Noyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Goranboy rayonuna gəlib. Rayon ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Ölkəmizin iqtisadi potensialı artdıqca regionlarımız da abadlaşır, hərtərəfli tərəqqi dövrünə qədəm qoyur. Bu inkişaf və tərəqqi Goranboyun simasında da hiss olunur. Rayonda tikinti-quruculuq işlərinin həcmi genişlənib. Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq yaşayış məntəqələrində bu sahədə işlərin aparılmasına daha çox diqqət ayrılıb. Son illərdə Goranboyun iqtisadiyyatında ciddi artım əldə olunub.
Şəhərin bütün küçələrinə asfalt örtüyü salınmış, kəndlərarası yollar təmir edilib. Rayonda sahibkarlığın inkişafı, yeni iş yerlərinin açılması daim diqqətdə saxlanılıb. Bu ilin 9 ayında əhaliyə göstərilən pullu xidmətlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə xeyli artmışdır. Həmin müddətdə rayonda ümumi məhsul buraxılışı 5,7 milyon manat artaraq 112 milyon manata, adambaşına düşən gəlirlər isə 1157 manata çatıb. Orta aylıq əmək haqqı 185 manatdan çox, adambaşına düşən gəlirlər isə 1164 manat olub. Rayonda səhiyyə və təhsil sektorunun inkişafı diqqətdə saxlanılmış, müasir məktəb binaları və tibb ocaqları tikilmişdir. Bu işlər uğurla davam etdirilir.
Prezident İlham Əliyev şəhərin mərkəzində salınmış Heydər Əliyev parkında ulu öndərin abidəsini ziyarət edərək gül dəstəsi qoydu.
Dövlətimizin başçısı parkı gəzdi, görülmüş abadlıq işləri ilə tanış oldu. Burada rayon ictimaiyyətinin nümayəndələri ilə görüş oldu.
Rayon ictimaiyyətinin nümayəndələri ilə görüş
Noyabrın 20-də Prezident İlham ƏLİYEV Goranboydakı Heydər Əliyev Parkında rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə çıxış edərək dedi: - Sabahınız xeyir! Necəsiniz, nə var, nə yox? İşləriniz necədir?
Mən dörd il bundan əvvəl Goranboyda olmuşam. Bu gün bir daha gəlmişəm ki, sizi görüm, vəziyyətlə tanış olum və biz əlavə tədbirlər haqqında növbəti addımlarımızı müəyyən edək. Azərbaycanın bütün regionlarında inkişaf vardır. Bütün regionlarda quruculuq, abadlıq işləri aparılır. Mən istəyirəm ki, hər yerdə görülən bütün işlər yüksək səviyyədə olsun. Çünki Azərbaycanın bugünkü inkişaf dinamikasını biz yaxşı bilirik. Dünyada da bunu bilirlər. Dünyada gedən proseslər də bizə bəllidir. Hətta dünya miqyasında ən ağır il olan 2009-cu ildə də Azərbaycan uğurla inkişaf edir. Demək olar ki, hər həftə Azərbaycanda hansısa çox önəmli bir məsələ öz həllini tapır.
Goranboyun ərazisində məskunlaşmış məcburi köçkünlərin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün yeni qəsəbə salınıb, bu gün onun açılışını edəcəyik. Həftənin əvvəlində Bakıda məcburi köçkünlər üçün doqquzmərtəbəli altı bina tikilmişdir. Dünən Sumqayıtda böyük elektrik stansiyası işə qoşulubdur. Yəni elə həftə olmur ki, ölkədə həm sosial, həm iqtisadi, həm sənaye sahələrini əhatə edən mühüm hadisə baş verməsin. Bu onu göstərir ki, dünyada davam edən böhrana baxmayaraq, Azərbaycan iqtisadiyyatı inkişaf edir. Azərbaycanda bütün planlar yerinə yetirilir və ölkəmiz uğurlu inkişafını davam etdirir. Bu inkişafı uzunmüddətli etmək üçün bütün regionlarda işlər sürətlə getməlidir. Regionların inkişafı əsas prioritet məsələdir. 2004-cü ildə qəbul edilmiş və uğurla icra olunmuş regionların sosial-iqtisadi inkişafı Dövlət proqramı bu gün yeni mərhələyə başlayır. 2009-2013-cü illərdə bütün əsas problemlər öz həllini tapmalıdır. Bunlar infrastruktur layihələridir - yollar, elektrik stansiyaları, qaz xətləridir. Dünən "İpək yolu"nun bir hissəsi istifadəyə verildi. Mən Ucar-Yevlax yolunun açılışında iştirak etmişəm. Bu yol Gəncəyə, Gəncədən də sərhədə qədər davam edir.
