Ölkədə aparılan geniş abadlıq və quruculuq işləri davam edir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 28-də Bakıdakı Səməd Vurğun və "Muğam" bağlarında aparılmış əsaslı bərpa və yenidənqurma işləri ilə tanış olublar.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Prezident İlham Əliyevə bu istirahət guşələrində aparılan yenidənqurma tədbirləri barədə ətraflı məlumat verdi.
Bildirildi ki, görkəmli şairin adını daşıyan bağ Azərbaycan Prezidentinin Bakı şəhərində parkların və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı verdiyi tapşırıqlara əsasən abadlaşdırılıb. Burada əhalinin istirahəti üçün ən müasir şərait yaradılıb. Qeyd olundu ki, Səməd Vurğun bağının ərazisi genişləndirilərək 26 min kvadratmetrə çatdırılıb. Bağın asfalt örtüyü sökülərək yerinə qranit və mərmər plitələr döşənib. Səməd Vurğun bağında şairin möhtəşəm abidəsi də təmirdən sonra yeni görkəm alıb. Azərbaycan Prezidenti və xanımı bağın ərazisini gəzdilər, yaradılan şəraitlə yaxından tanış oldular. İtaliyalı mütəxəssislər tərəfindən tikilmiş fəvvarə bağa xüsusi yaraşıq verir. Yenidən qurulan hər iki bağdakı işıqlandırma sistemi italiyalı mütəxəssislər tərəfindən quraşdırılıb və Venesiya üslubundadır. Səməd Vurğun bağında nəfis yaşıllıq guşələri yaradılıb, 24 mindən çox dekorativ gül və bəzək kolları əkilib. Burada milli və beynəlxalq təcrübə yüksək peşəkarlıqla uzlaşdırılıb. Bu istirahət guşələrində çox rahat və gözəl dizayna malik oturacaqlar quraşdırılıb. Prezident İlham Əliyevə məlumat verildi ki, hər iki bağın ətrafında da əsaslı abadlıq və yaşıllaşdırma tədbirləri görülüb. Bunun nəticəsində bu bağlarla ətraf ərazi ümumi ansambl təşkil edir. Sonra dövlətimizin başçısı və xanımı orijinal layihə əsasında yenidən qurulan "Muğam" bağı ilə tanış oldular. Qeyd edildi ki, gözəlliyi ilə ilk baxışdan diqqəti çəkən bu istirahət ocağının da ərazisi genişləndirilərək 21 min kvadratmetrə çatdırılıb. Bu bağda da asfalt örtüyü sökülərək yerinə qranit və mərmər plitələr döşənilib. Burada köhnə tikililər söküldükdən sonra ərazi tamamilə yeni görkəm alıb. Bağda italiyalı mütəxəssislər tərəfindən gözoxşayan fəvvarə inşa olunub. Əsaslı yenidənqurmadan sonra həmin istirahət guşəsi də füsunkar görkəm alıb.
Hər iki bağın yaxınlığındakı 28 May və Puşkin küçələrinə yeni asfalt örtüyü döşənib. Görülən işləri yüksək qiymətləndirən Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verdi.