"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Şuşaya səfəri, Prezident İlham Əliyevlə görüşü və burada verdiyi birlik mesajları həm regional, həm də beynəlxalq baxımdan xüsusi siyasi əhəmiyyət daşıyır".Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.Onun sözlərinə görə, Azərbaycan və Türkiyə uzun illərdir ki, regionda müttəfiqlik münasibətlərinə əsaslanan koordinasiyalı siyasət həyata keçirirlər. Hər iki ölkə Cənubi Qafqazda yeni siyasi-iqtisadi nizamın formalaşmasında, Türk dünyasının inkişafında və inteqrasiyasının gücləndirilməsində birgə fəaliyyət göstərir:"Bu baxımdan, Azərbaycan-Türkiyə qardaşlığı yalnız ikitərəfli münasibətlərlə məhdudlaşmır, həm də daha geniş geosiyasi və geoiqtisadi proseslərə mühüm töhfə verir. Xüsusilə, Türk Dövlətləri Təşkilatının güclənməsi və türk dövlətləri arasında əməkdaşlığın dərinləşməsi bu birliyin strateji əhəmiyyətini daha da artırır.Hesab edirəm ki, cənab Ərdoğanın Şuşaya səfəri və Prezident İlham Əliyevlə birlik nümayiş etdirməsi Azərbaycan-Türkiyə münasibətlərini zəiflətməyə çalışan bəzi siyasi dairələrə və mərkəzlərə də mühüm mesaj oldu. Bu mesaj bir daha göstərdi ki, Azərbaycan və Türkiyə arasındakı münasibətlər sarsılmaz qardaşlıq və strateji müttəfiqlik üzərində qurulub.Bu iki dövlət Cənubi Qafqazda yeni geosiyasi nizamın formalaşmasında aparıcı rol oynayır. Eyni zamanda, Mərkəzi Asiyada yeni siyasi-iqtisadi əməkdaşlıq platformasının inkişafında da Azərbaycan və Türkiyə mühüm təşəbbüskarlar və fəal tərəfdaşlar kimi çıxış edirlər.Ona görə də hesab edirəm ki, Azərbaycan-Türkiyə birliyi qarşıdakı dövrdə daha da möhkəmlənəcək və yeni dünya siyasi nizamının formalaşdığı bir şəraitdə regional sabitliyin, təhlükəsizliyin və Türk dünyasının inteqrasiyasının əsas dayaqlarından biri kimi öz rolunu davam etdirəcək".
Müəllif: Günel Fərzəliyeva