Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümünə həsr olunmuş şahmat idman növü üzrə rayon turniri keçirilib.
Tədbir ilk olaraq Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Turnir “Təhsil” Respublika İdman Mərkəzinin Lənkəran şəhər Uşaq-Gənclər İdman Şahmat Məktəbinin şahmat zalında təşkil olunub.
Tədbirin açılış mərasimində Lənkəran şəhər Uşaq-Gənclər İdman Şahmat Məktəbinin direktoru Ceyhun Məmmədov giriş sözü ilə çıxış edərək iştirakçıları salamlayıb, yarışın əhəmiyyətindən və şahmat idman növünün gənclərin intellektual inkişafında rolundan bəhs edib.
Daha sonra geniş məruzə ilə çıxış edən Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının sədri İqbal Əmənullayev partiyanın yaranma tarixindən, keçdiyi 34 illik şərəfli inkişaf yolundan, Ümummilli Lider Heydər Əliyevin siyasi irsindən və Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu siyasətdən danışıb. O, bu cür idman tədbirlərinin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində, intellektual potensialının inkişafında, sağlam həyat tərzinin təbliğində və istedadlı idmançıların üzə çıxarılmasında mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Çıxışlardan sonra şahmat turnirinə start verilib. İştirakçılar arasında gərgin və maraqlı mübarizə şəraitində keçən yarışda şahmatçılar öz bilik və bacarıqlarını nümayiş etdirərək qalib olmaq uğrunda mübarizə aparıblar.
Turnirin yekununda qaliblər müəyyənləşdirilib. Yarışın ümumi nəticələrinə əsasən, Lənkəran şəhəri Xarici Dillər Təmayüllü Gimnaziya 7ci sinif şagirdi Əliyev Habil I, Lənkəran rayonu Darquba məktəbi 8ci sinif şagirdi Abbasov Hüseyn II, Lənkəran şəhəri 5 saylı məktəb 5ci sinif şağirdi Ocaqlı Mirəziz isə III yerə layiq görülüb.
12 yaş
1ci yer Quluzadə Yusif Elxan oğlu Lənkəran şəhər 4 saylı tam orta məktəb
2ci yer Nehmətli Əliəşrəf İlham oğlu Lənkəran şəhər 3 saylı tam orta məktəb
3cü yer Cabbarlı Mövlud Vüsal oğlu Lənkəran rayon Sütəmurdov məktəbi
10 yaş
1ci yer Paşazadə Yunis Röşan oğlu Lənkəran şəhər 2 saylı tam orta məktəb
2ci yer Sadıqov Ramal Ramiz oğlu Lənkəran şəhər 1 saylı tam orta məktəb
3cü yer Məmmədli Ayaz Kamran oğlu Lənkəran şəhər 4 saylı tam orta məktəb
Qızlar arasında
1ci yer Novruzlu Nazlı Rəşad qızı Lənkəran şəhər 4 saylı tam orta məktəb
2ci yer Seyidli Xədicə Cəmil qızı Xarici Dillət Təmayüllü Gimnaziya
3cü yer Ocaqlı Zeynəb Mirsəmid qızı Lənkəran şəhər 5 saylı tam orta məktəb
Turnirin sonunda ümumi nəticələrə, 10 və 12 yaş qrupları üzrə, eləcə də qızlar arasında ilk üç yeri tutan şahmatçılara Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatı tərəfindən fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim olunub. Şahmatçıların yetişdirilməsində göstərdikləri xidmətlərə görə təlimçilər Hacıyeva Xumar, Babazadə Jalə və Mirzəyeva Mələkxanım təşəkkürnamə və qiymətli hədiyyələrlə, Lənkəran şəhər Uşaq-Gənclər İdman Şahmat Məktəbinin direktoru Ceyhun Məmmədov isə fəxri fərman və qiymətli hədiyyə ilə təltif olunub.
Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının Himni səsləndirilib.
Qeyd edək ki, turnirin keçirilməsində əsas məqsəd Yeni Azərbaycan Partiyasının yaranmasının 34-cü ildönümünü qeyd etmək, şahmat idman növünü təbliğ etmək, gənclər arasında intellektual idmana marağı artırmaq, vətənpərvərlik hisslərini aşılamaq və perspektivli şahmatçıları aşkara çıxarmaq olub.