Təsis konfransını 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Azərbaycanın müxtəlif regionlarından təşəbbüs qruplarının 550-dən artıq nümayəndəsinin iştirakı ilə keçirən Yeni Azərbaycan Partiyası sıralarında bu gün 700 mindən artıq üzvün birləşməsi Heydər Əliyev ideyalarına sədaqətin bariz nümunəsidir. Yeni Azərbaycan Partiyasının yaradılması ilə bağlı ümummilli lider Heydər Əliyevə müraciəti şərtləndirən digər önəmli amil onun Naxçıvan dövrü ilə bağlıdır. Çünki o vaxt Naxçıvan həm Ermənistanın, eyni zamanda, o vaxtkı Azərbaycan rəhbərliyinin əsassız hücumlarına, təqiblərinə məruz qalırdı. Faktiki olaraq blokada şəraitindəki muxtar respublika işıqsız, qazsız, susuz, heç bir maddi imkanı olmadan yaşayırdı və Heydər Əliyev amili burada əsas rol oynayırdı. Ermənilər nə qədər cəhd etsələr də, Naxçıvanda öz istəklərinə nail ola bilmədilər.
Azərbaycanın hər bir uğurunda öz payı olan Yeni Azərbaycan Partiyasının ölkədə keçirilən bütün seçki proseslərindən uğurla çıxması da möhkəm təmələ əsaslanan siyasətə, xalq-iqtidar birliyinin möhkəmliyinə əsaslanır. Dünyaya səs salan 44 günlük İkinci Qarabağ müharibəsində də 50 siyasi partiyanın Prezident İlham Əliyevin siyasətini dəstəkləyərək onun ətrafında sıx birləşməsi, partiyanın VII qurultayında 6 siyasi partiyanın Yeni Azərbaycan Partiyasına qoşulmaq barədə qərarı da bunun bariz nümunəsidir.
Azərbaycanın son illərdə keçdiyi inkişaf yolu hər kəsə məlumdur. Dövlətimizin başçısı İlham Əliyev Heydər Əliyev siyasətini bütün sahələrdə uğurla davam etdirərək möhkəm təməl üzərində təkmil islahatları ilə Azərbaycana möhtəşəm uğurlar qazandırdı. Zəfərimiz bu uğurların zirvəsində dayanır. Bu qələbəmiz Azərbaycanın ərazi bütövlüyünü təmin etməklə yanaşı, illərdir ermənilərin, ermənipərəst qüvvələrin apardıqları təbliğatların nə qədər yanlış, saxta olduğunu da bir daha bilərəkdən susan dünyaya çatdırdı. Bugünümüzün əsas çağırışı ölkəmizə qarşı əsassız kampaniyalara yol verməmək, onların qarşısını qətiyyətlə almaq, ən əsası gənc nəslin tərbiyəsini gündəlik fəaliyyətimizin önündə saxlamaqdır.
Ulu Öndərin xilaskarlıq missiyası və Onun siyasi xəttinin Prezident İlham Əliyev tərəfindən uzaqgörənliklə davam etdirilməsi sayəsində Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə işğala son qoydu, 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri ilə isə ölkənin bütün ərazisində suverenliyini tam bərpa etdi. Bu tarixi zəfərlər fonunda Azərbaycanın xarici siyasət strategiyasının və ideoloji təhlükəsizliyinin əsas prinsipləri VIII Qurultayda bir daha aydın şəkildə bəyan edildi. Rəsmi Bakı xarici siyasətini hər hansı kənar diktə ilə deyil, yalnız milli maraqlar əsasında qurur. Ölkəmiz artıq dünyanın aparıcı ekspertləri və analitikləri tərəfindən "orta güc dövləti" kimi qəbul olunur və tam iqtisadi müstəqilliyə sahibdir. Dövlət başçısının xarici müdaxilələrə və təzyiq cəhdlərinə cavabı konkret və kəsərli oldu.
Bu gün ölkə başçısı tarixi qələbəni iqtisadi sahədə, beynəlxalq aləmdə təkrarlamaqla yeni tarix yazır. Bu gün Azərbaycan Prezidenti xalqla birdir, qarşıya qoyulan ən mühüm vəzifə isə sərhədlərimizin, milli birliyimizin qorunması, ölkənin inkişaf etdirilməsidir. VIII Qurultayın keçirildiyi mərhələnin əsas üstünlüyü də məhz budur: Azərbaycan artıq yalnız gələcək barədə danışan deyil, öz qarşısına qoyduğu böyük məqsədləri mərhələli şəkildə həyata keçirən dövlətdir.
Zülfüqar Cəfərov
YAP Sabunçu rayon təşkilatının sədr müavini