Azərbaycan sürətli inkişaf yolunda
2009-cu ilin ilk yarısının sosial-iqtisadi nəticələri ürəkaçandır. Nazirlər Kabinetinin 6 aylığın yekunları ilə bağlı keçirilən iclasında Prezident İlham Əliyev qeyd etdi ki, qlobal böhrana baxmayaraq Azərbaycan öz inkişaf prosesini davam etdirir. Dövlət başçısı bildirdi ki, tarazlı və davamlı inkişafa nail olmaq üçün qeyri-neft sektorunun inkişafı əsas prioritetlərdən biridir. Cari ilin ilk yarısında ÜDM-in 3, 6 faiz artması, inflyasiyanın minimuma endirilməsi və sair amillər göstərir ki, ölkə hökuməti Prezident İlham Əliyevin rəhbərliyi ilə düzgün iqtisadi siyasət həyata keçirir.
Azərbaycanın sosial-iqtisadi inkişafı sürətini saxlayır. Bu prosesdə ölkə rəhbərliyinin həyata keçirdiyi bölgələrin intensiv inkişafı konsepsiyası bütün gücü ilə işləməkdədir. Azərbaycanın bölgələri artıq sürətlə yeniləşir, əhalinin həyat səviyyəsi artır.
İş adamları ilə söhbətlər göstərir ki, onları artıq ilk növbədə, kənd təsərrüfatı məhsullarının istehsalı maraqlandırır. Kənd təsərrüfatına maraq və həvəs o dərəcədə artıb ki, indi iş adamları arasında rəqabət daha da geniş miqyas alıb. Onlar bölgələrdə təsərrüfat açmaq üçün ciddi cəhdlər edirlər.
Demək olar ki, ölkənin bütün bölgələrində bu sahədə sürətli yeniləşmələr baş verir. Həmin yeniləşmələrin nəticəsi odur ki, ölkədə məhsul bolluğu ilbəil artır. İş adamlarının dediyinə görə, yaxın illərdə Azərbaycan çox bol və ucuzluq olan bir ölkəyə çevriləcək.
Diqqət çəkəni odur ki, kənd təsərrüatına sahib adamların qarşısına heç bir maneə çıxmır. Onlar azad rəqabət şəraitində işlərini görürlər. İndi bu proses bölgələrdə daha çox insanı işlə təmin etmək imkanı yaradıb. Həmin tendensiyanın daha da artacağı gözlənilir.
Bölgələrdə kənd təsərrüfatı sahəsinin inkişafı xarici sərmayənin ora yatırılması ilə də müşahidə edilir. Son vaxtlar daha çox xarici iş adamları kənd təsərrüfatı sahəsində sərmayə qoymağa çalışırlar. Bu istiqamətdə də yerli iş adamları ilə xaricilər arasında sağlam rəqabətin artacağı gözlənilir. Qısa zamandan sonra Azərbaycanın bölgələrində təsərrüfat açmaq çətin bir işə çevrilə bilər.
Bunlar ölkənin bölgələrində sosial-iqtisadi inkişafın sürətinin artdığını göstərir. Bu mərhələdə yeniləşmələr bütün sahələri əhatə edir. İnsanların həyat səviyyəsi yüksəldikcə daha geniş miqyaslarda inkişaf üçün əsas yaranır. Diqqəti çəkən əsas məqam isə ölkənin qeyri-neft sektorunun sürətlə irəliləməsidir. Bu aspektdə Azərbaycanda işlər daha yüksək bir səviyyəyə qalxır.
Qeyri-neft sektorunun inkiaşfı məsələsi bölgəmizdə son zamanlar baş verən hadisələrin fonunda daha əhəmiyyətli görünməyə başlayır. Enerji daşıyıcılarının dünyada qiymətinin stabil olmaması iqtisadiyyatın digər sahələrinin inkişaf etdirilməsi zərurətini ortaya qoyur.
Beləliklə, ölkədə qeyri-neft sektorunun inkişaf etdirilməsi daha vacib bir məsələyə çevrilir. Azərbaycanda kənd təsərrüfatı sahəsinin inkişafının sürəti qeyri-neft sektorunun gəlişməsinin qaneedici olduğunu sübut edir. Bu prosesin daha da genişlənəcəyi gözlənilir.
Bununla da qeyri-neft sektorunun inkişafı konsepsiyasının həyata keçirildiyi və bu sahədə ciddi uğurlar əldə edildiyi aydın olur. Ölkənin hərtərəfli inkişafı üçün bu prosesin daha yüksək səviyyəyə qalxacağına şübhə yoxdur.
