PDF Oxu

Siyasət

  • 517

Yeni Azərbaycan Partiyası- milli qurtuluşdan möhtəşəm Zəfərə uzanan yol - ŞƏRH

Yeni Azərbaycan Partiyası- milli qurtuluşdan möhtəşəm Zəfərə uzanan yol - ŞƏRH

21 noyabr 1992-ci il tarixində Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi Azərbaycanın ictimai-siyasi həyatında mühüm tarixi hadisə, dövlətçilik tariximizin yeni mərhələsinin başlanğıcı oldu. Həmin dövrdə ölkədə hökm sürən siyasi böhran, idarəçilikdəki səriştəsizlik, cəmiyyətdə yaranmış qeyri-sabitlik xalqın taleyi üçün məsuliyyət daşıyan yeni siyasi qüvvənin formalaşmasını zəruri edirdi.

1992-ci ildə Azərbaycanın üzləşdiyi mürəkkəb siyasi şəraitdə xalqın ziyalıları və nüfuzlu nümayəndələri Ulu Öndər Heydər Əliyevə müraciət edərək yeni siyasi partiyanın yaradılmasını təklif etdilər. Bu müraciət xalqın Ümummilli Liderə olan inamının, onun zəngin dövlətçilik təcrübəsinə və siyasi iradəsinə bəslədiyi ümidin ifadəsi idi. Heydər Əliyev xalqın çağırışına biganə qalmadı və ölkənin gələcəyi naminə üzərinə böyük məsuliyyət götürərək bu təşəbbüsü dəstəklədi.
21 noyabr 1992-ci ildə Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirilməsi müstəqil Azərbaycanın siyasi tarixində əlamətdar hadisəyə çevrildi. Ulu Öndər Heydər Əliyevin partiyanın sədri seçilməsi yeni siyasi təşkilatın cəmiyyətdə böyük nüfuz qazanmasına və xalqın etimadını öz ətrafında birləşdirməsinə mühüm zəmin yaratdı. Yeni Azərbaycan Partiyası qısa müddətdə xalqın dəstəyini qazandı, ölkənin siyasi həyatında aparıcı qüvvəyə çevrildi.
Yeni Azərbaycan Partiyasının siyasi ideologiyasının əsasını azərbaycançılıq, dövlətçilik, milli birlik və müstəqil Azərbaycanın inkişafı təşkil edir. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs bu gün də ölkəmizin tərəqqisinin mühüm istiqamətini təşkil edir. Prezident İlham Əliyev YAP-ın VIII qurultayındakı çıxışında Ulu Öndərin siyasi xəttinin dəyişməz qaldığını xüsusi vurğulayaraq bu kursun Azərbaycanın uğurlarının əsasını təşkil etdiyini diqqətə çatdırmışdır.
Bu gün Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyev Ulu Öndərin siyasi irsini müasir dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan böyük inkişaf yolu keçmiş, iqtisadi və siyasi gücünü artırmış, beynəlxalq mövqelərini möhkəmləndirmişdir. 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər, ardınca ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası dövlətçilik tariximizin ən möhtəşəm səhifələrindəndir. Bu uğurlar Ulu Öndərin müəyyən etdiyi strateji xəttin müasir dövrdə uğurla davam etdirilməsinin parlaq nəticəsidir.
Yeni Azərbaycan Partiyasının VIII qurultayında qəbul edilən qərarlar və təsdiqlənən yeni Proqram partiyanın fəaliyyətində mühüm mərhələ təşkil etdi. Proqramda Azərbaycanın yeni inkişaf mərhələsinin prioritetləri, müasir dünyanın çağırışları, qlobal siyasi və iqtisadi proseslər, eləcə də regionda yaranmış yeni geosiyasi reallıqlar nəzərə alındı. Sənəd dövlət müstəqilliyinin möhkəmləndirilməsi, milli maraqların qorunması, sosial rifahın yüksəldilməsi və innovativ inkişaf istiqamətlərini əhatə etməklə partiyanın gələcək fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirdi.
“Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz” Prezident İlham Əliyevin YAP-ın VIII qurultayındakı çıxışında səsləndirdiyi bu fikir milli həmrəyliyin və dövlət maraqlarının üstünlüyünün mahiyyətini ifadə edir. Azərbaycanın taleyüklü məsələlərində xalqın birliyi, milli maraqlara sədaqət və dövlətçilik mövqeyi xüsusi əhəmiyyət daşıyır. Ölkəmizin əldə etdiyi nailiyyətlərin arxasında məhz xalq-iqtidar birliyi, siyasi sabitlik və ümummilli məqsədlər ətrafında səfərbərlik dayanır.
Prezident İlham Əliyev YAP-ın VIII qurultayındakı çıxışında qeyd etmişdir: “Bizim qurultayımız yeni ictimai-siyasi və geosiyasi vəziyyətdə keçirilir. İlk dəfədir ki, qurultayımız Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edəndən sonra keçirilir.”
Bu fikirlər Azərbaycanın müasir tarixində baş vermiş fundamental dəyişikliklərin siyasi mahiyyətini əks etdirir. Artıq ölkəmiz ərazi bütövlüyünü və suverenliyini təmin etmiş qalib dövlət kimi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, Böyük Qayıdış proqramı, beynəlxalq mövqelərimizin gücləndirilməsi bu yeni mərhələnin əsas istiqamətlərindəndir.
Ulu Öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası bu gün milyonlarla insanı birləşdirən, ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan aparıcı siyasi təşkilatdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə partiya qarşısına qoyduğu məqsədlərə doğru inamla irəliləyir. Təsadüfi deyil ki, dövlətimizin son illər ərzində keçdiyi uğurlu və şərəfli yolda partiyanın fəallarının böyük əməyi və töhfəsi vardır.
Prezident İlham Əliyevin YAP-ın VIII qurultayındakı çıxışında vurğuladığı kimi: “Ölkəmizin son illər ərzində uğurlu və şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var, böyük töhfəsi var.”
21 noyabr – Yeni Azərbaycan Partiyasının təsis edildiyi gün xalqımızın siyasi iradəsinin, milli həmrəyliyinin və müstəqil dövlətçilik ideallarına sədaqətinin təcəssümüdür. Bu əlamətdar tarix bir daha təsdiq edir ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi yol Azərbaycanın bugünkü inkişafının və gələcək uğurlarının etibarlı təminatıdır. Yeni Azərbaycan Partiyası dünənin tarixi sınaqlarından güc alaraq bu günün uğurlarına imza atan və gələcəyə inamla addımlayan siyasi qüvvə kimi öz missiyasını davam etdirir.

Sevda Quluyeva
YAP Kəngərli rayon təşkilatının sədri

Digər xəbərlər