Qazlaşma prosesi sürətlə getməlidir. Ümumi statistikanı götürsək görərik ki, Azərbaycanda haradasa, əhalinin 85 faizi qazla təchiz edilib. Ancaq əgər biz coğrafi vəziyyətə baxsaq, görərik ki, bu faizlər, necə deyərlər, hər yerdə özünü göstərmir. Məsələn, mənə verilən məlumata görə, Goranboyda qazlaşma, haradasa 40 faiz həll olunub. Bu, davam etməlidir. Rayon mərkəzinə yaxın olan kəndlər, ilk növbədə qazla təmin edilməlidir, ondan sonra digər yaşayış məntəqələri. Biz burada həm qaz, həm də alternativ enerji mənbələrindən istifadə etməliyik.
Ölkəmiz üçün vacib olan bütün başqa məsələlər də həll olunmalıdır. İçməli su ilə əlaqədar biz Dünya Bankı ilə, eyni zamanda, Azərbaycanın dövlət büdcəsi hesabına böyük bir layihəyə başlamışıq. Elə etməliyik ki, hər bir rayonda insanlara təmiz içməli su verilsin. Əminəm ki, buna nail olacağıq. Meliorasiya, suvarma, kənd təsərrüfatının inkişafı - bütün bunlar bir-biri ilə sıx bağlı olan məsələlədir. Kənd təsərrüfatının inkişafı, eyni zamanda, iş yerlərinin yaradılmasına xidmət göstərəcəkdir. Bu sahədə çox iş görülüb. Ancaq hələ də çox iş görülməlidir. Biz elə etməliyik ki, özümüzü əsas ərzaq məhsulları ilə tam şəkildə təmin edək. Burada ancaq məhsulların yetişdirilməsi ilə kifayətlənməməliyik, emal müəssisələri də yaradılmalıdır və yaradılır. Azərbaycan həm özünü təmin etsin, həm də ki, öz ixrac imkanlarını genişləndirsin. Xüsusilə nəzərə alsaq ki, bizim üçün ixracda heç bir problem yoxdur. Bizim məhsullarımız qonşu ölkələrə sərbəst şəkildə ixrac edilir. Əlbəttə, bütün bu kompleks tədbirləri görmək üçün çox ciddi Dövlət proqramı icra olunmalıdır.
Bu proqram da vardır. Kənd təsərrüfatının inkişafı üçün kreditlərin, texnikanın verilməsi, ondan sonra güzəştli şərtlərlə gübrə, toxum və s. lazım olan tədbirlər görülür. Biz görürük ki, artıq özümüzü taxılla təmin edirik. Heç vaxt, Azərbaycanın heç bir dövründə biz özümüzü əsas ərzaq məhsulları ilə təmin edə bilmirdik. Başqa yerlərdən gəlirdi. İndi də gəlir, ancaq eyni zamanda, daxili istehsal da artır. Əgər biz nəzərdə tutulmuş bütün məsələləri növbəti dörd ildə həll etsək, ondan sonra Azərbaycanın uzunmüddətli inkişafı çox rahat olacaqdır. Yenə də deyirəm, bizim bunu etmək üçün həm iradəmiz, həm maliyyə resurslarımız, həm proqramımız və ən önəmlisi Azərbaycan xalqının dəstəyi vardır. Bütün bu işləri biz bərabər görürük.
Siz Goranboyda yaşayırsınız. Əlbəttə ki, istəyirsiniz ki, rayon daha da inkişaf etsin, daha da gözəlləşsin, bütün məsələlər həll olunsun. Mən də bunu istəyirəm. Bunu etmək üçün də əlimdən gələni edirəm. Bu məqsədlə rayonlara gedib vəziyyətlə tanış oluram, öz gözümlə görürəm, işlər necə gedir. Bir var bunu arayışda oxuyasan, bir də var ki, özün görəsən. Bir də, eyni zamanda, əlavə hansı tədbirlər görülməlidir, mənə bu barədə də məlumat verilir. Əgər sizin hansısa sualınız, yaxud da ki, istəyiniz varsa, mənə deyin. Mən çalışacağam ki, onu həll edim.
Çox sağ olun.
X X X
Goranboy Rayon Ağsaqqallar Şurasının sədri Məzahir ZEYNALOV çıxış edərək dedi:
- Cənab Prezident, mən Sizi bütün goranboylular adından salamlayıram. Sizə Goranboy torpağına xoş gəlmisiniz deyirəm. Çox sevinirik ki, ulu öndərimiz Heydər Əliyev kimi, Siz də Goranboya böyük diqqət və qayğı göstərirsiniz.
