PDF Oxu

Siyasət

  • 502

Müstəqil dövlətçiliyimizin hüquqi təməli - ŞƏRH

Müstəqil dövlətçiliyimizin hüquqi təməli - ŞƏRH

Hər bir müstəqil dövlətin mövcudluğunu, hüquqi əsaslarını, idarəçilik prinsiplərini və gələcək inkişaf istiqamətlərini müəyyən edən ən mühüm sənəd onun Konstitusiyasıdır. Konstitusiya dövlətin hüquqi təməlini təşkil etməklə yanaşı, xalqın iradəsini, milli dövlətçilik ənənələrini, azadlıq və ədalət prinsiplərini özündə əks etdirir. Bu baxımdan 12 noyabr – Azərbaycan Respublikasının Konstitusiya Günü ölkəmizin tarixində mühüm əhəmiyyət daşıyan əlamətdar günlərdən biridir. Bu gün Azərbaycan xalqının müstəqil dövlətçilik iradəsinin, hüquqi dövlət quruculuğuna sadiqliyinin və demokratik inkişaf yolunda atdığı mühüm addımların rəmzi kimi qeyd olunur.
Azərbaycan xalqının dövlətçilik tarixi qədim və zəngin ənənələrə malikdir. Müxtəlif tarixi dövrlərdə Azərbaycan torpaqlarında mövcud olmuş dövlətlər öz idarəçilik sistemləri, hüquq normaları və dövlətçilik prinsipləri ilə seçilmişlər. Müasir Azərbaycan dövlətçiliyinin hüquqi əsaslarının formalaşmasında 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması xüsusi yer tutur. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qısa müddət ərzində dövlət quruculuğu, parlamentçilik, hüquq bərabərliyi və vətəndaş azadlıqları sahəsində mühüm qərarlar qəbul etmişdir. Cümhuriyyətin qəbul etdiyi İstiqlal Bəyannaməsi xalqımızın müstəqillik və azadlıq arzularını, dövlətçilik ideallarını özündə əks etdirən tarixi sənəd olmuşdur.
1920-ci ildə Azərbaycanın müstəqilliyinin itirilməsindən sonra ölkəmizin dövlətçilik və hüquq sistemi yeni siyasi şəraitdə formalaşmağa başladı. Sovet hakimiyyəti dövründə Azərbaycan SSR-in müxtəlif illərdə konstitusiyaları qəbul edilmişdir. Lakin həmin konstitusiyalar müstəqil dövlətin hüquqi əsaslarını müəyyən etmək imkanına malik deyildi. Azərbaycan xalqının öz müqəddəratını təyin etmək, müstəqil dövlət qurmaq və milli suverenliyini bərpa etmək arzusu daim yaşamaqda idi. XX əsrin sonlarında Sovet İttifaqında baş verən siyasi proseslər və milli azadlıq hərəkatı Azərbaycanın dövlət müstəqilliyinin bərpasına gətirib çıxardı.
1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında Konstitusiya Aktının qəbul edilməsi ölkəmizin tarixində yeni mərhələnin başlanğıcı oldu. Müstəqilliyin bərpasından sonra qarşıda duran əsas vəzifələrdən biri demokratik, hüquqi və dünyəvi dövlətin qurulması üçün möhkəm hüquqi bazanın yaradılması idi. Yeni ictimai-siyasi münasibətlərin formalaşması, insan hüquq və azadlıqlarının təmin edilməsi, dövlət hakimiyyətinin təşkili və idarəetmə mexanizmlərinin müəyyənləşdirilməsi müstəqil Azərbaycanın yeni Konstitusiyasının qəbulunu zəruri edirdi.