Dövlət başçısı qeyd edib ki, bu il sahibkarlığın inkişafı üçün daha da böyük vəsait nəzərdə tutulur: "Dövlət tərəfindən ayrılan kreditlərin məbləği artır, eyni zamanda, ənənəvi olaraq kənd təsərrüfatının inkişafı üçün subsidiyalar nəzərdə tutulubdur. Onu da deməliyəm ki, birinci altı ayda həm sənaye istehsalı, həm də kənd təsərrüfatı sahəsində artım müşahidə olunur. Yəni Azərbaycanda elə bir sahə yoxdur ki, orada tənəzzül müşahidə edilsin. Bir daha demək istəyirəm, bu, onu göstərir ki, Azərbaycan gələcəyə çox böyük ümidlərlə baxır. İndiki vəziyyət çox ürəkaçandır və şübhə etmirəm ki, bizim uğurlu inkişafımız ilin sonuna qədər davam edəcəkdir".
Azərbaycanın daxili sosial-iqtisadi inkişaf tempinin yüksək səviyyədə qalması və onun bütün sahələri əhatə etməsi, yeniləşmələr konsepsiyasının tam əsaslı işlənməsini təsdiq edir. Bundan sonra həmin konsepsiyanın yeni mərhələsinin həyata keçirilməsinə başlanması üçün bütün lazımi təməl prinsipləri hazırdır.
Qeyd edək ki, cari ilin ilk yarısında qeyri-neft sektorunda artım tempi 4.1 faiz olub ki, bu da ümumi inkişaf tempindən artıqdır. Bu müddətdə 35 min yeni iş yeri açılıb ki, bu da qlobal böhran şəraitində xarici ölkələrdə kütləvi işsizliyin tüğyan etdiyi bir dövrdə olduqca yüksək göstəricidir.
İlk 6 ayda inflyasiyanın səviyyəsinin aşağı düşdüyünü və 3,7 faiz olduğunu qeyd edən dövlət başçısı bildirib ki, bu proses davam edəcək. Xüsusilə, qeyd etmək lazımdır ki, bu dövrdə əhalinin pul gəlirləri 19 faiz, orta aylıq əmək haqqı isə 15 faiz artıb. Bu da əhalinin alıcılıq qabiliyyətinin artmasına səbəb olub.
Növbəti mərhələdə ölkənin sosial-iqtisadi inkişafı əhalinin həyat səviyyəsinin daha sürətlə yüksəlməsinə birbaşa xidmət edəcək. Bunun üçün dövlətin strateji konsepsiyalara sahib olduğuna əminlik var. Nazirlər Kabinetinin son iclasında bu, bir daha vurğulandı.
Prezident İlham Əliyev vurğulayıb ki, birinci altı ayda bütün nəzərdə tutulmuş vəzifələr öz həllini tapıb. "Baxmayaraq ki, dünyada yaşanan böhran və eyni zamanda, neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi nəticəsində təbii olaraq bizim gəlirlərimiz azalıb. 2009-cu ilin büdcəsində neftin qiyməti 70 dollar səviyyəsində nəzərdə tutulmuşdu. Ancaq reallıq onu göstərir ki, orta hesabla təxminən 40-50 dollar civarındadır. Buna baxmayaraq, bizim kifayət qədər imkanlarımız var, resurslarımız var. Biz son illər ərzində özümüzü böyük dərəcədə gücləndirə bilmişik və belə olan halda, təbii ki, Azərbaycan bu böhrandan da üzüağ çıxacaqdır"-deyə dövlət başçısı qeyd edib.
Deməli, Azərbaycanda bütün sahələrdə kompleks inkişafı təmin edəcək proqramlar bundan sonra da işlənəcək. Bu proqramlarda Azərbaycanın inkişafının intellektual modeli əsas yer tutmalıdır. Növbəti bir neçə ildə bu məqam əsas olaraq konsepsiyalarda yer alacaq. Bununla da ölkənin inkişafının yeni modelinin formalaşması prosesi daha da genişlənəcək.
İntellektual sərvəti artırmağa dayanan inkişaf modelinin işlənməsi faktiki olaraq yeni mərhələyə qədəm qoymaqdır. Burada neft və qeyri-neft sektorlarının sistemli inkişaf etdirilməsi məsələsi önə çəkilir. Bu inkişaf konsepsiyası informasiya cəmiyyətinin formalaşdırılması prosesinin əsas əlamətlərindəndir. Bundan sonra yüksək texnologiyalar yaratmaq və bilik istehsal edən ölkəyə çevrilmək mərhələsi gəlir.
Azərbaycan dövlət olaraq inkişaf kursunu dəqiq və səmərəli müəyyənləşdirib. Həyat göstərir ki, ölkəmiz bu istiqamətdə ardıcıl və dönməz inkişaf yolunu tutub. Bu tendensiyanın daha da güclənəcəyi və ölkəmizin dünyanın inkişaf etmiş ölkələri sırasına çıxacağı gün uzaqda deyil.