“2027-ci ilin dövlət büdcəsini qələbə büdcəsi adlandıra bilərik".SİA xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.Deputat bildirib ki, Azərbaycan tarixinin şanlı və qürurlu günlərini yaşayır. Onun sözlərinə görə, dünyada çoxsaylı münaqişə ocaqlarının mövcud olduğu bir vaxtda Azərbaycan torpaqlarını tam azad edərək münaqişəyə son qoyan yeganə ölkədir.Ceyhun Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin prinsipial və qətiyyətli siyasəti nəticəsində Azərbaycan bu gün dünyada orta gücə çevrilib: “Azərbaycan bütün bu tarixi nailiyyətlərə qısa müddətdə nail olub. Eyni zamanda böyük qürur hissi ilə qeyd etməliyik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə azad olunmuş ərazilərdə geniş quruculuq və abadlıq işləri həyata keçirilir. Azərbaycan yalnız torpaqlarını azad etməyib, qısa müddətdə ermənilərin viran qoyduğu bu əraziləri yenidən dirçəldib. Beləliklə, bu büdcəni də qələbə büdcəsi adlandıra bilərik”.Deputatın sözlərinə görə, 2027-ci ilin dövlət büdcəsində bir sıra sahələrə əlavə vəsaitlərin ayrılması nəzərdə tutulur. Bu sahələrdən biri də elm və təhsildir. O bildirib ki, bu, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın təhsilə xüsusi diqqət və qayğısının göstəricisidir.Ceyhun Məmmədov çıxışı zamanı bir sıra təkliflərini də səsləndirib. O, məktəb və bağçaların yalnız təhsil müəssisəsi deyil, həm də ideoloji mərkəz kimi fəaliyyət göstərməsinin vacibliyini vurğulayıb. Deputat məcburi köçkün məktəblərinin fəaliyyətinin optimallaşdırılması prosesində məskunlaşma məsələsinin nəzərə alınmasını, bu istiqamətdə daha həssas yanaşmanın təmin edilməsini xahiş edib.Sertifikasiya prosesinə toxunan deputat müəllimlərin əməkhaqqı artımı ilə bağlı mövcud 10 və 35 faiz nisbətinə yenidən baxılmasını, artımın 10, 25 və 35 faiz olmaqla üç pillə üzrə müəyyənləşdirilməsini təklif edib. O, həmçinin sertifikasiyadan keçməyən müəllimlərin əməkhaqlarının da müəyyən qədər artırılmasının vacibliyini qeyd edib.Deputat ali təhsil müəssisələrində və Milli Elmlər Akademiyasında çalışan alimlərin əməkhaqlarının artırılması məsələsinə baxılmasını, bu mümkün olmadığı halda isə elmi dərəcələrə görə ödənilən məbləğin yüksəldilməsini təklif edib.Ceyhun Məmmədov işğaldan azad olunmuş ərazilərdə aqrar sahənin inkişafı və əhalinin pay torpaqları ilə təmin olunması üçün əlavə dəstək tədbirlərinə ehtiyac olduğunu bildirib.O, klub və kitabxanaların da ideoloji iş baxımından əhəmiyyətini vurğulayaraq, bu müəssisələrin bağlanılması və işçilərin ixtisarı məsələlərinə həssas yanaşılmasını xahiş edib.Deputat Cəbrayıl rayonunun Şükürbəyli kəndində inşa edilmiş orta və musiqi məktəblərinin fəaliyyətinin hələ də tam təmin olunmadığını diqqətə çatdırıb və məsələnin xüsusi nəzarətdə saxlanılmasını istəyib.Çıxışında gənclərlə ideoloji işin gücləndirilməsinin vacibliyini də qeyd edən Ceyhun Məmmədov gənclər təşkilatlarının, gənclər mərkəzlərinin və olimpiya mərkəzlərinin fəaliyyətinə əlavə dəstək mexanizmlərinin hazırlanmasını təklif edib.O, din xadimlərinə göstərilən maddi dəstəyin imkan daxilində artırılmasının, eləcə də işğaldan azad olunmuş ərazilərdən kənarda yerləşən tarixi-dini abidələrin mərhələli şəkildə təmiri üçün dövlət büdcəsindən vəsait ayrılmasının vacibliyini vurğulayıb.
Müəllif: Günel Fərzəliyeva