Həmin mürəkkəb və məsuliyyətli tarixi dövrdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışı dövlət quruculuğu prosesində yeni mərhələnin başlanmasına təkan verdi. Ulu Öndər müstəqil Azərbaycanın gələcək inkişafının möhkəm hüquqi əsaslara söykənməsinin vacibliyini xüsusi vurğulayırdı. Onun təşəbbüsü və rəhbərliyi ilə 1995-ci ilin may ayında yeni Konstitusiya layihəsini hazırlayan xüsusi komissiya yaradıldı. Komissiyanın sədri kimi Heydər Əliyev Konstitusiyanın hazırlanması prosesinə bilavasitə rəhbərlik edir, dövlətin gələcək idarəçilik modelinin, hakimiyyət bölgüsünün, insan hüquq və azadlıqlarının hüquqi təminatlarının müəyyənləşdirilməsində mühüm rol oynayırdı. Layihə geniş ictimai müzakirəyə çıxarıldı, hüquqşünasların, alimlərin və ziyalıların təklifləri nəzərə alındı. Beləliklə, müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyasının hazırlanması ümumxalq əhəmiyyəti daşıyan mühüm dövlətçilik prosesinə çevrildi.
1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi. Bu tarixi hadisə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm nəticələrindən biri oldu. Konstitusiya noyabrın 27-də qüvvəyə mindi. Məhz bu tarixi hadisə ilə əlaqədar olaraq 12 noyabr ölkəmizdə Konstitusiya Günü kimi qeyd olunur. Yeni Əsas Qanun müstəqil Azərbaycanın siyasi, iqtisadi, sosial və hüquqi həyatının fundamental prinsiplərini müəyyənləşdirdi, dövlət hakimiyyətinin təşkilinin hüquqi əsaslarını yaratdı və insan hüquqlarının müdafiəsini dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi təsbit etdi.
Heydər Əliyevin dövlətçilik fəaliyyətində Konstitusiyanın hazırlanması və qəbul edilməsi xüsusi yer tutur. Onun rəhbərliyi ilə formalaşdırılan hüquqi dövlət quruculuğu modeli müstəqil Azərbaycanın gələcək inkişafı üçün əsaslı zəmin yaratdı. Ulu Öndər dövlətlə xalq arasında münasibətlərin hüquqi əsaslar üzərində qurulmasını, hakimiyyətin xalqın iradəsinə söykənməsini, qanunun aliliyinin təmin olunmasını mühüm prinsip hesab edirdi. Onun rəhbərliyi dövründə qəbul edilmiş Konstitusiya müstəqil dövlətimizin hüquqi dayağına çevrildi. Bu gün də həmin sənəd Azərbaycanın dövlətçilik sisteminin əsasını təşkil edir və hüquqi münasibətlərin tənzimlənməsində mühüm rol oynayır.
Azərbaycan Respublikasının Konstitusiyasının preambulasında xalqımızın dövlət müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, demokratik quruluşa təminat vermək, vətəndaş cəmiyyətini yaratmaq, hüquqi və dünyəvi dövlət qurmaq kimi ali niyyətləri ifadə olunmuşdur. Konstitusiyanın ən mühüm xüsusiyyətlərindən biri insan və vətəndaş hüquq və azadlıqlarına xüsusi yer ayırmasıdır. Hər bir vətəndaşın yaşamaq, təhsil almaq, əmək fəaliyyəti ilə məşğul olmaq, mülkiyyətə sahib olmaq, fikir və söz azadlığından istifadə etmək, sərbəst toplaşmaq və digər hüquqları vardır. Bu hüquqların təmin olunması dövlətin əsas vəzifələrindən biridir.
Azərbaycan dövlətçiliyinin inkişafının növbəti mərhələsi Prezident İlham Əliyevin rəhbərliyi dövrü ilə bağlıdır. Bu mərhələdə Konstitusiyanın müddəalarının təkmilləşdirilməsi, dövlət idarəçiliyinin müasir tələblərə uyğunlaşdırılması, hüquqi və institusional islahatların həyata keçirilməsi istiqamətində mühüm addımlar atılmışdır. 2002 və 2009-cu illərdə Konstitusiyaya edilmiş dəyişikliklərdən sonra 2016-cı il sentyabrın 26-da Prezident İlham Əliyevin təşəbbüsü ilə növbəti ümumxalq referendumu keçirilmişdir. Həmin referendum nəticəsində Konstitusiyanın bir sıra maddələrinə əlavə və dəyişikliklər edilmiş, insan hüquq və azadlıqlarının müdafiəsi, dövlət idarəçiliyinin səmərəliliyi, təhlükəsizlik və digər mühüm sahələrlə bağlı hüquqi müddəalar təkmilləşdirilmişdir. Bu proses Konstitusiyanın dəyişən ictimai münasibətlərə və dövlətin inkişaf mərhələsinə uyğunlaşdırılması baxımından əhəmiyyət daşımışdır.
Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan dövlətinin qarşısında duran ən mühüm strateji məqsədlərdən biri ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası olmuşdur. Uzun illər işğal altında qalmış torpaqlarımızın azad edilməsi, həmin ərazilərdə Azərbaycan Respublikasının konstitusiya quruluşunun və qanunlarının tam tətbiq olunması dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilmişdir. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının milli birliyini, ordumuzun gücünü və dövlətimizin qətiyyətini nümayiş etdirdi. Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə Azərbaycan Ordusu 44 günlük müharibədə tarixi Zəfər qazandı. Nəticədə torpaqlarımızın böyük hissəsi işğaldan azad edildi, ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində həlledici mərhələ başlandı.
2023-cü il sentyabrın 19–20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən sonra Azərbaycanın bütün ərazilərində dövlət suverenliyi və konstitusiya quruluşu bərpa olundu. Bununla da Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi ölkənin bütün ərazisində təmin edildi. Bu hadisə müasir Azərbaycan tarixinin mühüm mərhələlərindən biri kimi yadda qaldı. Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli sərəncamı ilə sentyabrın 20-sinin Dövlət Suverenliyi Günü elan edilməsi də bu tarixi reallığın dövlət səviyyəsində qeyd olunmasının ifadəsidir.
2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi də xüsusi əhəmiyyət daşıyırdı. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə bu qərarın qəbul edilməsi Konstitusiyanın 30 illiyinin və Vətən müharibəsində qazanılmış tarixi Zəfərin beşinci ildönümünün dövlətçilik baxımından əhəmiyyətini bir daha ön plana çıxardı. Bu təşəbbüs Konstitusiyanın mahiyyətinin, suverenliyin əhəmiyyətinin, dövlət müstəqilliyinin və hüquqi dövlət quruculuğunun cəmiyyətdə daha geniş təbliğinə xidmət etdi.
Azərbaycan Respublikasının Konstitusiyası dövlət hakimiyyətinin təşkili və bölünməsi prinsipini də müəyyən edir. Ölkəmizdə dövlət hakimiyyəti qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinə bölünür. Milli Məclis qanunvericilik hakimiyyətini həyata keçirir, Prezident icra hakimiyyətinin başçısıdır, məhkəmələr isə ədalət mühakiməsini həyata keçirirlər. Bu bölgü dövlət idarəçiliyində səlahiyyətlərin müəyyənləşdirilməsinə, hakimiyyət qollarının fəaliyyətinin hüquqi çərçivədə həyata keçirilməsinə və qanunun aliliyinin qorunmasına xidmət edir.
Konstitusiya dövlətimizin milli, mənəvi və mədəni dəyərlərinin qorunmasına da hüquqi təminat yaradır. Azərbaycan dili dövlət dili kimi təsbit olunmuş, milli mədəniyyətin, tarixi irsin və mənəvi dəyərlərin qorunması dövlətin əsas vəzifələri sırasında müəyyən edilmişdir. Ölkəmizdə müxtəlif xalqların və dini konfessiyaların nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində yaşaması multikulturalizm və tolerantlıq ənənələrinin inkişafına mühüm töhfə verir. Bu dəyərlər Azərbaycan cəmiyyətinin zənginliyini və birlik ruhunu nümayiş etdirir.
