İCTİMAİ ASAYİŞİN KEŞİYİNDƏ
Dünən, iyulun 2-də Azərbaycan polisinin yaradılmasının ildönümü ölkəmizdə böyük tənətənə ilə qeyd olundu. Xüsusilə, Prezident İlham Əliyev tərəfindən bu əlamətdar peşə bayramı münasibətilə ölkənin daxili işlər orqanlarının 2 əməkdaşına general-mayor rütbəsinin verilməsi, onlarla polis əməkdaşının təltif edilməsi dövlət başçısının Azərbaycan polisinə olan inam və etimadının göstəricisidir.
Azərbaycan daxili işlər orqanlarının vətəndaşların hüquq və azadlıqlarının qorunması, cinayətkar təhdidlərin aradan qaldırılması, kriminogen durumun nəzarətdə saxlanması, ictimai-siyasi sabitliyin təmin olunması istiqamətində göstərdiyi səyləri və əldə etdiyi nailiyyətləri xüsusi vurğulamağa, yəqin ki, ehtiyac yoxdur. 1993-cü ildən başlayaraq daim yeniləşən, sıraları təsadüfi və peşəsinə vicdanla yanaşmayan əməkdaşlardan təmizlənən Azərbaycan polisi şərəfli xidmət yolu keçmiş, dövlətçiliyimizin, milli maraqlarımızın qəsdində dayananlara qarşı barışmaz olmuşdur.
Təəssüf ki, 15-16 öncə vəziyyət daha ağır və dözülməz idi. 1992-93-cü illərdə AXC-Müsavat iqtidarının qeyri-sağlam idarəçilik metodlarının nəticəsi olaraq Daxili İşlər Nazirliyinə və onun idarələrinə təyin olunan təsadüfi şəxslər xidməti vəzifələrini yerinə yetirməkdən başqa bütün əməllərlə məşğul idilər. Bunun da nəticəsində dövlətçiliyin, milli maraqların, qanunçuluğun qorunması, cinayətkarlığa qarşı mübarizə, bir sözlə, polisin vəzifə borcu arxa plana keçmiş və cinayətkarlıq əməllərinin artan dinamika ilə çoxalmasına, reketçiliyin inkişafına münbit zəmin yaranmışdı. Hətta iş o yerə gəlib çatmışdı ki, cinayətkar öz əməlini polisin gözü qarşısında törədirdi. Ona görə nə qədər acı olsa da etiraf edilməlidir ki, hər bir azərbaycanlının xatirəsində ağrılı iz buraxmış 1992-1993-cü illərdə ölkədə xaosun, anarxiyanın, özbaşınalığın yaranmasında daxili işlər orqanlarının da rolu az olmamışdır.
1993-cü il sentyabrın 20-də Ali Sovetin Sədri vəzifəsində olan ümummilli lider Heydər Əliyev də Daxili İşlər Nazirliyində keçirilən geniş müşavirədə bildirmişdir: "...Yadınıza salın, bu binanın divarları içərisində nə kimi çirkin əhval-ruhiyyə, hallar meydana çıxdı. Buraya gəlmiş, polis işini bilməyən, peşə hazırlığı olmayan adam və mənəviyyatca pozğun mövqelərdə duran adamlar burada cürbəcür təşkilatlar yaratdılar. Bu bina, bu orqan Azərbaycanda dövləti qorumaq əvəzinə, dövlətə xidmət etmək, ictimai asayişi qorumaq, cinayətkarlığa qarşı mübarizə aparmaq əvəzinə, bəzən cinayətkar yuvasına döndü, burada cürbəcür siyasi proseslər və sizə deyə bilərəm ki, çox primitiv səviyyədə, mədəniyyətdən kənar səviyyədə siyasi proseslər meydana çıxdı". Sözsüz ki, belə bir vəziyyətdə 1992-1993-cü illərdə daxili işlər orqanlarına rəhbərlik edən qeyri-peşəkarlar cinayətkarlığa qarşı mübarizədə, təbii ki, hər hansı nailiyyət əldə edə bilməzdilər.
