Prezident Sərəncamlar imzalayıb
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət bayrağı gününün təsis edilməsi haqqında Sərəncam imzalayıb. Prezidentin Sərəncamında qeyd olunur ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" Qanun qəbul edərək onu Dövlət bayrağı elan edib. Ölkə Prezidentinin imzaladığı Sərəncama əsasən Azərbaycan Respublikasının Dövlət bayrağının ilk dəfə rəsmi surətdə 1918-ci il noyabrın 9-da qəbul edilməsini nəzərə alaraq, Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədi ilə Hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilsin və Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin. Prezident İlham Əliyev bundan başqa Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının Baş Konsulluğunun təsis edilməsi haqqında da Sərəncam imzalayıb.