Konstitusiyanın əhəmiyyəti yalnız dövlət orqanlarının fəaliyyətini tənzimləməklə məhdudlaşmır. O, həm də cəmiyyətin sosial-iqtisadi inkişafının, təhsil, elm, mədəniyyət və səhiyyə sahələrinin hüquqi əsaslarını müəyyən edir. Təhsil hüququnun Konstitusiyada təsbit olunması dövlətimizin gələcək nəsillərin savadlı, bilikli və vətənpərvər yetişməsinə verdiyi əhəmiyyətin göstəricisidir. Hər bir uşağın təhsil almaq imkanının təmin edilməsi, məktəblərin inkişafı, müəllim əməyinə hörmət və təhsilin keyfiyyətinin yüksəldilməsi dövlət siyasətinin mühüm istiqamətlərindəndir.
Məktəb yalnız bilik və bacarıqların formalaşdırıldığı məkan deyil, həm də hüquqi vətəndaşlıq düşüncəsinin, milli-mənəvi dəyərlərin və vətənpərvərlik hisslərinin aşılandığı mühüm ictimai institutdur. Şagirdlərə Konstitusiyanın mahiyyətinin, hüquq və vəzifələrin izah edilməsi onların gələcəkdə məsuliyyətli vətəndaş kimi formalaşmasına xidmət edir. Gənc nəslin qanunlara hörmət ruhunda tərbiyə olunması, hüquqi biliklərinin artırılması və dövlətçilik ənənələrinə bağlılığının gücləndirilməsi hər bir təhsil müəssisəsinin qarşısında duran mühüm vəzifələrdəndir. Bu baxımdan Konstitusiya Günü məktəblərdə maarifləndirici tədbirlərin, dəyirmi masaların, açıq dərslərin və müxtəlif vətənpərvərlik tədbirlərinin keçirilməsi üçün əhəmiyyətli fürsətdir.
Konstitusiyaya hörmət hər bir vətəndaşın dövlətə və cəmiyyətə münasibətinin mühüm göstəricisidir. Hər bir azərbaycanlı öz hüquqlarını bilməli, üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməli, qanunlara hörmətlə yanaşmalıdır. Hüquqi dövlətin gücü yalnız qanunların mövcudluğu ilə deyil, həm də cəmiyyət üzvlərinin həmin qanunlara əməl etməsi ilə ölçülür. Qanunun aliliyinin təmin olunduğu, insan hüquqlarına hörmət edildiyi və vətəndaş məsuliyyətinin yüksək olduğu cəmiyyətlər daha sürətlə inkişaf edir.
12 noyabr – Konstitusiya Günü müstəqilliyimizin hüquqi əsaslarını, dövlətçiliyimizin keçdiyi tarixi yolu və gələcək nəsillər qarşısında məsuliyyətimizi xatırladan əlamətdar gündür. Bu gün biz müstəqil Azərbaycan dövlətinin hüquqi təməllərinin yaradılmasında müstəsna xidmətləri olan ümummilli lider Heydər Əliyevin tarixi rolunu ehtiramla yad edir, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dövlət suverenliyinin və konstitusiya quruluşunun bütün ərazilərimizdə bərpa olunmasının əhəmiyyətini bir daha dərk edirik. Heydər Əliyevin əsasını qoyduğu müstəqil dövlətçilik və hüquqi dövlət quruculuğu ənənələrinin sonrakı mərhələdə davam etdirilməsi Azərbaycanın müasir tarixinin mühüm xüsusiyyətlərindəndir. Qoy Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş ali prinsiplər dövlətimizin inkişafına, xalqımızın rifahına və gələcək nəsillərin xoşbəxt həyatına daim xidmət etsin. Müstəqilliyimiz əbədi, dövlətçiliyimiz sarsılmaz, suverenliyimiz daim olsun!

Vəli Sərxanlı

YAP Culfa rayon təşkilatının fəalı

Digər xəbərlər