“Dahi Prezidentə xatirə duaları” əsəri Sankt-Peterburqda səslənəcək
Bu il dekabrın 9-da D.Şostakoviç adına Sankt-Peterburq Akademik Filarmoniyasının Böyük zalında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş orqan musiqisi gecəsi keçiriləcək. Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş Konsulluğunun və Sankt-Peterburq azərbaycanlılarının milli-mədəni muxtariyyətinin dəstəyi ilə təşkil edilən gecədə həmvətənimiz, bəstəkar və orqan ifaçısı Arif Mirzəyevin "Dahi Prezidentə xatirə duaları" əsəri Rusiyada ilk dəfə səslənəcək. Azərbaycan Respublikasının Sankt-Peterburqdakı Baş Konsulluğunun mətbuat xidmətinin verdiyi məlumata görə, həmin tədbirdə Sankt-Peterburq administrasiyasının nümayəndələri, şəhərdə akkreditə edilmiş diplomatlar, tanınmış ictimai xadimlər, fəal gənclər və Azərbaycan diasporunun nümayəndələri iştirak edəcəklər. Bundan əlavə, filarmoniyanın Yaşıl zalında Heydər Əliyevin xatirəsinə həsr edilmiş "Qəlbimin bir hissəsi Rusiyadadır" fotosərgisi təşkil ediləcək.