PDF Oxu

Siyasət

  • 663

YAP zamanın çağırışından yaranan, xalqın inamı ilə güclənən və gələcəyə doğru inamla addımlayan siyasi qüvvədir

YAP zamanın çağırışından yaranan, xalqın inamı ilə güclənən və gələcəyə doğru inamla addımlayan siyasi qüvvədir

Azərbaycanın müasir siyasi tarixində elə hadisələr var ki, onların əhəmiyyəti yalnız baş verdiyi dövrlə məhdudlaşmır, sonrakı onilliklərin ictimai-siyasi inkişafına, dövlətçilik ənənələrinin formalaşmasına və milli tərəqqiyə istiqamət verir. Yeni Azərbaycan Partiyasının yaradılması da məhz bu qəbildən olan mühüm tarixi hadisələrdəndir. 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən Yeni Azərbaycan Partiyası ölkəmizin mürəkkəb siyasi şəraitində xalqın iradəsini, dövlətçilik arzularını və sabit gələcəyə olan ümidlərini özündə birləşdirən siyasi təşkilat kimi meydana çıxdı.1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan ağır sınaqlarla üz-üzə qalmışdı. Ölkədə hökm sürən siyasi qeyri-sabitlik, hakimiyyət böhranı, iqtisadi tənəzzül, Ermənistanın hərbi təcavüzü və torpaqlarımızın işğalı müstəqil dövlətçiliyimizi ciddi təhlükə qarşısında qoymuşdu. Cəmiyyətin bütün təbəqələrində ölkəni bu böhrandan çıxara biləcək, xalqı vahid məqsəd ətrafında birləşdirəcək, müstəqilliyimizi qoruyaraq dövlətin gələcək inkişafını təmin edəcək güclü siyasi liderə və təşkilata böyük ehtiyac yaranmışdı.Belə bir tarixi şəraitdə Azərbaycanın tanınmış ziyalıları, nüfuzlu ictimaiyyət nümayəndələri və vətənpərvər insanları Ulu Öndər Heydər Əliyevə müraciət edərək yeni siyasi partiyanın yaradılması təşəbbüsünü irəli sürdülər. Bu müraciət xalqın böyük əksəriyyətinin arzu və istəyini ifadə edirdi. Ulu Öndər Heydər Əliyevin bu təşəbbüsü qəbul etməsi Azərbaycanın siyasi həyatında yeni mərhələnin başlanğıcı oldu. Noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası yaradıldı və Heydər Əliyev partiyanın Sədri seçildi.
Yeni Azərbaycan Partiyasının yaranması yalnız yeni bir siyasi təşkilatın meydana gəlməsi deyildi. Bu, eyni zamanda, Azərbaycanın müstəqilliyinin qorunmasına, dövlətçiliyin möhkəmləndirilməsinə, milli həmrəyliyin təmin olunmasına və ölkənin gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsinə yönəlmiş mühüm tarixi addım idi. Partiya qısa müddətdə geniş xalq dəstəyi qazandı, cəmiyyətin müxtəlif təbəqələrini öz ətrafında birləşdirdi və ölkənin siyasi həyatında aparıcı qüvvəyə çevrildi.1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın taleyində həlledici dönüş nöqtəsi oldu. Həmin dövrdə ölkəmiz vətəndaş müharibəsi təhlükəsi, siyasi qarşıdurmalar və dövlət müstəqilliyinin itirilməsi riski ilə üz-üzə idi. Heydər Əliyevin müdrikliyi, qətiyyəti, zəngin dövlətçilik təcrübəsi və uzaqgörən siyasəti nəticəsində ölkədə siyasi sabitlik təmin edildi, dövlət idarəçiliyinin əsasları möhkəmləndirildi, müstəqilliyin dönməzliyi istiqamətində mühüm addımlar atıldı.Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan tədricən böhrandan çıxaraq inkişaf yoluna qədəm qoydu. 1994-cü ildə imzalanan Əsrin müqaviləsi ölkəmizin iqtisadi potensialının güclənməsinə, beynəlxalq enerji bazarında mövqeyinin möhkəmlənməsinə və xarici investisiyaların cəlb olunmasına geniş imkanlar yaratdı. Eyni zamanda, dövlət quruculuğu, ordu quruculuğu, sosial-iqtisadi inkişaf və beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində mühüm nailiyyətlər əldə edildi.
44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycan xalqının birliyinin, milli iradəsinin, ordumuzun qəhrəmanlığının və Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyinin təntənəsi oldu. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi noyabrın 10-da Azərbaycanın tarixi Qələbəsi ilə nəticələndi. Uzun illər işğal altında qalan torpaqlarımız azad edildi, ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində tarixi nailiyyət əldə olundu. 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində isə Azərbaycanın suverenliyi ölkənin bütün ərazisində tam bərpa edildi.Bu möhtəşəm tarixi hadisələr Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyasının və Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi siyasətin məntiqi nəticəsi kimi Azərbaycan tarixində əbədi yer aldı. Bu gün azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılması, Böyük Qayıdış Proqramının mərhələli şəkildə həyata keçirilməsi dövlətimizin gücünü, xalqımızın quruculuq əzmini və gələcəyə olan inamını nümayiş etdirir.
Bu gün Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi yola nəzər salarkən aydın görünür ki, onun yaradılması Azərbaycanın müstəqil dövlətçilik tarixində mühüm mərhələnin başlanğıcı olub. Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi ilə əsası qoyulan, Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edən bu siyasi təşkilat ölkəmizin əldə etdiyi nailiyyətlərin və gələcək hədəflərinin həyata keçirilməsində öz rolunu davam etdirir.Yeni Azərbaycan Partiyası bundan sonra da müstəqil Azərbaycanın tərəqqisinə, dövlətçilik ənənələrinin qorunmasına, milli birliyin möhkəmləndirilməsinə və ölkəmizin beynəlxalq mövqelərinin daha da gücləndirilməsinə xidmət edəcək. Çünki Yeni Azərbaycan Partiyasının yaranma zərurətini doğuran tarixi ideyalar bu gün də öz əhəmiyyətini itirməyib. Ulu Öndər Heydər Əliyevin “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” fikri isə partiyanın tarixi missiyasını, siyasi məsuliyyətini və gələcəyə yönəlmiş fəaliyyət fəlsəfəsini ən dolğun şəkildə ifadə edir.

Malik Mirzəyev,

YAP Lerik rayon təşkilatının sədri

Digər xəbərlər