“YAP dünənin, bu günün və gələcəyin partiyasıdır.” Ulu Öndər Heydər Əliyevin bu tarixi kəlamı Yeni Azərbaycan Partiyasının yaranma səbəbini, keçdiyi şərəfli inkişaf yolunu və gələcək hədəflərini özündə dolğun şəkildə ifadə edir. Yeni Azərbaycan Partiyası ötən illər ərzində yalnız ölkənin siyasi həyatında mühüm yer tutan təşkilat kimi deyil, həm də xalqın iradəsini, milli maraqları və güclü dövlətçilik ideyalarını özündə birləşdirən böyük siyasi qüvvə kimi formalaşmışdır. 1992-ci il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının təsis edilməsi Azərbaycanın müstəqillik tarixində mühüm hadisələrdən biri olmuşdur. Həmin dövrdə ölkədə hökm sürən siyasi böhran, idarəetmədəki qeyri-sabitlik, iqtisadi və sosial çətinliklər xalqı yeni siyasi qüvvənin yaranmasına ehtiyac duyulan bir vəziyyətə gətirmişdi. Belə bir tarixi şəraitdə Azərbaycanın tanınmış ziyalılarının təşəbbüsü və xalqın böyük dəstəyi ilə yaradılan Yeni Azərbaycan Partiyası öz üzərinə dövlətçiliyin qorunması, siyasi sabitliyin təmin edilməsi və ölkənin gələcək inkişafına istiqamət verilməsi kimi mühüm vəzifələr götürdü. Partiyanın yaranması təsadüfi siyasi hadisə deyil, cəmiyyətin tələbindən irəli gələn tarixi zərurət idi. Ulu Öndər Heydər Əliyevin siyasi müdrikliyi, zəngin dövlətçilik təcrübəsi və qətiyyətli liderliyi qısa müddətdə Yeni Azərbaycan Partiyasını xalqın etimad göstərdiyi nüfuzlu siyasi təşkilata çevirdi. Bu gün partiyanın keçdiyi tarixi yola nəzər saldıqda aydın görünür ki, onun əldə etdiyi nailiyyətlər Azərbaycanın inkişafı və dövlətçilik tarixində baş verən mühüm dəyişikliklərlə sıx bağlıdır. Ulu Öndərin müəyyən etdiyi siyasi kurs ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsinə, dövlət institutlarının formalaşdırılmasına, iqtisadi inkişafın təmin edilməsinə və Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin gücləndirilməsinə möhkəm zəmin yaratdı. Bu siyasi irs Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni dövrün çağırışlarına uyğun şəkildə uğurla davam etdirilir. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycan güclü iqtisadiyyata, müasir infrastruktura, yüksək beynəlxalq nüfuza və qüdrətli orduya malik dövlətə çevrilmişdir. Ölkəmizin əldə etdiyi ən böyük tarixi nailiyyətlərdən biri ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsidir. 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri Azərbaycanın dövlətçilik tarixində yeni səhifə açdı. Bu Zəfər uzun illər ərzində həyata keçirilən ardıcıl siyasətin, xalqımızın birliyinin, ordumuzun gücünün və Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyinin nəticəsi oldu. Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında səsləndirdiyi fikirlər partiyanın ölkənin ictimai-siyasi həyatındakı yerini və gələcək fəaliyyət istiqamətlərini bir daha aydın şəkildə ortaya qoyur. Dövlət başçısının “Ölkəmizin son illər ərzində uğurlu və şərəfli yolunda partiyamızın fəallarının çox böyük payı var, böyük töhfəsi var” fikri hər bir partiya üzvü üçün həm yüksək qiymət, həm də böyük məsuliyyətdir. Çünki siyasi təşkilatın nüfuzu yalnız onun tarixi ilə deyil, üzvlərinin gündəlik fəaliyyəti, cəmiyyətlə münasibətləri, təşəbbüskarlığı və dövlətə, xalqa xidmət prinsiplərinə sadiqliyi ilə ölçülür. Partiya üzvü olmaq, ilk növbədə, ölkənin taleyinə biganə qalmamaq, milli maraqları şəxsi maraqlardan üstün tutmaq və üzərinə düşən vəzifələri vicdanla yerinə yetirmək deməkdir. Vətənə sədaqət, dövlətçilik prinsiplərinə bağlılıq, milli-mənəvi dəyərlərə hörmət və ümummilli maraqların qorunması hər bir YAP üzvünün fəaliyyətində əsas meyar olmalıdır. Müasir dövrdə partiyanın inkişafı üçün yalnız ənənələrə sadiqlik deyil, həm də yeniliklərə açıq olmaq, müasir idarəetmə yanaşmalarını tətbiq etmək və yeni ideyaları dəstəkləmək vacibdir. Peşəkarlıq, işgüzar münasibətlər, şəxsi inkişaf, sağlam rəqabət, etik davranış, innovativ düşüncə, elmlilik və müasirlik partiyadaxili münasibətlərin əsasını təşkil etməlidir. Hər bir partiya fəalı öz bilik və bacarıqlarını