PDF Oxu

Siyasət

  • 1 208

"COP29-da qazanılan təcrübə Azərbaycanın beynəlxalq iqlim əlaqələrinə töhfə verir" - ŞƏRH EDİLDİ

"COP29-da qazanılan təcrübə Azərbaycanın beynəlxalq iqlim əlaqələrinə töhfə verir" - ŞƏRH EDİLDİ

"Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Türkiyənin Antalya şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransının Liderlər Sammitində iştirakı ölkəmizin qlobal iqlim gündəliyi ilə bağlı proseslərdə fəal iştirakının davamı kimi qiymətləndirilə bilər".Bu sözləri SİA -ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.Onun sözlərinə görə, Azərbaycanın COP31-də iştirakı, ilk növbədə, 2024-cü ildə Bakıda keçirilmiş COP29-un yaratdığı siyasi və diplomatik təcrübə kontekstində xüsusi əhəmiyyət daşıyır. Hər kəs razılaşar ki, COP29-un ölkəmizdə təşkili Azərbaycanı yalnız iqlim dəyişmələri ilə bağlı beynəlxalq müzakirələrə ev sahibliyi edən dövlət kimi deyil, həm də inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında dialoqun təşviq olunduğu mühüm platformanın təşkilatçısı kimi ön plana çıxarmışdı. Həmin tədbirdə əldə edilmiş nəticələr, xüsusilə iqlim maliyyələşdirilməsi ilə bağlı razılaşmalar qlobal iqlim siyasətində maliyyə resurslarının səfərbər edilməsinin vacibliyini bir daha gündəmə gətirmişdi:"Bu baxımdan Prezident İlham Əliyevin Antalya sammitində iştirakı Azərbaycanın əvvəlki COP sədrliyi dövründə formalaşmış beynəlxalq əlaqələrinin və iqlim diplomatiyası təcrübəsinin davam etdirilməsi baxımından əhəmiyyətlidir. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışında Azərbaycan və Braziliyanın əvvəlki COP sədrlikləri zamanı qazandıqları təcrübəyə görə təşəkkürünü bildirməsi də bu təcrübənin beynəlxalq səviyyədə nəzərə alındığını göstərir.Məlum olduğu kimi COP31-in gündəliyində əsas müzakirə istiqamətlərindən biri iqlim öhdəliklərinin real nəticələrə çevrilməsi, emissiyaların azaldılması, bərpaolunan enerji mənbələrinin genişləndirilməsi və inkişaf etməkdə olan ölkələrə maliyyə dəstəyinin artırılmasıdır. Sammitdə çıxış edən dünya liderlərinin mövqeləri göstərir ki, iqlim dəyişmələri artıq təkcə ekoloji problem deyil, həm də iqtisadi təhlükəsizlik, enerji siyasəti, ərzaq təminatı və beynəlxalq münasibətlər sisteminə birbaşa təsir edən strateji məsələdir. Xüsusilə inkişaf etməkdə olan ölkələrin iqlim maliyyələşdirilməsi ilə bağlı gözləntiləri ilə inkişaf etmiş dövlətlərin öhdəlikləri arasında mövcud fərqlər qlobal razılaşmaların əldə edilməsini çətinləşdirən amillər sırasındadır.Azərbaycan üçün bu proseslərin digər mühüm tərəfi enerji keçidinin milli iqtisadi maraqlarla uzlaşdırılmasıdır. Ölkəmiz ənənəvi enerji resursları ilə yanaşı, günəş və külək enerjisi potensialının reallaşdırılmasına, yaşıl enerji istehsalının artırılmasına və elektrik enerjisinin beynəlxalq bazarlara ixracı imkanlarının genişləndirilməsinə diqqət yetirir. Xüsusilə Xəzər dənizinin külək enerjisi potensialı, Qara dənizin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsi və Avropa ilə enerji əməkdaşlığı Azərbaycanın gələcək enerji strategiyasında mühüm yer tutur. Bu baxımdan iqlim diplomatiyası ölkəmiz üçün həm ekoloji məsuliyyət, həm də yeni iqtisadi və texnoloji imkanlar platformasıdır.Digər tərəfdən, COP31-də iştirak Azərbaycanın Türkiyə ilə strateji tərəfdaşlığının beynəlxalq müstəvidə də davam etdiyini nümayiş etdirir. İki ölkənin regional və qlobal məsələlərdə əməkdaşlığı, xüsusilə enerji təhlükəsizliyi və dayanıqlı inkişaf sahələrində ortaq maraqları beynəlxalq platformalarda qarşılıqlı fəaliyyət üçün əlavə imkanlar yaradır.Beləliklə, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın COP31 Liderlər Sammitində iştirakı Azərbaycanın qlobal iqlim gündəliyindəki iştirakının davamlı xarakter daşıdığını göstərir. Azərbaycanın bu proseslərdə iştirakı ölkəmizin həm milli inkişaf prioritetlərinin, həm də beynəlxalq iqlim əməkdaşlığına verdiyi töhfənin uzlaşdırılması baxımından əhəmiyyət daşıyır".

Müəllif: Günel Fərzəliyeva

Digər xəbərlər