Mətləb Salahov: “Baş nazirin xalqın yeni Konstitusiyaya səs verməyəcəyi təqdirdə istefa verəcəyini bildirməsi, Ermənistan üçün ciddi siyasi məsələdir”
“Nikol Paşinyanın yeni Ermənistan Konstitusiyası və Azərbaycanla möhkəm sülh barədəki bəyanatı, bu barədə xalqa müraciət etməsi ciddi siyasi səbəbləri gündəmə gətirir. Ermənistan hökümətinin rəhbəri bölgədəki yeni siyasi həssas duruma diqqət çəkərək, erməni xalqını Azərbaycanla qalıcı sülhə səs verməyə çağırır, bu baş verməyəcəyi təqdirsə isə istefa verəcəyini bəyan edib. Bəyanatdakı bu fikirlər artıq N.Paşinyanın “topu” erməni xalqına atdığını göstərir. Yəni, referendumun nəticələrinə görə artıq xalq öz taleyinə görə özü cavabdehdir”.
Bu fikirləri SİA-ya açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. O, hazırkı mərhələdə Ermənistan dövlətinin və xalqının ciddi taleyüklü məsələ qarşısında olduğunu, xalqın daşnak faşizmi, təcavüzkar siyasətlə qonşularla dinc yanaşı yaşamaq arasında seçim etməli olduğunu deyib.
“Diqqət edin, N.Paşinyan erməni xalqına müraciətində nə deyir? “Xalq yeni Konstitusiyanın əleyhinə səs versə, istefa verəcəyəm. Lehinə səs verərsə, növbəti seçkilərdə baş nazir vəzifəsinə namizədliyimi irəli sürməyəcəyəm. Ermənistanın xarici siyasətinin məqsədi sülhün təmin edilməsidir və bu, mühüm əhəmiyyət daşıyan sənəddir. Bəli, bu sənəd 1990-cı il avqustun 23-də qəbul edilmiş Müstəqillik Bəyannaməsini, yəni münaqişə məntiqini rədd edir. Müxalifəti yeni Konstitusiya layihəsinin referenduma çıxarılması ilə bağlı qərarı dəstəkləməyə çağırıram ki, ümumxalq səsverməsini keçirə bilək”, – o bildirib.
Bu müraciətdə hazırkı hökümət rəhbəri həm də erməni ümxalifətinin də siyasi məsuliyyət daşıdığını, onları referendumun keçirilməsi üçün siyasi dəstək olmağa dəvət edib. Bu həm də xalqla yanaşı erməni müxalifətinin də üzərinə siyasi məsuliyyət qoymaqdır. Çox güman ki, N.Paşinyan Ermənistan parlamentində yer alan revanşist müxalifəti nəzərdə tutur. Rəsmi İrəvan öz tarixi üçün çox gərgin bir dövrə qədəm qoyur. Hazırkı hökümət rəhbərinin də qeyd etdiyi kimi, erməni xalqı ya daşnak faşizmini, ya da Azərbaycan xalqı ilə möhkəm və qalıcı sülhü seçməlidir. Referendumda yeni Konstitusiya layihəsinə qarşı qərar çıxarsa, bu bölgədəki yeni inkişaf siyasətindən daha çox Ermənistanın özünün məhvinə səs vermək olacaq. N.Paşinyan işin içində olan adam kimi bunu əla anlayır, qalır erməni xalqının anlamasına.”
Afət Tahirqızı