Lakin ümummilli lider Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışı ilə qanunçuluq və dövlətçilik prinsipləri ön plana çəkildi, ölkədə tüğyan edən cinayətkarlıq hallarına, hərc-mərclik və özbaşınalıqlara qarşı qətiyyətli mübarizənin təməli qoyuldu. Fəaliyyət prinsiplərində ulu öndər Heydər Əliyevin dövlətçilik ideallarını rəhbər tutan daxili işlər orqanları qısa müddət ərzində cinayətkarlıqla mübarizə, kriminogen vəziyyətin nəzarət altına alınması istiqamətində xeyli uğurlara imza atdılar. Heydər Əliyevin "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında" 9 avqust 1994-cü il tarixli fərmanından sonra güc strukturları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri ilə onlarla mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirildi, vaxtilə cinayət əməli törətsələr də, AXC-Müsvat iqtidarının "polis kadrlarının" himayəsi ilə azadlıqda gəzən şəxslər məsuliyyətə cəlb olundular. Aparılan məqsədyönlü tədbirlərdən sonra əhalidə olan qanunsuz silah-sursat yığıldı, bağlı qalmış qatı cinayət hadisələrinin böyük bir qisminin üstü açıldı.
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanda ictimai-siyasi sabitliyin bərqərar edilməsi, dövlətçiliyin, milli maraqların və qanunçuluğun möhkəmlənməsi, ölkəmizin dünya birliyində layiqli yerini tutması, həyata keçirdiyi yeni neft strategiyası ilə razılaşmayanlar da az deyildi və onlar yeri gəldikcə Azərbaycan dövlətçiliyinin laxladılmasına yönəldilmiş cinayətkar qəsdlərə rəvac verməkdən çəkinmirdilər. Amma bu qüvvələr 1994-cü ilin oktyabrında, 1995-ci ilin martında, 2003-cü ilin 15-16 oktyabrında, 2005-ci il oktyabrın 17-də çirkin niyyətlərini həyata keçirmək istərkən ulu öndər Heydər Əliyev ideallarına daim sədaqət nümayiş etdirən, ulu öndərin Prezident İlham Əliyev tərəfindən davam etdirilən siyasi kursuna alternativ görməyən daxili işlər orqanlarının qətiyyətli mövqeyi ilə üzləşdilər və dövlətçiliyin etibarlı əllərdə olduğunu bir daha özləri üçün yəqin etdilər.
Bu gün asayiş keşiyində ayıq-sayıq dayanan Azərbaycan polisi dövlətçiliyin əleyhinə törədilə biləcək istənilən təhdidə qarşı hər an cavab verməyə hazırdır. Elə bu səbəbdən də son vaxtlar bəzi antimilli qüvvələrin başladığı kampaniyada məqsədyönlü şəkildə Azərbaycan polisinin fəaliyyətinə kölgə salmaq, daxili işlər orqanlarının əməkdaşlarını təhqir etmək cəhdləri açıq-aydın görünür. Məqsəd bəllidir: milli maraqların keşiyində dayanan və dövlətin mühüm atributlarından hesab edilən daxili işlər orqanlarının və onun rəhbər şəxslərinin fəaliyyətinə qara yaxmaqla Azərbaycan hakimiyyətinin imicini ləkələmək.
