PDF Oxu

Siyasət

  • 961

Azad və abad Ağdam: Böyük Qayıdışın parlaq təcəssümü

Azad və abad Ağdam: Böyük Qayıdışın parlaq təcəssümü

Azərbaycan xalqının çoxəsrlik tarixində özünəməxsus yeri olan Ağdam bu gün milli yaddaşımızın, dövlətimizin qüdrətinin və xalqımızın sarsılmaz iradəsinin rəmzidir.1930-cu ildə yaradılmış Ağdam rayonu Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində yerləşən rayon münbit torpaqları və əlverişli coğrafi mövqeyi ilə seçilir. Arxeoloji tədqiqatlar Ağdamın qədim yaşayış məskənlərindən biri olduğunu təsdiqləyir. XX əsrin 50-ci illərindən aparılan qazıntılar zamanı burada Eneolit dövründən insanların yaşadığı, əkinçilik və maldarlıqla məşğul olduğu müəyyən edilib. Üzərriktəpədən tapılan maddi-mədəniyyət nümunələri Ağdamın Qafqazın qədim şəhər tipli yaşayış məskənlərindən biri olduğunu göstərir.1993-cü il iyulun 23-də Ağdam rayonunun 1094 kvadratkilometr ərazisinin 80 faiz ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi, rayon mərkəzi və 90 kəndi düşmənin nəzarətinə keçdi. Nəticədə 128 minə yaxın sakin doğma yurdunu tərk edərək məcburi köçkün həyatı yaşamağa məcbur oldu.Rayonun işğal nəticəsində yerləşən təsərrüfatları, maddi və mənəvi dərərləri dağıdıldı və ya talan edildi. Dünyada yeganə olan Ağdam Çörək Muzeyi də erməni vandalizminin qurbanına çevrildi. Ağdam uğrunda döyüşlərdə 6 mindən artıq insan şəhid oldu, minlərlə insan yaralandı. Məcburi köçkünlər Azərbaycanın 59 rayonunun 875 yaşayış məntəqəsində məskunlaşdılar.

Ermənistanın işğalçılıq siyasəti beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulması ilə müşayiət olunurdu. BMT Təhlükəsizlik Şurasının 1993-cü il 29 iyul tarixli 853 saylı qətnaməsində işğalçı qüvvələrin Ağdam rayonu və digər işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması tələb edilirdi. Lakin Ermənistan beynəlxalq qərarlara əməl etmədi.
İşğal dövründə Ağdamın tarixi və mədəni irsi məqsədyönlü şəkildə dağıdıldı, dini abidələr təhqir olundu, yaşayış evləri talan edildi, coğrafi adlar dəyişdirildi. 2020-ci ildə işğaldan azad edilən şəhərin mənzərəsi erməni vandalizminin dəhşətli miqyasını bütün dünyaya nümayiş etdirdi. Bir zamanlar Azərbaycanın ən abad şəhərlərindən olan Ağdam xarabalığa çevrilmişdi. Məhz buna görə şəhər “Qafqazın Xirosiması” adlandırılır.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının tarixi ədaləti bərpa etmək əzmini nümayiş etdirdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində böyük qəhrəmanlıq göstərərək möhtəşəm tarixi Zəfərə imza atdı. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonunun işğal altında olan əraziləri Azərbaycana təhvil verildi. Beləliklə, 27 illik həsrətə son qoyuldu və ağdamlıların doğma torpaqlarına qayıdışı üçün tarixi imkan yarandı.
Hərbçilərimizin qəhrəmanlığının əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medalı təsis edildi. Dövlət başçısının sərəncamları ilə 5800-dək hərbi qulluqçu bu medalla təltif olundu. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə noyabrın 20-si Ağdam şəhəri günü kimi müəyyən edildi. Bu qərar tarixi Zəfərin əbədiləşdirilməsi və milli yaddaşın qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Bu gün Ağdamda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 16 avqust tarixli qərarı ilə “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilib. İşğaldan azad edilmiş şəhərlər arasında ilk təsdiqlənən baş plana əsasən, Ağdamda 100 min nəfərədək əhalinin yaşaması nəzərdə tutulur.
Şəhərdə yaşayış binaları, məktəblər, sosial obyektlər və yollar inşa edilir, kommunikasiya infrastrukturu yenilənir, yeni istehsal müəssisələri yaradılır. Ağdam Sənaye Parkı rayonun iqtisadi inkişafına, yeni iş yerlərinin açılmasına və əhalinin məşğulluğuna mühüm töhfə verir. Eyni zamanda, ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi işləri davam etdirilir. Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma torpaqlarına mərhələli qayıdışı təmin olunur.
Ağdam artıq dağıntıların deyil, Zəfərin, quruculuğun və dirçəlişin şəhəridir. Onun yenidən həyata qayıtması Azərbaycan xalqının sarsılmaz iradəsinin və tarixi Qələbəsinin təcəssümüdür.

Əli Hüseynli
Milli Məclisin deputatı

Digər xəbərlər