"ABŞ və İran arasında danışıqların növbəti mərhələsinin başlaması ehtimalı artdıqca Yaxın Şərqdə təhlükəsizlik arxitekturasına yenidən baxılması zərurətə çevrilir. Çünki növbəti zərbələrin əvvəlkilərdən əhəmiyyətli dərəcədə fərqlənəcəyi artıq reallıqdır. Əgər əvvəllər ABŞ-də müəyyən mənada nizamlı və ciddi fəlakətə səbəb olmayacaq zərbələrlə İran problemini həll etməyin mümkün olduğu düşünülürdüsə, indi eyni taktika ilə İranda nəticə əldə etməyin mümkünsüzlüyü qənaəti formalaşıb. Çünki bunun real nümunəsi var. Üstəlik, artıq Amerikanın öz daxilində də müəyyən siyasi çaxnaşmalar yaşanır".Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq məsələlər üzrə tədqiqatçı Həşim Səhrablı deyib.Onun sözlərinə görə, bu çaxnaşmalar ciddi risklər ehtiva etmir. Ən pis halda hakimiyyətin dinc yolla dəyişməsi məsələsi gündəmə gələ bilər. Artıq respublikaçılar Senatda və Nümayəndələr Palatasında üstünlüyü itiriblər və bu üstünlüyü növbəti prezident seçkilərində də əldən verə bilərlər. Belə olan halda, qarşıdurma dinc yolla başa çata bilər. Amma istənilən halda respublikaçılar əllərində olan son imkanlardan istifadə etməklə İran məsələsini tam həll etməyə, bununla da partiyanın mövqelərini möhkəmləndirməyə və növbəti prezident seçkilərində qalib gəlməyə çalışırlar:"Ona görə də indi onlar üçün ən vacib məsələ İran problemini qısa müddətdə həll etmək və partiyanın sarsılmış imicini yenidən bərpa etməkdir. Ancaq bu, ABŞ-nin nizamsız, hesabsız və plansız şəkildə İrana zərbələr endirəcəyi, regionu qan gölünə çevirəcəyi demək deyil. Çünki bu, əks effekt verə bilər və ABŞ-nin özünün, eləcə də bölgədəki müttəfiqlərinin hərbi mövcudluğunu ciddi risk altına sala bilər.İranın uzaqmənzilli raket texnologiyalarının son inkişafı artıq bütün dünyaya bəllidir. İran Rusiyadan və Çindən, hətta müharibədən əvvəlki dövrlə müqayisədə daha çox dəstək almaqla yeni texnologiyalar üzərində işləyir. Eyni zamanda, raket texnologiyalarını və digər strateji hərbi-texnoloji imkanlarını yeraltı bazalarda yerləşdirməklə təhlükəsizliyini daha da gücləndirib. Bununla da daha uzunmüddətli qarşıdurmalara tab gətirmək imkanlarını artırıb.Buna görə də hesab edirəm ki, ABŞ indi regional aktorların, yəni həm bölgədəki müttəfiqlərinin, həm də regionda yerləşməsələr də, ona təsir imkanları olan tərəfdaşlarının prosesə cəlb edilməsi üzərində işləyir. Bu, təbii ki, İran tərəfinin də gördüyü və anladığı reallıqdır. Məhz buna görə də Yaxın Şərqdə təhlükəsizlik arxitekturasının yenidən qurulması məsələsi gündəmə gəlir.ABŞ əvvəllər bölgədəki müttəfiqlərinə təhlükəsizlik zəmanəti vəd edir və bunu reallaşdıra bilirdi. Ancaq bu gün ABŞ-nin bölgədəki müttəfiqlərinə vəd etdiyi təhlükəsizlik zəmanətindən daha çox müharibə riski yaranıb.Çünki İran ilk növbədə Körfəz ölkələrini hədəfə almağa başladı. Səudiyyə Ərəbistanına, Birləşmiş Ərəb Əmirliklərinə, Küveytə və İordaniyaya zərbələr endirildi. İraqdakı ABŞ-nin dəstəklədiyi qruplar da hücumlara məruz qaldı. Bu siyahını daha da uzatmaq olar. Bütün bunlar göstərir ki, həmin ölkələrin özləri də yeni təhlükəsizlik arxitekturasına ehtiyac duyurlar və ABŞ ilə İran arasında mümkün müharibə zamanı yenə də ilk hədəflərin onlar olacağını anlayırlar.Bu fakt ABŞ-dən tam mənada uzaqlaşma ilə nəticələnməsə də, həmin ölkələri özləri üçün yeni təhlükəsizlik zəmanətçiləri axtarmağa vadar edib. Məsələn, Səudiyyə Ərəbistanı hesab edirdi ki, ABŞ ilə mövcud qarşıdurma fonunda İranın hədəfindən maksimum dərəcədə qorunmaq üçün İrana daha yaxın olan ölkələrlə - Türkiyə və Pakistanla hərbi-siyasi əlaqələri genişləndirmək onu müəyyən mənada İranın hədəfindən yayındıra və ya mümkün aqressiyanı azalda bilər.