Azərbaycan ilə Vyetnam arasında münasibətlər uzun illər ərzində formalaşmış dostluq ənənələri, qarşılıqlı hörmət və əməkdaşlıq prinsipləri üzərində inkişaf edir. Prezident İlham Əliyevin 19 noyabr 2026-cı ildə Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə iki ölkə arasındakı əlaqələrin mövcud vəziyyətini və gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoyur. Dövlət başçısının müsahibəsində səsləndirdiyi fikirlər göstərir ki, Bakı və Hanoi münasibətləri artıq yalnız siyasi dialoq və tarixi dostluq çərçivəsi ilə məhdudlaşmır, iqtisadi tərəfdaşlığın genişləndirilməsi və beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı istiqamətində yeni imkanlar açılır.
Azərbaycan–Vyetnam münasibətlərinin təməli ötən əsrin ortalarında qoyulub. 1959-cu ildə Vyetnamın dövlət başçısı Ho Şi Minin Bakıya səfəri, 1983-cü ildə Heydər Əliyevin Vyetnama rəhbərlik etdiyi nümayəndə heyətinin səfəri bu əlaqələrin tarixində mühüm mərhələlər təşkil edir. 2025-ci ildə Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri və iki ölkə arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin qəbul edilməsi münasibətləri daha yüksək səviyyəyə yüksəldib. Bu sənəd siyasi iradənin konkret əməkdaşlıq istiqamətlərinə çevrilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyevin müsahibəsində diqqət çəkən əsas məqamlardan biri Azərbaycan və Vyetnam arasında iqtisadi-ticarət əlaqələrinin inkişafıdır. Dövlət başçısının bildirdiyi kimi, 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 150 milyon ABŞ dollarını ötüb. Bu göstərici əməkdaşlığın mövcud səviyyəsini əks etdirir, Azərbaycan və Vyetnamın iqtisadi potensialı ilə müqayisədə daha geniş imkanların olduğunu göstərir. İqtisadi münasibətlərin inkişafında enerji sektoru xüsusi yer tutur. Azərbaycan ilə Vyetnam arasında neft sənayesi sahəsində əməkdaşlığın tarixi kökləri mövcuddur. SOCAR və Vyetnamın PetroVietnam şirkəti arasında əlaqələrin gücləndirilməsi, neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsi, texniki xidmətlər, mütəxəssis hazırlığı kimi istiqamətlərdə əməkdaşlıq iki ölkənin iqtisadi maraqlarına xidmət edir.
Vyetnam şirkətlərinin Azərbaycanda investisiya layihələrinə maraq göstərməsi iqtisadi tərəfdaşlığın yeni istiqamətlər üzrə genişləndiyini təsdiqləyir. Tikinti, infrastruktur, bərpaolunan enerji və sənaye sahələrində birgə layihələrin həyata keçirilməsi ticarət əlaqələrini daha dayanıqlı və çoxşaxəli edəcəkdir. İqtisadi əməkdaşlıq mövcud ticarət dövriyyəsinin artırılması ilə yanaşı yeni istehsal və investisiya imkanlarının yaradılması ilə də ölçülür.
Azərbaycanın coğrafi mövqeyi ölkəni Şərqlə Qərb arasında mühüm nəqliyyat və logistika qovşağına çevirir. Prezident İlham Əliyevin müsahibəsində tranzit daşımaları ilə bağlı səsləndirdiyi rəqəmlər bu üstünlüyün Azərbaycan–Vyetnam əməkdaşlığında da real iqtisadi nəticələr verdiyini göstərir. 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan ərazisindən keçən tranzit yükdaşımalarının həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə təxminən altı dəfə artaraq 8 min tonu ötüb. Bu dinamika Vyetnamdan Avropaya və əks istiqamətdə daşınan yüklər üçün Azərbaycanın nəqliyyat infrastrukturundan istifadənin genişləndiyini nümayiş etdirir. Orta Dəhliz və Şimal–Cənub nəqliyyat dəhlizi Azərbaycanı beynəlxalq ticarət marşrutlarının mühüm iştirakçısına çevirir. Vyetnam kimi Cənub-Şərqi Asiyanın sürətlə inkişaf edən iqtisadiyyatının bu marşrutlarla əlaqələndirilməsi həm ölkələr arasında ticarətin artmasına, həm də Azərbaycanın tranzit potensialının daha səmərəli istifadəsinə şərait yaradacaq. Tranzit daşımalarının inkişafı yalnız yük həcmlərinin artması demək deyil. Bu proses logistika xidmətlərinin genişlənməsi, yeni iş yerlərinin yaradılması, nəqliyyat sektoruna investisiyaların cəlb edilməsi və Azərbaycanın beynəlxalq iqtisadi əlaqələrdə mövqeyinin möhkəmlənməsi ilə müşayiət olunacaq.
“Dost Vyetnama səfərim əminəm ki, Azərbaycan və Vyetnam arasında qarşılıqlı faydalı tərəfdaşlığın dərinləşdirilməsində daha bir mühüm addım olacaq.” Prezident İlham Əliyevin Vyetnama səfər ərəfəsində səsləndirdiyi bu fikirlər iki ölkə arasında münasibətlərin gələcək inkişafına verilən siyasi qiyməti ifadə edir. Səfərin əsas əhəmiyyəti mövcud dostluq əlaqələrinin daha konkret iqtisadi və siyasi nəticələrlə möhkəmləndirilməsindədir. Azərbaycan və Vyetnam müxtəlif regionlarda yerləşsələr də, hər iki ölkənin beynəlxalq əməkdaşlıqda qarşılıqlı fayda prinsipinə əsaslanması tərəfdaşlıq üçün geniş imkanlar yaradır. Azərbaycanın enerji, nəqliyyat və logistika sahələrində təcrübəsi, Vyetnamın isə Cənub-Şərqi Asiyada artan iqtisadi çəkisi iki ölkənin bir-birini tamamlayan üstünlükləridir.
Bu baxımdan Prezident İlham Əliyevin müsahibəsi Azərbaycan–Vyetnam münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərən mühüm siyasi mesajdır. Tarixi dostluq artıq iqtisadi əməkdaşlıq, investisiya, tranzit daşımaları və beynəlxalq bazarlara çıxış kimi konkret istiqamətlərdə möhkəmlənir. Bakı və Hanoi arasında əlaqələrin gələcək inkişafı hər iki ölkənin iqtisadi maraqlarına xidmət etməklə yanaşı, Asiya ilə Avropa arasında əməkdaşlığın genişlənməsinə də töhfə verəcək. Azərbaycan bu tərəfdaşlıq vasitəsilə beynəlxalq nəqliyyat və logistika sistemindəki mövqeyini daha da gücləndirəcək, Vyetnam isə Avropa bazarlarına çıxış imkanlarını genişləndirəcək.
Prezident İlham Əliyevin Vyetnam Xəbər Agentliyinə verdiyi müsahibə iki ölkə arasında münasibətlərin yalnız diplomatik dostluq deyil, həm də uzunmüddətli və qarşılıqlı faydalı strateji əməkdaşlıq üzərində qurulduğunu təsdiqləyir.
Qismət Həbibov
YAP Biləsuvar rayon təşkilatının Yuxarı Ağalı kənd ərazi partiya təşkilatının sədri