Azərbaycan xalqının çoxəsrlik tarixində elə günlər var ki, onlar zamanın sınağından keçərək milli yaddaşımızın ən şanlı səhifəsinə çevrilir, xalqın taleyində yeni dövrün başlanğıcını qoyur. 8 Noyabr – Zəfər Günü məhz belə günlərdəndir. Bu tarix yalnız hərbi qələbənin təntənəsi deyil; uzun illər doğma yurd həsrəti ilə yaşayan milyonlarla insanın nisgilinin sevincə çevrildiyi, tarixi ədalətin bərpa olunduğu, milli iradənin və dövlətçilik əzminin bütün dünyaya nümayiş etdirildiyi gündür.
Zəfər Günü Azərbaycan xalqının öz torpaqlarına, tarixinə və milli kimliyinə sahib çıxmaq əzminin, Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəmanlığının və xalqımızın birliyinin ifadəsidir. Bu Qələbə ilə Azərbaycan yalnız ərazi bütövlüyünün bərpası yolunda tarixi nailiyyət əldə etmədi, həm də öz gücünü, siyasi iradəsini və milli həmrəyliyini göstərdi.
Azərbaycanın müstəqillik tarixində ordu quruculuğu, iqtisadi inkişaf və beynəlxalq mövqelərin möhkəmləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl siyasət 2020-ci ildə tarixi Qələbənin əldə olunması üçün mühüm zəmin yaratdı. 2016-cı ilin Aprel döyüşləri və 2020-ci ilin iyulunda Tovuz istiqamətində baş verən hadisələr xalqımızın öz torpaqlarının azadlığı uğrunda mübarizə əzmini və regionda mövcud olan gərginliyi bir daha göstərdi.
2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın müasir tarixində yeni səhifə açdı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu yüksək peşəkarlıq, qəhrəmanlıq və əzmkarlıq göstərərək uzun illər işğal altında qalan torpaqlarımızın böyük hissəsini azad etdi. Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı şəhərləri, Hadrut və Suqovuşan qəsəbələri və digər ərazilərin azad edilməsi müharibənin gedişində mühüm dönüş yaratdı. Hər bir qələbə illərlə Vətən həsrəti ilə yaşayan soydaşlarımızın qəlbində ümid çırağını yenidən alovlandırdı.
Müharibənin hər günü Azərbaycan əsgərinin qəhrəmanlıq salnaməsinə çevrildi. Səngərdə döyüşən əsgərlə arxa cəbhədə onun qələbəsinə inanan xalq arasında yaranan mənəvi birlik Vətən müharibəsinin ən böyük güc mənbələrindən biri oldu. Cəbhədə döyüşən hərbçilərimizin arxasında milyonlarla insanın duası, inamı və dəstəyi dayanırdı. 44 gün ərzində yaşananlar bir daha sübut etdi ki, Vətən sevgisi yalnız sözlə deyil, əməl, iradə və fədakarlıqla ölçülür.
Bu mübarizənin zirvəsi 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi oldu. Qarabağın tacı, Azərbaycan mədəniyyətinin beşiyi, tariximizin və mənəvi yaddaşımızın ayrılmaz parçası olan Şuşanın azadlığı xalqımız üçün yalnız hərbi uğur deyil, həm də milli ruhun və tarixi bağlılığın təntənəsi idi. Şuşa uğrunda döyüşlər Azərbaycan əsgərinin cəsarətini, döyüş məharətini və Vətən sevgisini bütün dünyaya göstərdi. Həmin günün dövlətçilik tariximizdə əbədi yaşadılması məqsədilə Prezidentin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamla noyabrın 8-i Zəfər Günü kimi təsis edildi.
Noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatla hərbi əməliyyatlar dayandırıldı, Ağdam, Kəlbəcər və Laçın rayonlarının Azərbaycana qaytarılması təmin edildi. Dekabrın 10-da Bakıda keçirilən Zəfər paradı isə qazanılmış Qələbənin rəmzinə çevrildi: bu parad xalq-ordu birliyinin və dövlətimizin hərbi qüdrətinin təntənəsi kimi tarixə düşdü.
Bu tarixi hadisələrin mənim üçün ailəvi və mənəvi əhəmiyyəti də var: qardaşım 44 günlük Vətən müharibəsində iştirak edib. Onun Vətən qarşısında hərbi borcunu yerinə yetirməsi ailəmiz üçün böyük qürur mənbəyidir. Mən onun timsalında torpaqlarımızın azadlığı uğrunda mübarizə aparan minlərlə Azərbaycan övladının fədakarlığını və Vətənə sədaqətini görürəm.Bu Qələbənin arxasında şəhidlərimizin müqəddəs qanı, qazilərimizin qəhrəmanlığı və hər bir Azərbaycan əsgərinin fədakarlığı dayanır. Zəfər sevincini yaşadığımız hər an şəhidlərimizin xatirəsini ehtiramla yad etmək, qazilərimizin xidmətlərini qiymətləndirmək mənəvi borcumuzdur.
Zəfərdən sonra azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. “Böyük Qayıdış” proqramı çərçivəsində doğma yurdlarından illərlə ayrı düşmüş insanların öz torpaqlarına qayıtması Qələbənin ən mühüm humanitar nəticələrindən birinə çevrildi. Eyni zamanda işğal dövründə dağıdılmış şəhər və kəndlərin, dini abidələrin, qəbiristanlıqların və digər mədəni irs nümunələrinin sənədləşdirilməsi, qorunması və bərpası tarixi yaddaşımızın yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır.
2023-cü il sentyabrın 19–20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycanın dövlət suverenliyi ölkənin bütün ərazisində bərpa olundu. 2024-cü il sentyabrın 19-da imzalanmış Sərəncamla sentyabrın 20-nin Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi müasir dövlətçilik tariximizin bu mühüm mərhələsini rəsmiləşdirdi.
Bu gün 8 Noyabr – Zəfər Günü xalqımızın milli birliyinin, azadlıq iradəsinin və Vətən sevgisinin rəmzidir. Bu tarix bizə xatırladır ki, torpağa bağlılıq, dövlətə sədaqət və xalqın birliyi ən çətin sınaqlar qarşısında belə böyük gücə çevrilə bilər.
Zəfər tarixini gələcək nəsillərə çatdırmaq, şəhidlərimizin əziz xatirəsini yaşatmaq, qazilərimizin qəhrəmanlığını təbliğ etmək və azad edilmiş torpaqlarımızın tarixi-mədəni irsini qorumaq hər birimizin məsuliyyətidir. Çünki Qələbə yalnız qazanılmır, həm də qorunur, yaşadılır və nəsildən-nəslə ötürülür.
Namiq Muradov
YAP Sabunçu rayon təşkilatının fəal üzvü