PDF Oxu

Siyasət

  • 420

Ağdam – tarixi ədalətin zəfəri və milli qürurun ünvanı - ŞƏRH

Ağdam – tarixi ədalətin zəfəri və milli qürurun ünvanı - ŞƏRH

20 Noyabr – Ağdam Şəhəri Günü Azərbaycan xalqının yaddaşında tarixi ədalətin bərpası, milli iradənin təntənəsi və böyük Zəfərin təcəssümü kimi xüsusi yer tutur. Bu əlamətdar gün xalqımızın uzun illər boyu qəlbində yaşatdığı azadlıq arzusunun gerçəkləşdiyi, Ağdamın öz doğma dövlətinə və xalqına qovuşduğu tarixi hadisənin rəmzidir.
Ağdam Azərbaycanın qədim tarixə, zəngin mədəniyyətə və özünəməxsus milli-mənəvi dəyərlərə malik şəhərlərindən biridir. Qarabağın mühüm mərkəzlərindən olan bu şəhər özünün tarixi abidələri, memarlıq nümunələri, sənətkarlıq ənənələri və zəhmətkeş insanları ilə tanınıb. Ağdamın adı hər zaman quruculuq, əmək, mədəniyyət və milli kimlik anlayışları ilə yanaşı çəkilib.
Lakin 1993-cü ildə Ermənistanın hərbi təcavüzü nəticəsində Ağdam işğal edildi. Şəhər və onun ətraf kəndləri dağıntılara məruz qaldı, minlərlə insan doğma yurd-yuvasından didərgin düşdü. Bir vaxtlar həyatın qaynadığı küçələr, yaşayış evləri, məktəblər, mədəniyyət ocaqları viran qoyuldu. Ağdamın üzləşdiyi bu faciə xalqımızın yaddaşında sağalmaz iz buraxdı. Şəhərin dağıdılmış mənzərəsi işğalın və vandalizmin acı nəticələrinin ən bariz nümunələrindən birinə çevrildi.
Azərbaycan xalqı bütün bu illər ərzində öz torpaqlarına qayıdacağına inamını itirmədi. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyası əsasında ölkəmiz gücləndi, iqtisadi və hərbi potensialını artırdı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində həlledici zəmin yaratdı.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri oldu. Rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində düşmənə sarsıdıcı zərbələr endirərək torpaqlarımızı işğaldan azad etdi. Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam Azərbaycana qaytarıldı. Beləliklə, şəhərimizə qovuşmağımız hər bir azərbaycanlının qəlbində böyük sevinc və qürur hissi yaratdı.
Prezident İlham Əliyevin Ağdamın azad edilməsindən sonra şəhərə səfəri və burada səsləndirdiyi fikirlər bu tarixi qələbənin siyasi və mənəvi əhəmiyyətini bir daha nümayiş etdirdi. Dövlət başçısının rəhbərliyi ilə Ağdamın yenidən qurulması Azərbaycanın gücünün, iradəsinin və gələcəyə inamının ifadəsinə çevrildi.
Bu gün Ağdamda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır. Müasir infrastruktur yaradılır, yollar çəkilir, yaşayış kompleksləri, sosial obyektlər və istehsal müəssisələri inşa olunur. Ağdam Sənaye Parkının fəaliyyəti şəhərin iqtisadi potensialının gücləndirilməsinə, yeni iş yerlərinin yaradılmasına və regionun inkişafına mühüm töhfə verir.
20 Noyabr – Ağdam Şəhəri Günü yalnız bir şəhərin azad olunmasının ildönümü deyil. Bu gün həm də Azərbaycan dövlətinin qüdrətinin, xalqımızın sarsılmaz birliyinin və tarixi ədalətə sədaqətinin təntənəsidir. Ağdam yenidən dirçəlir, öz əvvəlki şöhrətinə qayıdır və gələcəyə inamla addımlayır. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Ağdam Azərbaycanın ən gözəl, müasir və inkişaf etmiş şəhərlərindən birinə çevriləcək. Bu torpaqda həyatın yenidən canlanması xalqımızın Zəfər tarixinin davamıdır.

Sevinc Xəlilova

YAP Samux rayon təşkilatının sədr müavini

Digər xəbərlər