Prezident İlham Əliyevin imzaladığı 2020-ci il 3 dekabr tarixli Sərəncama əsasən, Azərbaycan xalqının tarixində son dərəcə mühüm və müstəsna yeri olan misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə noyabrın 8-i ölkəmizdə Zəfər Günü kimi qeyd edilir.
Ermənistanın ekstremist qüvvələrinin 1988-ci ildə Qarabağ və Zəngəzurda başlatdığı qanlı qarşıdurmalar və Azərbaycana qarşı düşmənçilik və təcavüzkar siyasəti 1991-ci ildən genişlənərək torpaqlarımızın 20 faizinin işğalı ilə nəticələndi. Erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının doğma yurdlarından didərgin salınması, kəndlərin və şəhərlərin, müqəddəs yerlərin dağılması ilə nəticələndi, eyni zamanda ölkəmizin iqtisadiyyatına və mədəni-tarixi irsinə milyardlarla dollar dəyərində maddi ziyan vurdu.
İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsini ali məqsədi hesab edən Ulu Öndər Heydər Əliyev həyatını bu prinsipial məsələyə həsr etdi. Bu müddət ərzində Azərbaycan özünün müasir iqtisadi sistemini və azad bazar münasibətlərini quraraq inkişaf potensialını formalaşdırdı, dünya dövlətləri ilə sıx inteqrasiya şəraitində investisiyalar cəlb etdi, ölkəmizin təşəbbüsü ilə icra edilən nəhəng transmilli layihələr regionda tamamilə yeni mənzərə yaratdı. Azərbaycan regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib edərək beynəlxalq nüfuzunu gücləndirdi, Ermənistan isə regional layihələrdən təcrid olundu.
Əldə edilən iqtisadi gəlirlər və maliyyə təminatları əsas prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilən nümunəvi ordu quruculuğuna yönəldildi. Bu məqsədyönlü dövlət siyasəti Prezident İlham Əliyevin fəaliyyətində də başlıca strateji kurs kimi daim diqqətdə saxlanıldı, güclü iqtisadiyyatın güclü ordu quruculuğuna transformasiyası ardıcıllıqla davam etdirildi. Azərbaycan Ordusunun döyüş qabiliyyəti möhkəmləndi, müasir silah-sursat, texnika ilə təchiz edildi. Eyni zamanda Azərbaycanda hərbi sənaye kompleksinin yaradılması sayəsində ölkəmizin hərbi qüdrəti daha da artdı.
Azərbaycanın beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığı tərəfdaş ölkələrin sayının artmasına səbəb oldu, uğurlu xarici siyasət BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, NATO, Türk Dövlətləri Təşkilatı və digər təşkilatların milli maraqlarımıza uyğun qətnamələrin qəbul edilməsini təmin etdi. Eləcə də, Avropa İttifaqı ilə paraflanmış sənəddə sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərilirdi.
Xarici siyasətdə əldə edilmiş sarsılmaz nailiyyətlərə baxmayaraq, münaqişənin nizamlanması üçün təsis olunmuş ATƏT-in Minsk qrupu fəaliyyətinin 28 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışaraq işğalın daimiliyinə rəvac verdi, BMT TŞ-nin 1993-cü ildə qəbul etdiyi dörd qətnamə kağız üzərində qaldı. Azərbaycan uzun illər ərzində üzləşdiyi ədalətsizliklərə və beynəlxalq haqsızlıqlara rəğmən, öz sülhpərvər siyasətinə sadiq qalaraq səbirli davrandı.
Lakin xalqımızın səbir kasası 2020-ci il sentyabrın 27-də daşdı. Ali Baş Komandan cənab İlham Əliyev Ermənistanın siyasi-hərbi rəhbərliyinin yeni ərazi iddialarına və başlatdığı cəbhəboyu silahlı hücumlara cavab olaraq əks-hücum əməliyyatına başlamaq əmrini verdi. Azərbaycan Silahlı Qüvvələri öz sarsılmaz gücünü tarixə 44 günlük Vətən müharibəsi adı ilə düşən ölüm-qalım savaşında, döyüş meydanında sübut etdi, “Dəmir yumruq” əməliyyatı ilə düşmən ordusuna və terrorçu rejimə ölümcül zərbə vurdu.