Cənab Prezident, ulu öndərimiz müstəqil Azərbaycan dövlətini yaratdı, Siz isə bu dövlətin müstəqilliyini qoruyursunuz, möhkəmləndirirsiniz, onu inkişaf etdirirsiniz. Azərbaycan inkişaf səviyyəsinə görə artıq lider ölkəyə çevrilmişdir. Bütün sahələrdə, - təhsil, mədəniyyət, səhiyyə sahələrində böyük uğurlu inkişaf gedir. Siz özünüz dediyiniz kimi, 4 il bundan əvvəl - 2005-ci ilin may ayında Goranboyda olarkən belə bir söz demişdiniz ki, Goranboy Azərbaycanın qədim torpağıdır, tarixi yeridir. Biz hamımız çalışmalıyıq ki, burada quruculuq, abadlıq işləri daha sürətlə getsin. Sizin bu arzularınız, irəli sürdüyünüz bu gözəl fikirlər artıq Goranboyda öz bəhrəsini verir. Goranboy tamamilə simasını dəyişmiş, inkişaf mərhələsinə qədəm qoymuşdur. Bunların hamısı Sizin diqqət və qayğınız sayəsində olmuşdur. Ona görə də bütün goranboylular adından Sizə dərin təşəkkürümüzü, minnətdarlığımızı bildiririk.
Cənab Prezident, Azərbaycan dövlətinin bu inkişaf mərhələsində, yəni, bayaq qeyd etdiyim kimi, təhsil, mədəniyyət, səhiyyə sahələrində və digər sahələrdə yüksək inkişaf mərhələsində Sizinlə çiyin-çiyinə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanımın da xidmətləri böyükdür. Onun fəaliyyəti çox böyükdür. Ona görə də bütün goranboylular adından çox xahiş edərdim, bizim təşəkkürlərimizi, minnətdarlığımızı Mehriban xanıma çatdırasınız.
Cənab Prezident, Siz ümumxalq hörməti qazanmısınız. Ümumxalq hörmətini, məhəbbətini qazanmaq isə insana verilən ən uca qiymətdir. Arzu edirəm ki, həmişə ucalardan uca olasınız. Həmişə həyatınızda xoşbəxtlik, səadət olsun. Siz elə bir insansınız ki, Sizinlə görüşəndə bizdə hökmən bir ümid yaranır. Doğrudan da, goranboylular Sizi çox sevir, həddindən ziyadə çox sevirlər. Sizin hər gəlişiniz Goranboy üçün böyük uğurlar gətirir.
Möhtərəm Prezidentimiz, qarşıdan müqəddəs Qurban bayramı gəlir, Sizi bu əziz bayram münasibətilə ürəkdən təbrik edirəm. Sizə, Mehriban xanıma, balalarınıza, bütün ailə üzvlərinizə möhkəm cansağlığı, xoşbəxtlik, səadət arzu edirəm. Biz Sizə arxalanırıq. Biz Sizə güvənirik. Biz Sizinlə fəxr edirik və Sizi əmin edirik ki, həmişə sizinləyik.
Məcburi köçkünlər üçün salınan yeni qəsəbənin açılışı
Noyabrın 20-də Goranboy rayonunun Veyisli kəndi yaxınlığında məcburi köçkünlər üçün salınmış yeni qəsəbənin açılış mərasimi olub.
Prezident İlham Əliyev mərasimdə iştirak edib.
Mərasimə toplaşan məcburi köçkünlər, aşıqlar və incəsənət ustaları dövlətimizin başçısını hərarətlə, xoş musiqi ilə qarşıladılar.
Məlumat verildi ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində doğma torpaqlarından zor gücünə qovularaq məcburi köçkünə çevrilən soydaşlarımızın həyat şəraitinin yaxşılaşdırılması dövlətin daim diqqət mərkəzindədir. İndiyədək ölkəmizdə qaçqın və məcburi köçkünlər üçün 18 min 716 evdən ibarət 63 qəsəbə salınmış, bu qəsəbələrə 82 min qaçqın və məcburi köçkün köçürülmüşdür. Beləliklə, çadır düşərgələri ləğv edilmişdir. Goranboy rayonunun Veyisli kəndi yaxınlığında inşa edilən yeni qəsəbə də kəlbəcərli məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması yolunda mühüm addımdır. Vaxtilə ulu öndər Heydər Əliyev də Goranboya səfəri zamanı Aşağı Ağcakənd kəndində məcburi köçkünlər üçün yeni qəsəbənin açılışında iştirak etmişdi. Dövlətimizin başçısına məlumat verildi ki, yeni qəsəbədə Kəlbəcər rayonundan olan 596 məcburi köçkün ailəsi yerləşdiriləcəkdir. Qəsəbə Prezident İlham Əliyevin 2004-cü ildə imzaladığı Sərəncamla təsdiq edilən "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na uyğun olaraq salınmışdır.
