PDF Oxu

Siyasət

  • 272

Azərbaycan–Vyetnam dostluğunun tarixi kökləri və yeni əməkdaşlıq perspektivləri - ŞƏRH

Azərbaycan–Vyetnam dostluğunun tarixi kökləri və yeni əməkdaşlıq perspektivləri - ŞƏRH

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 noyabr 2026-cı il tarixində Vyetnam Xəbər Agentliyinə (VNA) verdiyi müsahibə iki ölkə arasında münasibətlərin tarixi əsaslarını, mövcud əməkdaşlığın istiqamətlərini və gələcək inkişaf perspektivlərini əhatə edən mühüm siyasi hadisə kimi diqqət çəkir. Dövlət başçısının müsahibəsində Azərbaycan–Vyetnam əlaqələrinin təxminən 70 illik tarixinə nəzər salınmış, xalqlarımız arasında formalaşmış dostluq münasibətlərinin əhəmiyyəti xüsusi vurğulanmışdır.

Prezident İlham Əliyev müsahibəsində iki ölkə arasındakı münasibətlərin təməlində dayanan tarixi hadisələrə toxunaraq bildirmişdir ki, 1959-cu ildə Vyetnam Demokratik Respublikasının Prezidenti Ho Şi Minin Bakıya unudulmaz səfəri Azərbaycan–Vyetnam dostluğunun başlanğıc nöqtəsidir.

Azərbaycan ilə Vyetnam arasında dostluq münasibətləri dərin tarixi köklərə malikdir. Bu münasibətlərin formalaşmasında 1959-cu ildə Ho Şi Minin Bakıya səfəri mühüm rol oynamışdır. Həmin səfər zamanı Vyetnam liderinin Azərbaycanın neft sənayesi ilə yaxından tanış olması, ölkəmizin sənaye və iqtisadi potensialına göstərdiyi maraq gələcək əməkdaşlığın əsasını qoymuşdur.

Bu tarixi dostluğun inkişafında Ümummilli Lider Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri də xüsusi əhəmiyyət daşıyır. Səfər çərçivəsində əldə olunan razılaşmalar Vyetnam iqtisadiyyatının inkişafına, müxtəlif sahələrdə əlaqələrin genişlənməsinə mühüm töhfə vermişdir. Beləliklə, Azərbaycan və Vyetnam arasında qarşılıqlı etimada, hörmətə və həmrəyliyə əsaslanan münasibətlər formalaşmışdır.

Prezident İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət səfəri, 2015-ci ildə Vyetnam Prezidentinin Azərbaycana cavab səfəri ikitərəfli əlaqələrin inkişafında növbəti mühüm mərhələlər olmuşdur. 2025-ci ildə Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana ilk dövlət səfəri və həmin səfər zamanı Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi isə münasibətləri keyfiyyətcə yeni mərhələyə yüksəltmişdir.

Bu gün Azərbaycan ilə Vyetnam arasında siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji, nəqliyyat və logistika sahələrində əlaqələr uğurla inkişaf edir. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin 150 milyon ABŞ dollarını ötməsi əməkdaşlığın iqtisadi potensialını nümayiş etdirir. SOCAR və Vyetnamın PetroVietnam şirkəti arasında əməkdaşlığın genişləndirilməsi, həmçinin Orta Dəhliz vasitəsilə yükdaşımaların inkişafı qarşılıqlı iqtisadi maraqların reallaşdırılması baxımından mühüm imkanlar yaradır.

Prezident İlham Əliyevin müsahibəsində humanitar əlaqələr, xeyriyyəçilik, elm və təhsil sahəsində əməkdaşlıq xüsusi yer tutmuşdur. Dövlət başçısı vurğulamışdır ki, humanitar əməkdaşlıq xalqlarımızı və dövlətlərimizi birləşdirən mühüm körpüdür. Onilliklər ərzində bu əlaqələr təhsil təşəbbüsləri, xeyriyyə layihələri və müntəzəm mədəniyyət mübadiləsi vasitəsilə daha da möhkəmlənmişdir.

Bu istiqamətdə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi qeyd olunmalıdır. Fondun Vyetnamda həyata keçirdiyi humanitar təşəbbüslər, o cümlədən Ha Giang əyalətində ibtidai məktəbin tikintisi və müxtəlif təhsil proqramlarına göstərilən dəstək iki xalq arasında dostluq münasibətlərinin möhkəmlənməsinə xidmət edir. 2025-ci ildə Fondun vitse-prezidenti Leyla Əliyevanın Vyetnama səfəri də bu baxımdan əlamətdar olmuşdur. Səfər zamanı müxtəlif görüşlər keçirilmiş, Hanoi Ticarət və Turizm Kollecinə maliyyə yardımı göstərilmişdir.

Elm və təhsil sahəsində əməkdaşlığın tarixi ənənələri də kifayət qədər zəngindir. Sovet dövründə təxminən 5 min Vyetnam vətəndaşının Azərbaycanda təhsil alması iki ölkə arasında elmi və akademik əlaqələrin möhkəm əsasını təşkil edir. Həmin şəxslər Azərbaycanda qazandıqları bilik və təcrübəni sonradan öz ölkələrinin inkişafına yönəltmişlər. Bu gün də hər iki ölkənin aparıcı ali təhsil müəssisələri arasında əməkdaşlıq müqavilələri və anlaşma memorandumları imzalanır. Vyetnam vətəndaşlarının Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün nəzərdə tutulmuş təhsil qrantı proqramlarında iştirak etmək imkanları da mövcuddur.

2025-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minin xatirə otağının açılması tarixi dostluğun rəmzi ifadəsinə çevrilmişdir. Mədəniyyət sahəsində də əlaqələr genişlənməkdədir. Azərbaycanda ənənəvi olaraq Vyetnam Günlərinin keçirilməsi, 2026-cı ildə festivalın ilk dəfə Bakı və Qəbələ şəhərlərini əhatə etməsi, Vyetnam şairi May Van Phanın şeirlər toplusunun Azərbaycanda nəşri xalqlarımızın mədəni yaxınlaşmasına xidmət edir.

Bütün bunlarla yanaşı, Azərbaycanın Vyetnamda 2024-cü ildə baş vermiş Yagi tayfununun və 2025-ci ildəki genişmiqyaslı daşqınların nəticələrinin aradan qaldırılmasına maliyyə yardımı göstərməsi ölkəmizin humanizm və beynəlxalq həmrəylik prinsiplərinə sadiqliyini nümayiş etdirir.

Nəticə etibarilə, Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə Azərbaycan–Vyetnam münasibətlərinin yalnız keçmişin zəngin dostluq ənənələrinə deyil, həm də gələcəyə hesablanmış strateji tərəfdaşlığa əsaslandığını bir daha təsdiqləyir. 1959-cu ildə Ho Şi Minin Bakı səfəri ilə möhkəm təməli qoyulan bu dostluq bu gün siyasi, iqtisadi, elmi, təhsil və humanitar sahələrdə yeni məzmun qazanır. Əminliklə demək olar ki, qarşılıqlı hörmət və etimada söykənən əməkdaşlıq bundan sonra da hər iki xalqın rifahına və dövlətlərimizin inkişafına mühüm töhfələr verəcəkdir.

Vəfa Məmmədova
YAP Kəngərli rayon təşkilatının fəalı

Digər xəbərlər