Noyabrın 8-də 28 illik həsrətdən sonra Şuşa şəhəri, noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələri qarşısında diz çökən Ermənistanın siyasi rəhbəri kapitulyasiya sənədini imzalamağa məcbur edildi, Ağdam, Kəlbəcər və Laçın rayonları geri alındı, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.
Ön cəbhədə qazanılan Zəfərlə yanaşı, diplomatik meydanda da Azərbaycan qələbə salnaməsini yazdı. Prezident İlham Əliyevin dünyanın ən böyük media qurumlarına verdiyi 30-dan çox müsahibə münaqişə ilə bağlı əsl həqiqətləri beynəlxalq ictimaiyyətə təqdim etdi, dünya birliyində uzun illər formalaşmış erməni mifi darmadağın oldu. Müsahibələrin hər biri XXI əsr diplomatiyasına yeni üslub, yeni model və nitq strategiyası kimi yazıldı. Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq Meydanında Zəfər paradı keçirildi.
İkinci Qarabağ müharibəsində Azərbaycanın milli birlik və siyasi həmrəyliyi də qələbənin qazanılmasında mühüm faktorlarından birinə çevrildi. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, habelə Azərbaycanın haqq işinə dəstək verən digər xalqların nümayəndələri erməni lobbisinin çirkin kampaniyalarına qarşı fədakarlıqla mübarizə apardı.
2023-cü il aprelin 23-də “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması Şuşa Zəfərindən sonra əldə edilmiş ən böyük və əhəmiyyətli hərbi-siyasi uğur kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.
Üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, azad edilmiş ərazilərə qayıdan əhalini dinc yaşayışının və bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması, habelə Konstitusiya quruluşumuzun bərpa edilməsi məqsədilə 2023-cü il sentyabrın 19-da Silahlı Qüvvələrimiz tərəfindən keçirilən lokal xarakterli antiterror əməliyyatı nəticəsində Azərbaycan suverenliyini tam bərpa etdi. 2023-cü il oktyabrın 15-də Prezident İlham Əliyev Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağını ucaltdı və dövlətimizin ali zəfər missiyası tamamlandı.
Zəfər tarixinin rəmziləşdirilməsi məqsədilə dövlət başçısının müvafiq Sərəncamı ilə Zəfər Günü təsis edilib, Hərbi Qənimətlər parkı yaradılıb. Zəfərin təbliği, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Zəfər memorial kompleksi və Zəfər muzeyi qurulub.
Prezident İlham Əliyevin təşəbbüsü əsasında Milli Məclisi tərəfindən 2021-ci ilin noyabrında Zəfər Günü münasibətilə amnistiya aktı elan edilib və akt 17 min 267 şəxsə şamil olunub.
Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamına əsasən, hər il sentyabrın 20-si Dövlət Suverenliyi Günü kimi qeyd edilir.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, nəqliyyat-kommunikasiya xətlərinin bərpası, Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülüb. Proqram çərçivəsində 2020-ci ildən bəri 2026-cı il də daxil olmaqla azad ərazilərin yenidən qurulması və bərpası üçün dövlət büdcəsindən 28 milyard manat vəsait ayrılıb, 2027-ci ildə bu məqsədə 3,4 milyard manat vəsait nəzərdə tutulur.
2026-cı il oktyabrın 23-ə qədər bərpa olunmuş 48 yaşayış məntəqəsinə 40922 nəfərdən ibarət 10114 ailənin qayıdışı təmin edilib. Bu ərazilərdə hazırda 96 min insan yaşayır, çalışır və təhsil alır.
Dövlət başçısının tapşırıqları əsasında şəhid ailə üzvləri və müharibə iştirakçıları ilə bağlı həyata keçirilən sosial dəstək paketi çərçivəsində 2026-cı ilin oktyabr ayına qədər şəhid ailələri və müharibə iştirakçılarından ibarət 132 min şəxsə 443 min xidmət göstərilib, o cümlədən onlara 7354 mənzil və 586 avtomobil verilib. 106 min şəxsə 120 min aylıq sosial ödəniş təyin edilib. 30,9 min şəxsin məşğulluğu təmin edilib, 25,9 min şəxsə birdəfəlik ödəniş verilib.
Beləliklə, Zəfər Günü həm şəhidlərin əziz xatirəsinə ehtiram, həm də Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması yolunda atılan addımların davamlılığı kimi dövlətin və xalqın ortaq məqsədini əks etdirir.
Ramid Namazov
Milli Məclisin deputatı