Qəsəbənin tikintisinə bu ilin iyununda Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sifarişi ilə başlanmışdır. Qısa müddətə tikilmiş qəsəbə üçün 120 hektar ərazi ayrılmışdır. Evlərin ümumi sahəsi isə 30.800, yaşayış sahəsi isə 19.445 kvadratmetrdən çoxdur. Evlərin 89-u bir, 275-i iki, 200-ü üç, 32-si isə dördotaqlıdır. Qəsəbədə bütün zəruri infrastruktur yaradılmışdır. Bura uşaq bağçası, ambulatoriya, klub-icma mərkəzi, poçt binası və digər inzibati binalar daxildir. Qəsəbədə müstəqil elektrik stansiyası tikilmiş, bütün evlər təbii qazla təchiz olunmuşdur. Prezident İlham Əliyev qəsəbədə tikilmiş evlərə baxdı. Dövlətimizin başçısı qəsəbədə inşa olunan 360 yerlik orta ümumtəhsil məktəbinin açılışında da iştirak etdi. Burada şagirdlərin təhsili üçün hər cür şərait yaradılmışdır. Məktəb zəruri avadanlıq və inventarla təchiz olunmuş, bütün siniflər əyani vasitələrlə təmin edilmişdir. Məktəbin idman zalında şagirdlərin fiziki sağlamlığı üçün hər cür şərait yaradılmışdır. Kompyuter sinfində müasir kompyuterlər quraşdırılaraq internetə qoşulmuşdur. Məktəbdə ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda qəhrəmanlıqla şəhid olan Kəlbəcər sakinlərinin xatirəsi əziz tutulur, yetişməkdə olan nəslə onların şücaətindən söhbət açılır.
"Lalə-Tekstil" MMC-nin fəaliyyəti ilə tanışlıq
Prezident İlham Əliyev rayona səfəri çərçivəsində "Lalə-Tekstil" Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) Goranboy filialının fəaliyyəti ilə də tanış olub. Dövlətimizin başçısına məlumat verildi ki, bu istehsal sahəsi Yevlax "Lalə-Tekstil" MMC-nin filialıdır. Müəssisənin tikintisinə bu ilin əvvəlində başlanılıb. İstehsal sahəsinin ümumi ərazisi 3,5 hektardır. Burada əsasən yataq dəstləri istehsal olunur. Müəssisənin aylıq istehsal gücü 3000-3500, günlük istehsal gücü isə 500-600 dəstdir. Xammal Türkiyədən alınır. Hazırda məhsullar ölkə daxilində satılmaqla yanaşı, xaricə də ixrac olunur. Müəssisədə quraşdırılan tikiş maşınları ən son texnologiya ilə hazırlanan Almaniya və Yaponiya istehsalıdır. Müəssisədə yüksək keyfiyyətli məhsul istehsalı üçün bütün şərait vardır.
Prezidentə məlumat verildi ki, müəssisənin işi ikinövbəlidir. Hazırda filialda 200 nəfər işlə təmin olunmuşdur. İşçilərin istirahəti diqqətdə saxlanılır, onlar iş vaxtı pulsuz yeməklə təmin olunurlar. Tikişçilərin orta aylıq əmək haqqı 300 manatdır. Gələcəkdə işçilərin sayının artırılması nəzərdə tutulur. Burada hazır məhsulların saxlanılması üçün anbar da var. Ərazisi 200 kvadratmetr olan sex 24 saat su, işıq və istiliklə təmin edilmişdir.
Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, gələcəkdə MMC-nin yeni istehsal sahəsi işə düşəcəkdir. Bunun sayəsində 5 mindən çox yeni iş yeri açılacaqdır.
Goranboyda yeni hotel açılıb
Noyabrın 20-də "Goranboy" hoteli istifadəyə verilmişdir. Prezident İlham Əliyev açılış mərasimində iştirak edib.
