Bu sözləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədr müavini Fatma Yıldırım SİA-ya açıqlamasında bildirib.Onun sözlərinə görə, 1988-ci ildən başlayan Qarabağ hadisələri, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti xalqımıza ağır faciələr yaşatdı:”Bir milyondan çox soydaşımız doğma yurdlarından didərgin düşdü, şəhər və kəndlərimiz dağıdıldı, tarixi-mədəni irsimizə qarşı vandalizm aktları törədildi. Uzun illər davam edən işğal və nəticəsiz danışıqlara baxmayaraq, Azərbaycan xalqı torpaqlarımızın azad olunacağına inamını qoruyub saxladı.Azərbaycan dövləti bütün bu illər ərzində ərazi bütövlüyümüzün bərpasını əsas strateji hədəf kimi müəyyənləşdirdi. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik kursunun möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, ölkənin iqtisadi potensialının gücləndirilməsi, müasir ordu quruculuğu və müdafiə sənayesinin inkişafı tarixi Zəfərimizin möhkəm təməlini yaratdı. Azərbaycan bir tərəfdən beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyini qoruyur, digər tərəfdən isə hərbi qüdrətini artıraraq torpaqlarımızın azadlığı üçün zəruri hazırlıqları həyata keçirirdi.2020-ci il sentyabrın 27-də Ermənistanın törətdiyi genişmiqyaslı hərbi təxribatlara cavab olaraq Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatı xalqımızın 30 ilə yaxın davam edən mübarizəsinin həlledici mərhələsi oldu. 44 gün davam edən Vətən müharibəsində Azərbaycan əsgəri və zabiti misilsiz qəhrəmanlıq, fədakarlıq və peşəkarlıq nümayiş etdirdi. Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli rəhbərliyi, ordumuzun döyüş əzmi və xalqımızın sarsılmaz birliyi nəticəsində torpaqlarımız işğaldan azad edildi.2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi müharibənin taleyini həll edən, Azərbaycanın hərbi-siyasi üstünlüyünü nümayiş etdirən tarixi hadisə oldu. Şuşa Zəfəri xalqımızın milli ruhunun, iradəsinin və yenilməzliyinin rəmzinə çevrildi. Məhz bu möhtəşəm Qələbənin şərəfinə cənab Prezident İlham Əliyevin Sərəncamı ilə noyabrın 8-i Zəfər Günü elan edildi.44 günlük Vətən müharibəsi Azərbaycanın həm döyüş meydanında, həm də diplomatik və informasiya müstəvisində qazandığı böyük Qələbə idi. Cənab Prezident İlham Əliyevin dünyanın aparıcı media qurumlarına verdiyi çoxsaylı müsahibələr Azərbaycanın haqlı mövqeyinin beynəlxalq ictimaiyyətə çatdırılmasında mühüm rol oynadı. Dövlətimizin başçısı Ermənistanın işğalçılıq siyasətini, törədilən müharibə cinayətlərini konkret faktlarla dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Bu, hərbi güclə siyasi və diplomatik məharətin vəhdətinin parlaq nümunəsi oldu.Zəfərimizin əsas amillərindən biri də xalqımızın nümayiş etdirdiyi milli birlik və həmrəylik idi. Müharibə dövründə siyasi baxışlarından, etnik və dini mənsubiyyətlərindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları vahid amal ətrafında birləşdilər. Xarici ölkələrdə yaşayan soydaşlarımız da Azərbaycanın haqq səsinin dünyaya çatdırılması istiqamətində fəallıq göstərdilər. “Dəmir yumruq” xalqımızın birliyinin, dövlətimizin gücünün və milli iradəmizin rəmzinə çevrildi.Lakin 44 günlük Vətən müharibəsində qazanılan Qələbə dövlətimizin qarşıya qoyduğu strateji hədəflərin son mərhələsi deyildi. 2023-cü il aprelin 23-də Laçın sərhəd-buraxılış məntəqəsinin qurulması dövlət suverenliyimizin təmin edilməsi istiqamətində mühüm addım oldu. Həmin il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan öz suverenliyini bütün ərazisində tam bərpa etdi. Cənab Prezident İlham Əliyevin 2023-cü il oktyabrın 15-də Xankəndidə Azərbaycan Bayrağını ucaltması isə müasir tariximizin ən qürurverici hadisələrindən biri kimi yaddaşlara həkk olundu.Bu gün Azərbaycan yalnız ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa etmiş ölkə kimi deyil, həm də işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq işləri həyata keçirən güclü dövlət kimi çıxış edir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda yeni yaşayış məntəqələri salınır, müasir infrastruktur yaradılır, avtomobil yolları, tunellər, hava limanları, məktəblər, xəstəxanalar və digər sosial obyektlər inşa olunur. Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir. Artıq minlərlə ailə illərlə həsrətində olduğu torpaqlarda yeni həyata başlayıb.Quruculuq prosesi Azərbaycanın hərbi Qələbəsini sosial-iqtisadi və humanitar dirçəlişə çevirmək əzminin göstəricisidir. Qarabağ Universitetinin fəaliyyətə başlaması, DOST və ASAN xidmətlərinin azad edilmiş ərazilərdə qurulması, yeni iş yerlərinin yaradılması, sahibkarlığın təşviqi həmin torpaqlarda dayanıqlı həyatın formalaşdırılmasına xidmət edir. Qarabağ və Şərqi Zəngəzur bu gün Azərbaycanın yalnız tarixi Qələbəsinin deyil, həm də gələcəyə hesablanmış inkişaf strategiyasının təcəssümüdür.Dövlət siyasətinin mühüm istiqamətlərindən biri də şəhid ailələrinin və müharibə iştirakçılarının sosial müdafiəsidir. Şəhid ailələrinin mənzil və sosial təminatının yaxşılaşdırılması, qazilərin reabilitasiyası, məşğulluğunun təmin edilməsi və cəmiyyətə inteqrasiyası istiqamətində həyata keçirilən tədbirlər dövlətimizin qəhrəman övladlarına verdiyi yüksək dəyərin ifadəsidir. “YAŞAT” Fondunun fəaliyyəti də bu sahədə dövlət və cəmiyyət həmrəyliyinin mühüm nümunəsidir. Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinin uca tutulması, onların ailələrinə qayğı göstərilməsi daim dövlətimizin diqqət mərkəzindədir.Azərbaycanın qazandığı tarixi Qələbə regionda yeni siyasi reallıqlar yaratdı. 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə keçirilən görüş və Birgə Bəyannamənin imzalanması regionda sülh gündəliyi baxımından mühüm mərhələ oldu. Sülh sazişi layihəsinin paraflanması və nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı əldə edilən razılaşmalar Azərbaycanın regionda davamlı sülhün və əməkdaşlığın təmin olunmasına yönəlmiş siyasətinin nəticəsidir. ATƏT-in Minsk prosesinin və əlaqəli strukturlarının fəaliyyətinə xitam verilməsi də uzun illər nəticəsiz qalmış vasitəçilik mərhələsinin başa çatmasını ifadə edir.Zəfərimizin tarixi yaddaşlarda əbədiləşdirilməsi istiqamətində də mühüm addımlar atılıb. Zəfər Günü təsis edilib, Zəfər və Qarabağ ordenləri, Vətən Müharibəsi Qəhrəmanı fəxri adı və çoxsaylı medallar təsis olunub. Bakıda Zəfər parkının və Zəfər muzeyinin yaradılması qəhrəmanlıq tariximizin gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Bu məkanlar şəhidlərimizin əziz xatirəsinə ehtiramın, qazilərimizin şücaətinə verilən yüksək dəyərin təcəssümüdür.8 Noyabr – Zəfər Günü bizə bir daha göstərir ki, güclü dövlət, qüdrətli ordu, milli birlik və qətiyyətli liderlik ən mürəkkəb tarixi sınaqlardan qalib çıxmağın əsas şərtləridir. Azərbaycan xalqı öz birliyi, əzmi və qəhrəmanlığı ilə tarix yazdı. Bu Qələbə torpaqlarımızın azad edilməsi ilə yanaşı, milli ləyaqətimizin, tarixi ədalətin və dövlət suverenliyimizin bərpası deməkdir.Bu möhtəşəm Zəfər, ilk növbədə, Vətən uğrunda canından keçən şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı, Azərbaycan əsgərinin qəhrəmanlığı və xalqımızın sarsılmaz iradəsi hesabına qazanılıb. Şəhidlərimizin əziz xatirəsi daim xalqımızın qəlbində yaşayacaq, onların qəhrəmanlığı gələcək nəsillər üçün vətənpərvərlik nümunəsi olacaq.8 Noyabr – Zəfər Günü münasibətilə bütün xalqımızı ürəkdən təbrik edir, şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə möhkəm cansağlığı arzulayıram”.
Müəllif: Günay Hacıyeva