Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsi, dünyanın aparıcı dövlətləri ilə qarşılıqlı etimada və milli maraqlara əsaslanan əlaqələrin inkişaf etdirilməsi Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin əsas istiqamətlərindəndir. Bu siyasət nəticəsində ölkəmiz beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınır, müxtəlif regionları təmsil edən dövlətlərlə siyasi, iqtisadi və strateji əməkdaşlığını genişləndirir. Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında münasibətlərin inkişafı da bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
2026-cı il noyabrın 12-də Dublin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhem tərəfindən “Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin imzalanması ikitərəfli münasibətlərdə mühüm hadisədir. Bu sənəd iki ölkə arasında mövcud əlaqələrin daha yüksək səviyyəyə çatdırılmasını, əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsini və gələcək tərəfdaşlığın prioritetlərini müəyyənləşdirir.
Azərbaycan-Böyük Britaniya münasibətlərinin möhkəm tarixi əsasları vardır. Ötən illər ərzində siyasi dialoq, iqtisadi əlaqələr, enerji təhlükəsizliyi və qarşılıqlı investisiyalar sahəsində mühüm nəticələr əldə olunub. Xüsusilə enerji sahəsində formalaşmış uzunmüddətli əməkdaşlıq iki ölkəni bir-birinə daha da yaxınlaşdırıb. Prezident İlham Əliyev də görüş zamanı bu əlaqələrin əhəmiyyətini vurğulayaraq Böyük Britaniyanın Azərbaycanın Avropadakı ən böyük investor olduğunu qeyd edib. Bu fakt ölkəmizə göstərilən beynəlxalq etimadın və Azərbaycan iqtisadiyyatının investisiya baxımından cəlbediciliyinin göstəricisidir.
Birgə Bəyannamədə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Sənəddə regional sabitliyin dəstəklənməsi, təhlükəsizlik sahəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsi, müdafiə sənayesi, sərhəd idarəçiliyi və hüquq-mühafizə sahələrində əməkdaşlıq imkanlarının inkişaf etdirilməsi nəzərdə tutulur. Bu yanaşma müasir dövrdə təhlükəsizlik çağırışlarının artdığı bir şəraitdə iki ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edir.
Sənədin mühüm istiqamətlərindən biri də ticarət, investisiya və iqtisadi əməkdaşlığın inkişafıdır. Tərəflər biznes əlaqələrinin genişləndirilməsi, yeni investisiya imkanlarının yaradılması, infrastruktur və xidmət sahələrində əməkdaşlığın gücləndirilməsi məsələlərinə xüsusi önəm verirlər. Bununla yanaşı, Azərbaycanın əlverişli coğrafi mövqeyi və tranzit imkanları nəzərə alınaraq Orta Dəhlizin inkişafı da əməkdaşlığın vacib istiqamətlərindən biri kimi diqqətə çatdırılır. Bu marşrut Şərqlə Qərb arasında nəqliyyat və ticarət əlaqələrinin genişlənməsində Azərbaycanın rolunu daha da artırır.
Enerji sahəsində əməkdaşlığın davam etdirilməsi ilə yanaşı, bərpaolunan enerji mənbələrinin inkişafı, yaşıl maliyyələşdirmə və aşağı karbonlu texnologiyaların tətbiqi də Bəyannamədə əksini tapıb. Azərbaycan ənənəvi enerji resurslarının etibarlı təchizatçısı olmaqla yanaşı, yaşıl enerji sahəsində də böyük potensiala malikdir. Böyük Britaniya ilə bu istiqamətdə təcrübə və texnologiya mübadiləsinin genişləndirilməsi ölkəmizin enerji strategiyasının yeni mərhələsinə mühüm töhfə verə bilər.
Birgə Bəyannamədə təhsil, elm, innovasiya və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlığa da geniş yer ayrılıb. Ali təhsil müəssisələri və elmi-tədqiqat mərkəzləri arasında əlaqələrin inkişafı, peşə hazırlığı, süni intellekt və rəqəmsal idarəetmə sahələrində təcrübə mübadiləsi gələcək əməkdaşlığın mühüm istiqamətlərindəndir. Bu sahələrdə birgə fəaliyyət insan kapitalının inkişafına, müasir bilik və texnologiyaların tətbiqinə, eləcə də yeni imkanların yaranmasına şərait yaradacaq.
Sənəddə beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmət məsələlərinin vurğulanması da xüsusi siyasi əhəmiyyət daşıyır. Eyni zamanda, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması, regionda davamlı sülhün və sabitliyin təmin edilməsi istiqamətində aparılan səylərə dəstək ifadə olunur. Bu, Cənubi Qafqazda yeni əməkdaşlıq imkanlarının yaranması və regionun gələcək inkişafı baxımından mühüm yanaşmadır.
Bəyannamənin icrasının davamlılığını təmin etmək məqsədilə hər il Strateji Tərəfdaşlıq görüşünün keçirilməsi barədə razılıq əldə olunması da diqqətəlayiqdir. Bu mexanizm tərəflərə görülən işləri qiymətləndirmək, qarşıya qoyulan məqsədlərin icrasını izləmək və yeni əməkdaşlıq istiqamətlərini müəyyənləşdirmək imkanı verəcək.
Beləliklə, noyabrın 12-də Dublin şəhərində imzalanmış Birgə Bəyannamə Azərbaycan ilə Böyük Britaniya arasında münasibətlərin inkişafında yeni mərhələnin əsasını qoyur. Sənədin əhatə etdiyi siyasi, iqtisadi, enerji, təhlükəsizlik, təhsil və innovasiya sahələri göstərir ki, tərəfdaşlıq yalnız mövcud əlaqələrin qorunmasına deyil, həm də gələcək üçün yeni imkanların yaradılmasına hesablanıb. Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsi və nüfuzlu dövlətlərlə strateji əlaqələrinin genişlənməsi ölkəmizin milli maraqlarının təmin olunmasına xidmət edir.
Çingiz İbrahimov
YAP Göyçay rayon təşkilatının əməkdaşı
Rejimin cəlladları ilə girovları arasında aydın bir sərhəd var…