PDF Oxu

Siyasət

  • 321

Azərbaycanın qlobal tərəfdaşlıq strategiyası - ŞƏRH

Azərbaycanın qlobal tərəfdaşlıq strategiyası - ŞƏRH

Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyinin möhkəmlənməsi, dünya dövlətləri ilə qarşılıqlı hörmət və etimada əsaslanan əlaqələrinin genişlənməsi, milli maraqlarının beynəlxalq müstəvidə ardıcıl müdafiə olunması ölkəmizin xarici siyasətinin əsas prioritetlərindəndir. Son illərdə əldə edilən diplomatik uğurlar, Azərbaycanın regional və qlobal proseslərdə artan rolu, nüfuzlu dövlətlərlə qurulan çoxşaxəli əməkdaşlıq münasibətləri bu siyasətin uğurlu nəticələridir. Bu baxımdan 2026-cı il noyabrın 12-də Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması mühüm siyasi hadisə kimi xüsusi əhəmiyyət daşıyır. Dublin şəhərində imzalanan bu sənəd iki ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldilməsini ifadə edir.
Azərbaycan-Böyük Britaniya münasibətləri uzunmüddətli əməkdaşlıq ənənələrinə əsaslanır. 1994-cü il fevralın 23-də Dostluq və Əməkdaşlıq haqqında, 1998-ci il iyulun 21-də isə Dostluq Münasibətləri və Tərəfdaşlıq haqqında Birgə Bəyannamələrin imzalanması ikitərəfli əlaqələrin möhkəm təməlini formalaşdırmışdır. Yeni sənəd həmin münasibətlərin daha geniş siyasi və iqtisadi məzmun qazanmasının göstəricisidir. Bəyannamədə BMT Nizamnaməsinə, beynəlxalq hüququn norma və prinsiplərinə, dövlətlərin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına sadiqliyin bir daha təsdiqlənməsi Azərbaycanın prinsipial mövqeyi baxımından xüsusi əhəmiyyət daşıyır. Eyni zamanda, 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə edilmiş razılaşmaların və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində atılan addımların qeyd olunması ölkəmizin regionda davamlı sülhə və sabitliyə yönəlmiş siyasətinin beynəlxalq səviyyədə diqqətdə olduğunu göstərir.
Bəyannamənin mühüm istiqamətlərindən biri müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsidir. Sənəddə müdafiə sahəsində təlimlərin, təcrübə mübadiləsinin, potensialın artırılmasının, müdafiə sənayesi üzrə birgə təşəbbüslərin araşdırılmasının, hüquq-mühafizə orqanları və sərhəd idarəçiliyi sahəsində əlaqələrin gücləndirilməsinin nəzərdə tutulması tərəfdaşlığın praktiki məzmununu ortaya qoyur. Müasir dünyada təhlükəsizlik çağırışlarının artdığı bir şəraitdə bu istiqamətdə əməkdaşlıq hər iki ölkənin qarşılıqlı maraqlarına xidmət etməklə yanaşı, regional sabitliyin möhkəmləndirilməsi baxımından da əhəmiyyətlidir.
Sənədin ikinci mühüm istiqaməti ticarət, investisiya və iqtisadi artımla bağlıdır. Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və xarici investisiyaların cəlb edilməsi baxımından Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsi yeni imkanlar yaradır. Bərpaolunan enerji, infrastruktur, maliyyə bazarları, xidmətlər və sahibkarlıq sahələrində əlaqələrin inkişafı iqtisadiyyatımıza müasir texnologiyaların və qabaqcıl təcrübələrin gətirilməsinə töhfə verə bilər. Xüsusilə Orta Dəhlizin inkişafına verilən dəstək Azərbaycanın beynəlxalq nəqliyyat və logistika sistemində artan rolunu bir daha təsdiqləyir. Enerji sahəsində 30 ildən artıq davam edən uğurlu əməkdaşlığın yeni mərhələdə yaşıl enerji, bərpaolunan enerji mənbələri və aşağıkarbonlu texnologiyalarla tamamlanması isə ölkəmizin gələcək enerji strategiyası üçün mühüm perspektivlər açır.
Bəyannamədə təhsil, elm və innovasiya sahələrinin ayrıca istiqamət kimi müəyyənləşdirilməsi də diqqətəlayiqdir. Ali təhsil, peşə hazırlığı, rəqəmsal bacarıqlar, elmi tədqiqatlar, süni intellekt və müasir texnologiyalar üzrə əməkdaşlığın genişləndirilməsi Azərbaycanın intellektual potensialının inkişafına xidmət edir. Universitetlər və elmi-tədqiqat müəssisələri arasında əlaqələrin gücləndirilməsi, qabaqcıl təcrübənin öyrənilməsi, gənclərin müasir biliklərə yiyələnməsi ölkəmizin rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bu yanaşma göstərir ki, tərəfdaşlıq yalnız bugünkü iqtisadi və siyasi maraqları deyil, həm də gələcək nəsillərin inkişafını əhatə edir.
Bütün bu uğurların təməlində Möhtərəm Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən, praqmatik və çoxşaxəli xarici siyasət dayanır. Dövlət başçısının siyasi iradəsi və diplomatik məharəti nəticəsində Azərbaycan bu gün beynəlxalq münasibətlər sistemində müstəqil mövqeyə malik, etibarlı tərəfdaş və regional proseslərin mühüm iştirakçısı kimi qəbul olunur. Ölkəmizin müxtəlif siyasi və iqtisadi güc mərkəzləri ilə bərabərhüquqlu münasibətlər qurması, milli maraqlarını qətiyyətlə müdafiə etməsi və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə sadiqliyi bu siyasətin başlıca xüsusiyyətləridir. Böyük Britaniya kimi nüfuzlu dövlətlə strateji tərəfdaşlıq münasibətlərinin rəsmiləşdirilməsi də Azərbaycanın beynəlxalq nüfuzunun və Möhtərəm Prezident İlham Əliyevin diplomatik fəaliyyətinin mühüm nəticələrindən biridir.
Bəyannamədə əməkdaşlığın üç əsas istiqaməti üzrə əldə olunan nəticələrin müzakirəsi, gələcək prioritetlərin müəyyənləşdirilməsi məqsədilə hər il Strateji Tərəfdaşlıq görüşlərinin keçirilməsinin nəzərdə tutulması sənədin davamlı xarakter daşıdığını göstərir. Bu, razılaşdırılmış məqsədlərin konkret layihələrə və real nəticələrə çevrilməsi üçün mühüm mexanizmdir. Nəticə etibarilə, Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında imzalanmış Birgə Bəyannamə ölkəmizin beynəlxalq əməkdaşlıq əlaqələrinin genişlənməsində, iqtisadi imkanlarının artırılmasında və regional mövqeyinin möhkəmlənməsində yeni mərhələnin əsasını qoyur. Əminliklə demək olar ki, Möhtərəm Prezident İlham Əliyevin milli maraqlara əsaslanan uğurlu siyasəti Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da yüksəlməsinə, strateji tərəfdaşlıqlarının dərinləşməsinə və davamlı inkişaf hədəflərinə çatmasına bundan sonra da möhkəm zəmin yaradacaqdır.

Aynurə Abbasova
YAP Qazax rayon təşkilatı ərazi partiya təşkilatının sədri

Digər xəbərlər