artırmalı, ictimai proseslərdə fəal iştirak etməli, insanlarla ünsiyyətdə səmimiyyət və məsuliyyət nümayiş etdirməlidir. Çünki partiyanın cəmiyyətdəki nüfuzu, ilk növbədə, onun hər bir üzvünün davranışında və fəaliyyətində öz əksini tapır. Prezident İlham Əliyevin “Ulu Öndərin siyasi xətti dəyişməz olaraq qalır” fikri Yeni Azərbaycan Partiyasının ideoloji istiqamətinin və siyasi varislik prinsipinin mahiyyətini ifadə edir. Bu xətt müstəqil Azərbaycanın qorunmasına, dövlətçiliyimizin möhkəmləndirilməsinə, xalq-iqtidar birliyinin gücləndirilməsinə və ölkənin davamlı inkişafına xidmət edir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpasından sonra yaranmış yeni reallıqlar isə partiyanın qarşısında daha geniş vəzifələr müəyyənləşdirir. Prezident İlham Əliyevin VIII Qurultayda qeyd etdiyi kimi, bu qurultay ölkəmizin öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilən ilk qurultaydır. Bu tarixi mərhələ Azərbaycanın siyasi həyatında olduğu kimi, Yeni Azərbaycan Partiyasının fəaliyyətində də yeni dövrün başlanğıcıdır. Bu gün qarşıda duran əsas vəzifələrdən biri əldə edilmiş tarixi Zəfərin nəticələrini möhkəmləndirmək, işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərini sürətləndirmək, Böyük Qayıdış proqramının uğurla həyata keçirilməsinə dəstək vermək və Azərbaycanın gələcək inkişafına töhfə verməkdir. Bu proseslərdə partiya fəallarının üzərinə də mühüm məsuliyyət düşür. Onlar dövlət siyasətinin mahiyyətini cəmiyyətə çatdırmalı, ictimai fəallığı artırmalı, vətəndaşlarla sıx təmasda olmalı və ölkədə həyata keçirilən islahatların təbliğində fəal iştirak etməlidirlər. Yeni Azərbaycan Partiyasının Lənkəran rayon təşkilatı da ümumrespublika səviyyəsində müəyyənləşdirilmiş məqsəd və vəzifələrin yerli səviyyədə həyata keçirilməsinə öz töhfəsini verir. Rayon təşkilatının fəaliyyəti partiya üzvləri ilə işin gücləndirilməsi, ideoloji maarifləndirmə, gənclərin ictimai-siyasi proseslərə cəlb olunması, milli-mənəvi dəyərlərin təbliği və dövlətçilik ənənələrinin qorunması istiqamətlərini əhatə edir. Müxtəlif mövzularda keçirilən tədbirlər, görüşlər, konfranslar, maarifləndirici layihələr və sosial təşəbbüslər partiyanın cəmiyyətdəki mövqeyinin möhkəmləndirilməsinə xidmət edir. Lənkəran rayon təşkilatının qarşısında dayanan əsas hədəflərdən biri də partiya üzvlərinin təşəbbüskarlığının artırılması, onların potensialından səmərəli istifadə edilməsi və xüsusilə gənc nəslin dövlətçilik ideyaları ətrafında birləşdirilməsidir. Çünki sağlam ideoloji düşüncəyə, yüksək bilik və dünyagörüşünə malik gənclərin yetişdirilməsi Azərbaycanın gələcək inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Gənclərə göstərilən diqqət, onların ictimai fəaliyyətə cəlb olunması və təşəbbüslərinin dəstəklənməsi partiyanın gələcək gücünün formalaşmasına xidmət edir. Yeni Azərbaycan Partiyasının 34 illik tarixi bir daha təsdiq edir ki, xalqın etimadı ilə yaranan, milli maraqlara söykənən və güclü liderlik ənənələrinə malik siyasi təşkilat zamanın sınaqlarından uğurla çıxaraq inkişafını davam etdirə bilər. Partiyanın keçdiyi yol, əldə etdiyi nailiyyətlər və qarşıya qoyduğu məqsədlər onun gələcəyə inamla addımladığını göstərir. Bu gün YAP-ın hər bir üzvü yaxşı dərk etməlidir ki, partiyaya mənsub olmaq yalnız bir siyasi təşkilatın üzvü olmaq deyil, həm də Azərbaycanın inkişafına, dövlətçiliyimizin möhkəmlənməsinə və xalqımızın rifahına xidmət etmək məsuliyyətini daşımaqdır. İnanırıq ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sədaqət, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətə dəstək və xalqımızın birliyi Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyətinin də əsasını təşkil edəcəkdir. Yeni Azərbaycan Partiyası dünənin zəngin tarixi təcrübəsini, bu günün güclü siyasi mövqeyini və gələcəyin inkişaf hədəflərini özündə birləşdirən xalq partiyası olaraq Azərbaycanın tərəqqisinə bundan sonra da mühüm töhfələr verəcəkdir.
Böyükağa Axundov
Yeni Azərbaycan Partiyası Lənkəran rayon təşkilatının əməkdaşı