Üstəlik, Səudiyyə Ərəbistanının bu addımı ilə ABŞ-nin onu müharibəyə sürükləmək cəhdlərinin qarşısını almağa yönəlmiş xarici siyasət xətti yürütməyə çalışdığını da söyləmək olar. Çünki dövlətlərarası müqavilələri və müttəfiqlik əməkdaşlığını birdən-birə dayandırmaq mümkün deyil. Səudiyyə Ərəbistanı belə bir addım atarsa, daha ciddi zərərlərlə üzləşə bilər. Ancaq yeni təhlükəsizlik zəmanətçiləri axtarması və öz təhlükəsizliyini təmin etmək üçün atdığı xarici siyasət addımları ilə ABŞ-nin bu ölkəni mümkün müharibədə qurban seçməsinin qarşısını almağa çalışır.Yaxın gələcəkdə digər Körfəz ölkələrinin, eləcə də İranın özünün yeni əməkdaşlıqlar quracağını və yeni təhlükəsizlik zəmanətləri axtarışına başlayacağını gözləyirəm. Bu əməkdaşlıqlar Mərkəzi Asiya çərçivəsində, yaxud fərqli platformalar, ikitərəfli və çoxtərəfli müqavilələr vasitəsilə həyata keçirilə bilər.Azərbaycana və Cənubi Qafqaza gəldikdə isə ölkəmizin balanslaşdırılmış xarici siyasət xətti yürütdüyü hər kəsə bəllidir. İran da, ABŞ də, münaqişəyə cəlb olunan və ya cəlb olunma potensialı olan digər tərəflər də çox yaxşı anlayırlar ki, belə bir məqamda Azərbaycana qarşı hər hansı addım atmaq, əksinə, onların özlərinə zərər verə bilər.Çünki Azərbaycan təkcə bəyanatlarla deyil, əməldə də tərəfsizlik nümayiş etdirir. Münaqişə tərəflərinin heç biri ilə hərbi-siyasi yaxınlaşma qurulmur. Eyni zamanda, ölkəmizin mövcud hərbi-siyasi əlaqələri də üçüncü tərəflərə qarşı yönəlməyib. Yəni Azərbaycan İranla hərbi, siyasi və ya iqtisadi əməkdaşlıq edirsə, bu, ABŞ-yə zərbə vurmaq məqsədi daşımır. Bu, Azərbaycanın öz maraqlarının təmin olunması üçün atılan və üçüncü tərəfə qarşı yönəlməyən addımdır. Eyni yanaşma ABŞ, İsrail və ya digər ölkələrlə qurulan hərbi-siyasi və iqtisadi əlaqələrə də aiddir. Bu münasibətlərin hədəfində başqa bir ölkə yoxdur.Ona görə də heç kim Azərbaycandan təhlükə gözləməməli, eyni zamanda, ölkəmizə təhlükə yaratmamalıdır. Bununla belə, müəyyən risklər mövcuddur. Çünki gözlənilən fəlakətli müharibə ssenarisi reallaşarsa, bundan yalnız Yaxın Şərq, İran və münaqişəyə cəlb olunan tərəflər zərər görməyəcək. Müharibənin fəsadları regionun bütün qonşu ölkələrində hiss oluna bilər. Həmin ölkələrə hərbi müdaxilə baş verə bilər. Hərbi müdaxilə olmasa belə, sərhədyanı ölkələrdə iqtisadi çətinliklər yarana bilər. Çünki müharibə iqtisadi əlaqələri də ciddi şəkildə pozacaq. Azərbaycanın əsas məqsədi də məhz bu iqtisadi risklərdən qorunmaq üçün qabaqlayıcı addımlar atmaq olmalıdır.Birbaşa Azərbaycana qarşı hərbi müdaxilə ehtimalına gəldikdə isə hesab edirəm ki, Azərbaycan-Türkiyə müttəfiqliyi bu məsələdə mühüm təminatdır. Biz heç kimə qarşı müharibə başlatmırıq və ölkəmizə qarşı hərbi əməliyyatlara başlamaq üçün hər hansı əsas, yaxud rəsmi problem mövcud deyil. Ona görə də hazırda belə bir risk görünmür.Əgər hansısa ölkə yanlış hesablama apararaq Azərbaycana zərbə endirməyə çalışarsa, bunun nəticələri həmin tərəf üçün daha ağır ola bilər. Buna görə də ölkəmizin tərəfsizlik siyasətinin düzgün anlaşılması və ikitərəfli münasibətlərə lazımi önəmin verilməsi bütün tərəflərin maraqlarına uyğundur".
Müəllif: Günel Fərzəliyeva