Dövlətimizin başçısına məlumat verildi ki, mehmanxana kompleksinin tikintisinə 2008-ci ilin iyununda başlanılıb. İnşaat işləri ən yüksək səviyyədə və qısa müddətdə görülüb. Üçmərtəbəli mehmanxanada 18 nömrə qonaqların ixtiyarına verilib. Onların 10-u ikinəfərlik, 6-sı isə birnəfərlikdir. Burada, həmçinin iki lyuks otaq da yaradılıb. Ümumilikdə, mehmanxanada eyni vaxtda 36 nəfərin qalması üçün bütün şərait vardır. Otaqların hamısı şəhərin və kompleksin daxili ATS-nə qoşulmuş telefonla, habelə internet bağlantısı olan kompyuterlərlə təmin edilib. Nömrələrə ən son model yumşaq və bərk inventarlar qoyulmuş, onların hamısı soyuducu və televizorla təchiz olunub.
Bildirildi ki, mehmanxananın müasir konfrans zalı da vardır. Burada qonaqlar müxtəlif tədbir və toplantılar keçirə bilərlər. Kompleksdə bufet və restoran da fəaliyyət göstərir. Qonaqların asudə vaxtlarını səmərəli keçirmələrinə xüsusi diqqət verilib. Kompleksdə idman-istirahət guşəsi fəaliyyət göstərir. Burada, həmçinin bilyard və tennis stollarının qoyulduğu otaqlar da qonaqların istirahətini mənalı təşkil etmək üçündür. Hotelin azyaşlı qonaqları da diqqətdən kənarda qalmamışdır. Onlar üçün kişik bilyard, masaüstü futbolun quraşdırıldığı otaq yaradılmışdır. Bina mərkəzi isitmə və yanğından mühafizə, habelə siqnal sistemləri ilə təchiz edilmişdir.
Prezident İlham Əliyevə məlumat verildi ki, ümumi ərazisi 7,5 hektar olan kompleks bütün zəruri kommunal xidmətlərlə təchiz edilmiş, ərazi abadlaşdırılmış, yaşıllıq zolağı salınmış, örtülü istirahət guşələri yaradılmışdır. Bildirildi ki, gələcəkdə mehmanxana kompleksinin ərazisi genişləndiriləcək, burada park salınacaq, ərazidə idman meydançası tikiləcəkdir.
Dövlətimizin başçısı görülmüş işləri yüksək qiymətləndirdi, tapşırıq və tövsiyələrini verdi.
"Gilan ənd Knauf Gipso-Karton" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti ilə tanışlıq
Prezident İlham Əliyev noyabrn 20-də Goranboya səfəri çərçivəsində "Gilan ənd Knauf Gipso-karton" Məhdud Məsuliyyətli Cəmiyyətinin fəaliyyəti ilə tanış olub. Dövlətimizin başçısına məlumat verildi ki, gips-karton istehsalı üzrə Qafqaz regionunda bənzəri olmayan bu müəssisənin tikintisinə 2006-cı ildə başlanıb, ilk məhsul isə 2008-ci ildə istehsal edilib. Ən müasir alman avadanlığı ilə təchiz edilən müəssisənin fəaliyyətə başlaması 900-dən çox adamın işlə təmin olunmasına şərait yaradıb. Müəssisə müxtəlif növ gips-karton lövhələri istehsal etmək imkanına malikdir. Bu materialdan indi inşaatda - binaların daxili üzlənməsində, arakəsmə və asma tavan konstruksiyalarının qurulmasında daha çox istifadə olunur. O, ekoloji cəhətdən təmizdir, tərkibində toksik maddələr yoxdur və ətraf mühitə zərərli təsir göstərmir, o cümlədən odadavamlıdır.
Müəssisədə məhsul karton istehsalı sahəsində dünya üzrə lider olan "Knauf" şirkətinin texnologiyalarından istifadə olunmaqla istehsal edilir. Komponentlərin böyük hissəsinin xaricdən idxal edilməsinə baxmayaraq, əsas xammal olan gips yapışdırıcıları respublikamızda fəaliyyət göstərən "Gilan Holding" konserninin məhsuludur. İşçi heyətin ixtisasının artırılmasını məqsədi ilə 2009-cu ildən müəssisənin nəzdində Tədris Mərkəzi fəaliyyətə başlamışdır.
Daha sonra Prezident İlham Əliyev müəssisənin ərazisində yeni kalsid zavodunun açılışında iştirak etdi. Dövlətimizin başçısı zavodu işə salan düyməni basdı. Prezident İlham Əliyev zavodun istehsal etdiyi məhsullarla tanış oldu, kollektivə uğurlar arzuladı, tapşırıq və tövsiyələrini verdi.