Sözsüz ki, ölkə vətəndaşları son 16-17 ildə çox belə kampaniyaların şahidi olublar. Dövlətçiliyi və hakimiyyəti hədəfə alan bu çirkin kampaniyaların hansı mənbədən qidalandığını başa düşən Azərbaycan ictimaiyyəti hər zaman bunlara qarşı sərt reaksiya verib. Çox təəssüf ki, bu çirkin kampaniyanı aparan radikal müxalifətin və ayrı-ayrı şəxslərin təsir dairəsində olan qəzetlər AXC-Müsavat iqtidarı dövründə daxli işlər orqanlarında yüksək vəzifələrdə çalışmış naşı əməkdaşlar kimi vəzifələrinin nədən ibarət olduğunu yetərincə dərk edə bilmirlər. Cəmiyyətin güzgüsü olmaqdan məhrum olan bu qəzetlər yalnız siyasi sifariş yerinə yetirmək üzrə ixtisaslaşıblar. "Azad söz" anlayışının özündə hansı meyarları əxz etdirdiyini düzgün qavramayan bəzi mətbu orqanlar elə bu səbəbdən də yollarını tez-tez məhkəmələrdən salmalı olurlar.
Məlumdur ki, ictimai-siyasi sabitlik amili hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolunu seçmiş hər bir dövlətin mövcudluğunun ilkin şərti kimi çıxış edir. Son 16 ildə Azərbaycanın bütün sahələrdə sürətlə inkişaf edən və beynəlxalq miqyasda böyük nüfuz sahibi olan dövlətlərdən birinə çevrilməsi də məhz əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitlik amilinə əsaslanır. İctimai asayişin, qanunçuluğun və hüquq qaydalarının təminatı müstəqil Azərbaycanın ötən müddətdə əldə etdiyi ən mühüm nailiyyətlər sırasındadır.
Bu gün Azərbaycanın möhkəm təməl üzərində formalaşmış ictimai-siyasi sabitlik şəraitində inkişafında, dövlətçiliyin cinayətkar qəsdlərdən qorunmasında, kriminogen durumun sabitliyində, Konstitusiya ilə təsbit olunmuş insan hüquq və azadlıqlarının etibarlı təminatında daxili işlər orqanlarının da mühüm xidmətləri vardır. Daxili İşlər Nazirliyi, onun ayrı-ayrı strukturları üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməklə cinayətkarlığın bütün forma və təzahürlərinə qarşı mübarizədə prinsipial mövqe tutmuş, ictimai asayişin qorunması, vətəndaşların azad və təhlükəsiz yaşamaq kimi fundamental hüququnun təmin olunması sahəsində bütün zəruri tədbirləri həyata keçirmişlər.
Dövlətinə, xalqına və Prezidentinə daim sadiqlik nümayiş etdirən, qanunçuluğun keşiyində rəşadətlə dayanan daxili işlər orqanları üzərlərinə düşən çətin və məsuliyyətli missiyanı bu gün də böyük əzmkarlıqla həyata keçirirlər. Azərbaycan polisinin 1990-1993-cü illərdə formalaşmış mənfi reputasiyadan azad olaraq ictimai etimad qazanması və dövlətçiliyin sadiq keşikçisinə çevrilməsi son 15 ildə daxili işlər orqanlarında həyata keçirilmiş kompleks islahatların nəticəsidir.
Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev dövlətə rəhbərlik etdiyi müddətdə daxili işlər orqanlarına yüksək diqqət və qayğı ilə yanaşmış, DİN-in fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliyinin artırılması üçün mühüm tədbirlər görmüşdür. Dövlət başçısının 30 iyun 2004-cü il tarixli "Azərbaycan Respublikasında polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında", "Azərbaycan Respublikasında daxili işlər orqanları işçilərinin vəzifə maaşlarının artırılması haqqında", "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin zabitlərinə ali xüsusi rütbələrin verilməsi haqqında", "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşının təltif edilməsi haqqında" sərəncamları, eləcə də "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin strukturunda dəyişikliklər edilməsi haqqında" fərmanı xüsusilə təqdirəlayiqdir. Ölkə başçısı xidmətdə fərqlənən polis zabitlərini müntəzəm olaraq fəxri adlarla, müxtəlif mükafatlarla təltif edir, onların əməyini yüksək qiymətləndirir.
Sözsüz ki, bu Azərbaycan polisinin məsuliyyətini daha da artırır və onu xalqa daha sədaqətlə xidmət etməyə söz verir.