Azərbaycan müstəqillik qazandıqdan sonra dünyanın bir çox dövlətləri ilə dostluq və əməkdaşlıq münasibətləri qurub. Bu ölkələr arasında Böyük Britaniya da xüsusi yer tutur. Azərbaycanla Böyük Britaniya arasında əlaqələr uzun illərdir davam edir və zaman keçdikcə daha da inkişaf edir. Hər iki ölkə qarşılıqlı hörmət və maraqlar əsasında münasibətlərini genişləndirməyə çalışır. Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq münasibətlərinin inkişafı ölkəmiz üçün mühüm əhəmiyyət daşıyır. Çünki bu cür əlaqələr Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə, iqtisadi imkanlarının artmasına və müxtəlif sahələrdə yeni əməkdaşlıqların yaranmasına kömək edir. İki ölkə arasında imzalanan birgə sənədlər də gələcək münasibətlərin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanlar yaradır. Böyük Britaniya Azərbaycanın mühüm iqtisadi tərəfdaşlarından biridir. Xüsusilə enerji sahəsində iki ölkə arasında uzun illərdir uğurlu əməkdaşlıq mövcuddur. Britaniya şirkətləri Azərbaycanın neft və qaz sektorunda fəaliyyət göstərərək ölkəmizin iqtisadi inkişafına töhfə verirlər. Bu əməkdaşlıq həm Azərbaycanın iqtisadi imkanlarını artırır, həm də ölkəmizin dünya enerji bazarında tanınmasına kömək edir. Bu gün əməkdaşlığın yalnız enerji sahəsi ilə məhdudlaşmaması vacibdir. Ticarət, nəqliyyat, kənd təsərrüfatı, turizm, təhsil və texnologiya sahələrində də əlaqələrin genişləndirilməsi üçün böyük imkanlar var. Azərbaycan öz iqtisadiyyatını inkişaf etdirmək, yeni iş yerləri açmaq və xarici investisiyaları cəlb etmək istiqamətində mühüm addımlar atır. Böyük Britaniya ilə əməkdaşlıq bu məqsədlərə çatmaqda ölkəmizə əlavə imkanlar yarada bilər. İki ölkə arasında münasibətlərin mühüm istiqamətlərindən biri də müdafiə və təhlükəsizlik sahəsidir. Müasir dövrdə hər bir dövlət üçün təhlükəsizliyin qorunması böyük əhəmiyyət daşıyır. Dünyada baş verən hadisələr göstərir ki, ölkələr arasında bu sahədə əməkdaşlıq getdikcə daha vacib olur. Azərbaycan və Böyük Britaniya arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi qarşılıqlı təcrübə mübadiləsinə, peşəkar hazırlığın inkişafına və təhlükəsizlik imkanlarının artırılmasına xidmət edə bilər. Azərbaycan hər zaman regionda sülhün və sabitliyin tərəfdarı olub. Ölkəmiz bütün dövlətlərlə mehriban münasibətlər qurmağa, problemlərin danışıqlar yolu ilə həll edilməsinə üstünlük verir. Azərbaycanın əsas məqsədi müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq, xalqımızın təhlükəsiz və rahat şəraitdə yaşamasını təmin etməkdir. Böyük Britaniya ilə münasibətlərin inkişafı da bu istiqamətdə ölkəmizin beynəlxalq əlaqələrinin genişlənməsi baxımından əhəmiyyətlidir.
Ölkəmizin Böyük Britaniya ilə tərəfdaşlığın digər vacib sahəsi təhsildir. Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil alması, yeni biliklər qazanması və müasir peşələrə yiyələnməsi gələcəyimiz üçün çox vacibdir. Böyük Britaniya təhsil sahəsində böyük təcrübəyə malik ölkələrdən biridir. Bu ölkənin universitetləri ilə Azərbaycan ali məktəbləri arasında əlaqələrin genişlənməsi tələbələr və müəllimlər üçün yeni imkanlar yarada bilər. Gənclərimizin əldə etdiyi bilik və təcrübə gələcəkdə ölkəmizin inkişafına xidmət edəcək. Bununla yanaşı, elm və texnologiya sahəsində əməkdaşlıq da xüsusi əhəmiyyət daşıyır. Bu gün dünya sürətlə dəyişir. Yeni texnologiyalar insanların həyatını asanlaşdırır, iqtisadiyyatın inkişafına kömək edir. Azərbaycan da müasir yeniliklərdən istifadə etməklə müxtəlif sahələrdə inkişaf etməyə çalışır. Böyük Britaniya ilə bu sahədə təcrübə mübadiləsi ölkəmiz üçün faydalı ola bilər. Hesab edirəm ki, Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq iki ölkənin gələcək münasibətləri üçün mühüm addımdır. Bu əməkdaşlıq ölkələr arasında dostluğun daha da möhkəmlənməsinə, iqtisadi əlaqələrin genişlənməsinə və yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq. Ən əsası, tərəflər arasında qarşılıqlı etimadın artmasına kömək edəcək.
Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət Azərbaycanın beynəlxalq münasibətlərdə etibarlı tərəfdaş kimi tanınmasına imkan yaradıb. Ölkəmiz heç bir dövlətlə münasibətlərini təsadüfi qurmur. Azərbaycan hər zaman öz milli maraqlarını əsas götürür, qarşılıqlı fayda verən əməkdaşlığa üstünlük verir. Bu gün dünyanın müxtəlif ölkələri Azərbaycanla əməkdaşlıq etməkdə maraqlıdır. Bu da dövlətimizin artan nüfuzunun göstəricisidir. Nəticə olaraq qeyd etmək istəyirəm ki, Azərbaycanla Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq münasibətləri hər iki ölkə üçün faydalıdır. Bu əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə inanırıq. İqtisadiyyat, enerji, müdafiə və təhlükəsizlik, təhsil və digər sahələrdə əməkdaşlığın genişlənməsi yeni uğurların əldə olunmasına şərait yaradacaq. Güclü tərəfdaşlıq, qarşılıqlı hörmət və etimad əsasında qurulan münasibətlər həm ölkələrimizin, həm də xalqlarımızın maraqlarına xidmət edir.
Ramin Abbasov,
YAP Göygöl rayon təşkilatı üzrə Respublika Süni Mayalanma Mərkəzi ərazi partiya təşkilatının sədri