1992-ci il noyabrın 21-i Azərbaycan xalqının siyasi tarixində xüsusi əhəmiyyətə malik günlərdən biridir. Həmin tarixdə Yeni Azərbaycan Partiyasının (YAP) təsis konfransının keçirilməsi ölkəmizin ictimai-siyasi həyatında yeni mərhələnin başlanğıcını qoymuşdur. Bu hadisə müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın mürəkkəb siyasi, iqtisadi və sosial problemlərlə üzləşdiyi bir dövrə təsadüf edirdi. Ölkədə hökm sürən qeyri-sabitlik, idarəçilik böhranı, torpaqlarımızın işğalı və gələcəyə dair narahatlıqlar xalqın qarşısında ciddi vəzifələr qoyurdu. Belə bir şəraitdə Azərbaycanın dövlət müstəqilliyini qoruyub saxlaya biləcək, milli maraqları müdafiə edəcək, cəmiyyəti vahid məqsəd ətrafında birləşdirəcək siyasi qüvvənin formalaşmasına böyük ehtiyac var idi.
Məhz həmin tarixi zərurətdən irəli gələrək 1992-ci il oktyabrın 16-da 91 nəfər tanınmış Azərbaycan ziyalısı xalqın böyük oğlu, görkəmli dövlət xadimi Heydər Əliyevə müraciət edərək Yeni Azərbaycan Partiyasının yaradılması təşəbbüsünü irəli sürdü. Ziyalıların bu müraciəti ölkənin gələcəyinə dair dərin narahatlığın, milli məsuliyyətin və siyasi iradənin ifadəsi idi. Oktyabrın 24-də Heydər Əliyev müraciətə cavabında belə bir partiyanın yaradılmasının tarixi zərurətdən doğduğunu bildirdi və bu təşəbbüsü dəstəklədi. Beləliklə, Azərbaycanın siyasi həyatında mühüm yer tutacaq yeni siyasi təşkilatın yaradılması istiqamətində konkret addımlar atıldı.
1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Dram Teatrının binasında Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Azərbaycanın müxtəlif bölgələrini təmsil edən 550 nəfərlik təşəbbüs qrupunun iştirakı ilə baş tutan konfrans tarixi əhəmiyyət daşıyırdı. Konfransda Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar qəbul edildi, partiyanın Proqramı və Nizamnaməsi təsdiqləndi. Ulu Öndər Heydər Əliyev yekdilliklə Yeni Azərbaycan Partiyasının Sədri seçildi. Eyni zamanda, partiyanın rəhbər orqanları formalaşdırıldı. Bu qərarlar yeni siyasi təşkilatın fəaliyyət istiqamətlərini və qarşıya qoyduğu strateji məqsədləri müəyyənləşdirdi.
Yeni Azərbaycan Partiyasının yaradılması sadəcə siyasi təşkilatın təsis edilməsi deyildi. Bu, Azərbaycanın müstəqilliyinin qorunması, dövlətçiliyimizin möhkəmləndirilməsi, milli birliyin təmin olunması və ölkənin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm tarixi addım idi. Partiyanın yaranması xalqın Heydər Əliyevin siyasi təcrübəsinə, dövlətçilik irsinə və liderlik keyfiyyətlərinə olan inamının təzahürü kimi qiymətləndirilir.
Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsi, siyasi uzaqgörənliyi və qətiyyətli mövqeyi Yeni Azərbaycan Partiyasının formalaşmasında həlledici rol oynadı. Onun rəhbərliyi ilə partiya qısa müddətdə ölkənin ictimai-siyasi həyatında aparıcı qüvvələrdən birinə çevrildi. Partiyanın əsas ideoloji prinsipləri müstəqil dövlətçilik, azərbaycançılıq, milli həmrəylik, qanunun aliliyi, sosial ədalət və demokratik inkişaf kimi mühüm dəyərlərə əsaslanırdı.
1993-cü ildə Azərbaycanın üzləşdiyi ağır siyasi böhran şəraitində xalqın tələbi ilə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ölkədə sabitliyin bərpası və dövlət idarəçiliyinin möhkəmləndirilməsi istiqamətində mühüm dönüş yaratdı. Həmin dövrdən etibarən Azərbaycan dövlətçiliyinin qorunması, ölkənin beynəlxalq mövqelərinin gücləndirilməsi və iqtisadi inkişafın təmin olunması istiqamətində ardıcıl siyasət həyata keçirilməyə başlandı. Yeni Azərbaycan Partiyası da bu proseslərdə fəal siyasi qüvvə kimi çıxış etdi.
Bu gün Yeni Azərbaycan Partiyasının siyasi fəaliyyəti Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik xəttinin davam etdirilməsi ilə səciyyələnir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatlar, iqtisadi inkişaf strategiyası, sosial layihələr və beynəlxalq əməkdaşlıq təşəbbüsləri Azərbaycanın müasir inkişaf mərhələsini müəyyənləşdirir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan mühüm tarixi nailiyyətlər əldə etmiş, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir. 2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ildə suverenliyin tam bərpası xalqımızın milli birliyinin, dövlətimizin gücünün və qətiyyətli siyasətin nəticəsi kimi tarixə düşmüşdür. Bu nailiyyətlər müasir Azərbaycanın dövlətçilik tarixində yeni səhifə açmışdır.
Yeni Azərbaycan Partiyasının fəaliyyətində gənclərin, qadınların, ziyalıların və müxtəlif sosial təbəqələrin nümayəndələrinin iştirakı da xüsusi əhəmiyyət daşıyır. Partiyanın gənclərlə bağlı həyata keçirdiyi təşəbbüslər yeni nəslin vətənpərvərlik ruhunda yetişməsinə, dövlətçilik ənənələrinə bağlılığının güclənməsinə və ictimai fəallığının artmasına töhfə verir.
21 noyabr 1992-ci il tarixinin əhəmiyyəti yalnız keçmişin xatırlanması ilə məhdudlaşmır. Bu tarix həm də müstəqil Azərbaycanın siyasi inkişaf yolunun, milli həmrəyliyin və dövlətçilik ənənələrinin formalaşmasının mühüm mərhələsini özündə əks etdirir. Həmin gün yaradılan Yeni Azərbaycan Partiyası sonrakı illərdə ölkənin siyasi həyatında mühüm mövqe qazanmışdır.
Bu gün 21 Noyabr – Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirildiyi gün Ulu Öndər Heydər Əliyevin siyasi irsinə ehtiramın, dövlətçilik ənənələrinə sədaqətin və müasir Azərbaycanın inkişaf yoluna bağlılığın ifadəsi kimi qeyd olunur. Bu əlamətdar tarix hər bir vətəndaşa müstəqilliyin qorunmasının, milli birliyin möhkəmləndirilməsinin və dövlət maraqlarının üstün tutulmasının nə qədər vacib olduğunu xatırladır.
Şübhəsiz ki, 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransı Azərbaycanın müasir siyasi tarixində özünəməxsus yer tutur. Həmin gün əsası qoyulan siyasi təşkilatın fəaliyyəti ölkəmizin sonrakı inkişaf prosesləri ilə sıx bağlı olmuşdur. Yeni Azərbaycan Partiyasının yaranma tarixi xalqın gələcəyə inamının, milli iradəsinin və müstəqil dövlət quruculuğu əzminin mühüm rəmzlərindən biri kimi daim xatırlanacaqdır.
Xəyyam Vəliyev,
YAP Gədəbəy rayon təşkilatının əməkdaşı