PDF Oxu

Siyasət

  • 921

Kəlbəcərin dirçəlişi Böyük Qayıdışın mühüm strateji hədəflərindəndir

Kəlbəcərin dirçəlişi Böyük Qayıdışın mühüm strateji hədəflərindəndir

Azərbaycanın ərazi bütövlüyünün bərpası ölkəmizin müasir tarixində yeni siyasi, iqtisadi və sosial reallıqlar yaratdı. Bu reallıqların mühüm istiqamətlərindən biri işğaldan azad edilmiş ərazilərin bərpası, iqtisadi potensialının ölkənin ümumi inkişafına inteqrasiyası və əhalinin doğma yurdlarına qayıdışının təmin edilməsidir. Kəlbəcər bu prosesin mühüm ünvanlarından biri kimi xüsusi əhəmiyyət daşıyır.

Qədim tarixi, zəngin mədəni irsi və əlverişli təbii sərvətləri ilə seçilən Kəlbəcər Azərbaycanın mühüm bölgələrindəndir. Xudavəng monastır kompleksi, qədim yaşayış məskənləri və digər tarixi abidələr rayonun zəngin keçmişini nümayiş etdirir. Bu irsin qorunması və gələcək nəsillərə çatdırılması mühüm vəzifələrdəndir. Dağlıq relyefi, geniş yaylaqları, meşələri, su ehtiyatları və İstisu mineral bulaqları isə Kəlbəcərin iqtisadi və turizm potensialını artırır. Lakin 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi rayonun inkişafını uzun müddət dayandırdı. Əhali doğma yurdlarından didərgin salındı, yaşayış məntəqələri və sosial infrastruktur dağıdıldı, tarixi-mədəni irsə ciddi ziyan dəydi. 511 dinc sakinin öldürülməsi, 321 nəfərin əsir götürülməsi və itkin düşməsi faciənin ağır nəticələrini göstərir. BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin tələblərinə baxmayaraq, Ermənistan uzun illər işğala son qoymadı.
Azərbaycan isə ərazi bütövlüyünün bərpası məqsədindən dönmədi. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Güclü iqtisadiyyatın, müasir ordunun və beynəlxalq mövqelərin möhkəmləndirilməsi 2020-ci ildə Vətən müharibəsində tarixi Qələbəni şərtləndirən əsas amillər oldu. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata uyğun olaraq noyabrın 25-də Kəlbəcər rayonunun Azərbaycana qaytarılması milli iradənin və siyasi qətiyyətin təntənəsi idi. Bu hadisə uzun illər davam edən məcburi köçkünlük dövrünün başa çatması və bölgədə yeni həyatın başlanması üçün tarixi imkan yaratdı.
Bu gün Kəlbəcərdə genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Şəhərin 2040-cı ilədək inkişafına dair Baş planın təsdiqlənməsi müasir yaşayış mühitinin formalaşdırılması baxımından mühüm addımdır. Plana əsasən, şəhərin ərazisinin 290 hektara, əhalisinin isə 17 min nəfərə çatdırılması nəzərdə tutulur. Yeni yaşayış binaları, məktəblər, səhiyyə müəssisələri, mədəniyyət obyektləri və ictimai məkanlar şəhərin gələcək simasını müəyyən edəcək.
İnfrastruktur layihələri də rayonun inkişafında mühüm rol oynayır. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu və Murovdağ tuneli bölgənin nəqliyyat əlçatanlığını artırır, digər ərazilərlə əlaqələrini gücləndirir. Bu layihələr turizmin, sahibkarlığın və iqtisadi fəallığın genişlənməsi üçün yeni imkanlar yaradır.
Kəlbəcərin iqtisadi potensialı çoxşaxəlidir. Geniş yaylaqlar heyvandarlıq və arıçılığın, mineral su ehtiyatları sağlamlıq turizminin, dağlıq ərazilər isə ekoloji və dağ turizminin inkişafına əlverişli şərait yaradır. Kiçik və orta sahibkarlığın genişləndirilməsi, xidmət sektorunun inkişafı yeni iş yerlərinin açılmasına və əhalinin məşğulluğuna töhfə verəcək. Bununla yanaşı, təbii landşaftın qorunması, su ehtiyatlarından səmərəli istifadə və ekoloji tarazlığın saxlanılması quruculuq siyasətinin əsas prinsipləri olmalıdır.
Bölgənin dirçəlişinin başlıca məqsədi insanların doğma torpaqlarında layiqli yaşayış şəraitinin təmin edilməsidir. Böyük Qayıdış Proqramı çərçivəsində Kəlbəcərə sakinlərin köçürülməsi bu istiqamətdə mühüm mərhələdir. 2025-ci ilin avqustundan başlanan məskunlaşma prosesi nəticəsində rayonda 162 ailə, ümumilikdə 681 nəfər yaşayışla təmin olunub. Bu, doğma yurda qayıdışın ardıcıl şəkildə davam etdiyini göstəricisidir.
Davamlı məskunlaşma üçün yaşayış evləri ilə yanaşı, təhsil, səhiyyə, sosial xidmətlər və məşğulluq imkanlarının yaradılması da vacibdir. İnsanların burada işləməsi, övladlarının doğma yurdda təhsil alması və sahibkarlıq fəaliyyəti ilə məşğul olması Kəlbəcərin gələcək inkişafının əsas göstəriciləridir.
25 noyabr – Kəlbəcər şəhəri günü xalqımızın yaddaşında azadlığın və tarixi ədalətin bərpasının rəmzi kimi yaşayır. Bu əlamətdar tarix şəhidlərin fədakarlığını, qazilərin qəhrəmanlığını və dövlətimizin qətiyyətini ehtiramla yad etmək üçün də mühüm fürsətdir. Kəlbəcərin azadlığı milli birliyimizin və güclü dövlətçilik iradəmizin təntənəsidir.
Bu gün Kəlbəcərdə həyata keçirilən quruculuq işləri, iqtisadi layihələr, tarixi irsin qorunması və əhalinin doğma yurda qayıdışı vahid məqsədə – bölgədə davamlı həyatın qurulmasına xidmət edir. Əminliklə demək olar ki, Kəlbəcər azadlığın yaratdığı imkanları real inkişaf nəticələrinə çevirərək yeni tarixini yazır. Bu qədim diyarın dirçəlişi Azərbaycanın dövlətçilik gücünün, milli həmrəyliyinin və quruculuq əzminin parlaq ifadəsidir.

Mahir Süleymanlı
Milli Məclisin deputatı

Digər xəbərlər