PDF Oxu

Siyasət

  • 991

Azərbaycan-Vyetnam: qarşılıqlı etimad, ortaq maraqlar və yeni perspektivlər

Azərbaycan-Vyetnam: qarşılıqlı etimad, ortaq maraqlar və yeni perspektivlər

Azərbaycanın xarici siyasətində dost ölkələrlə münasibətlərin inkişafı, beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi və milli maraqlara əsaslanan tərəfdaşlıq əlaqələrinin möhkəmləndirilməsi mühüm yer tutur. Bu baxımdan Cənub-Şərqi Asiyanın dinamik inkişaf edən ölkələrindən biri olan Vyetnamla əlaqələr xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin noyabrın 19-da Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə iki ölkə arasındakı münasibətlərin mahiyyətini, strateji prioritetlərini və gələcək əməkdaşlığın əsas istiqamətlərini geniş şəkildə ortaya qoyur.

Dövlət başçısının müsahibəsi Azərbaycanın xarici siyasətinin mühüm xüsusiyyətlərindən birini – coğrafi baxımdan uzaq, lakin siyasi və iqtisadi maraqlar baxımından yaxın tərəfdaşlarla münasibətlərin ardıcıl inkişaf etdirilməsini nümayiş etdirir. Azərbaycan və Vyetnam müxtəlif regionlarda yerləşsələr də, qarşılıqlı hörmətə, müstəqillik və suverenlik prinsiplərinə, bərabərhüquqlu əməkdaşlığa əsaslanan münasibətləri ilə bir-birinə yaxınlaşırlar. Bu əlaqələrin möhkəm tarixi təməli isə müasir dövrdə yeni məzmun və strateji əhəmiyyət qazanır.
Azərbaycan-Vyetnam münasibətlərinin özünəməxsusluğu ondadır ki, bu dostluq uzun illər ərzində müxtəlif siyasi və iqtisadi dəyişikliklərə baxmayaraq qorunub saxlanılıb. 1959-cu ildə Ho Şi Minin Bakıya səfəri ilə başlanan əlaqələrin inkişafında Ümummilli Lider Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri mühüm mərhələ təşkil edib. Həmin dövrdə yaradılan əməkdaşlıq ənənələri sonrakı illərdə dövlətlərarası münasibətlərin inkişafı üçün etibarlı zəmin formalaşdırıb.
Müstəqillik dövründə bu münasibətlərin yeni siyasi məzmun qazanması Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli xarici siyasətin nəticəsidir. 2014-cü ildə dövlət başçısının Vyetnama dövlət səfəri, 2015-ci ildə Vyetnam Prezidentinin Azərbaycana səfəri siyasi dialoqun davamlılığını təmin edib. 2025-ci ilin mayında Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri və Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması isə münasibətlərin inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcı olub. Bu sənədin əhəmiyyəti ondan ibarətdir ki, tərəflər ənənəvi dostluq münasibətlərini konkret əməkdaşlıq mexanizmləri ilə möhkəmləndirmək niyyətlərini nümayiş etdiriblər. Energetika, investisiya, müdafiə, hüquq, rəqəmsal inkişaf, innovasiya və digər sahələri əhatə edən sənədlər əməkdaşlığın geniş gündəliyə malik olduğunu təsdiqləyir. Beləliklə, siyasi iradə iqtisadi və institusional əməkdaşlığın genişlənməsi üçün real imkanlara çevrilir.
İkitərəfli münasibətlərin möhkəmlənməsində siyasi dialoqla yanaşı, beynəlxalq platformalardakı qarşılıqlı fəaliyyət də mühüm rol oynayır. Azərbaycan və Vyetnam BMT, Qoşulmama Hərəkatı, AQEM və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edirlər. Prezident İlham Əliyevin müsahibəsində Vyetnamın Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına verdiyi dəstəyin xüsusi qeyd olunması qarşılıqlı etimadın mühüm göstəricisidir. Xüsusilə Vyetnamın 44 günlük Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi nümayiş etdirdiyi ədalətli mövqe Azərbaycan tərəfindən yüksək qiymətləndirilir. Dövlətlər arasında həqiqi dostluq yalnız iqtisadi maraqlarla deyil, həm də mühüm tarixi məqamlarda nümayiş etdirilən prinsipial mövqe və qarşılıqlı dəstəklə möhkəmlənir.
İqtisadi əməkdaşlığın genişləndirilməsi Azərbaycan-Vyetnam tərəfdaşlığının əsas prioritetlərindəndir. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin 150 milyon ABŞ dollarını ötüb keçməsi müsbət göstərici olsa da, mövcud potensial daha böyükdür. Azərbaycan və Vyetnamın iqtisadi imkanları, istehsal və ixrac strukturları, regional bazarlara çıxış üstünlükləri qarşılıqlı ticarətin artırılması üçün əlverişli şərait yaradır.
Azərbaycanın neft-qaz sahəsində zəngin təcrübəsi, SOCAR-ın beynəlxalq fəaliyyəti və Vyetnamın enerji ehtiyatlarının işlənilməsi sahəsində imkanları qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə şərait yaradır. SOCAR ilə PetroVietnam arasında 2025-ci ildə imzalanmış Anlaşma Memorandumu bu əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Neft-qaz yataqlarının kəşfiyyatı, işlənilməsi, texniki xidmətlər və kadr hazırlığı sahələrində əməkdaşlıq iqtisadi əlaqələrə yeni dinamika qazandıracaq. Bununla yanaşı, Azərbaycanın yaşıl enerji strategiyası da Vyetnam şirkətləri üçün yeni investisiya imkanları yaradır. Günəş və külək enerjisi layihələri, müasir infrastrukturun qurulması və sənaye sahəsində birgə təşəbbüslər iqtisadi tərəfdaşlığın şaxələndirilməsinə xidmət edir. “ROX Group” şirkətinin Azərbaycanda bu istiqamətlərdə layihələrə maraq göstərməsi, 2026-cı ilin sentyabrında Bakıda keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində müvafiq sənədlərin imzalanması qarşılıqlı iqtisadi marağın konkret ifadəsidir.
Azərbaycanın geostrateji mövqeyi də Vyetnamla münasibətlərin inkişafında mühüm üstünlükdür. Ölkəmizin Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən nəqliyyat marşrutları üzərində yerləşməsi beynəlxalq logistika sistemində rolunu artırır. Orta Dəhliz və Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi Vyetnamdan Avropaya və əks istiqamətdə yüklərin daşınması üçün geniş imkanlar yaradır. 2026-cı ilin yanvar-sentyabr aylarında tranzit daşımalarının təxminən altı dəfə artaraq 8 min tonu keçməsi bu sahədə əməkdaşlığın perspektivlərini təsdiqləyir. Dövlətimizin başçısının qeyd etdiyi kimi, bu gün Vyetnam Cənub-Şərqi Asiyada dinamik inkişaf edən ölkədir, Azərbaycan isə Cənubi Qafqazda əsas logistika və energetika habıdır: “Qüvvələrimizi birləşdirərək yeni bazarlara çıxa, birgə layihələr həyata keçirə, biznes və investisiya üçün əlavə imkanlar yarada bilərik. Sözsüz ki, əməkdaşlığımız ölkələrimizə və xalqlarımıza nəzərəçarpan fayda gətirə biləcək böyük quruculuq potensialına malikdir”.
Azərbaycanın nəqliyyat infrastrukturu, liman və dəmir yolu imkanları, logistika xidmətləri Vyetnam şirkətlərinin Avropa bazarlarına çıxışını asanlaşdıracaqdır. Eyni zamanda, bu əməkdaşlıq ölkəmizin tranzit potensialının daha səmərəli istifadəsinə və beynəlxalq nəqliyyat əlaqələrinin genişlənməsinə töhfə verəcəkdir. Deməli, Azərbaycan-Vyetnam tərəfdaşlığı yalnız ikitərəfli ticarətin artırılması deyil, həm də müxtəlif regionlar arasında iqtisadi bağlantıların gücləndirilməsi baxımından əhəmiyyətlidir.
Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə müsahibəsində ifadə olunan fikirlər 2026-cı il noyabrın 19-21-də həyata keçirilən rəsmi səfərin məqsəd və məramı ilə də uzlaşır. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, imzalanan birgə sənədlər və əldə olunan razılaşmalar strateji tərəfdaşlığın praktik müstəvidə möhkəmləndirilməsinə yönəlib. Bu, iki ölkənin münasibətləri yeni mərhələyə daşımaq istiqamətində siyasi iradəsinin göstəricisidir.
Azərbaycan və Vyetnam arasında formalaşmış strateji tərəfdaşlıq gələcəkdə daha geniş iqtisadi layihələrin, yeni investisiya təşəbbüslərinin və çoxşaxəli əməkdaşlıq proqramlarının reallaşdırılması üçün möhkəm zəmin yaradacaq. Tarixi dostluğun müasir dövrün tələbləri ilə uzlaşdırılması isə hər iki xalqın maraqlarına xidmət edən uzunmüddətli tərəfdaşlığın başlıca təminatıdır.

Nurlan Həsənov
Milli Məclisin deputatı

Digər xəbərlər