PDF Oxu

Siyasət

  • 10

Azərbaycan ərazi bütövlüyünü mütləq bərpa edəcək

Azərbaycan ərazi bütövlüyünü mütləq bərpa edəcək

Növbəti ay Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçiriləcək. Bu görüşdə Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı gözləntilər nədən ibarət ola bilər? Bu və digər suallarımızı politoloq Elşad Mirbəşiroğlu cavablandırdı.

-İlk öncə, onu qeyd etmək istərdim ki, iyul ayının əvvəlində Moskvada böyük bir sammitin keçirilməsi gözlənilir və bu sammitin keçirilməsi Ermənistanla-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin müzakirəsi baxımından çox önəmli bir tədbirdir. Bu günə kimi, ilk dəfədir ki, ATƏT-in Minsk Qrupunun həmsədr və ölkə başçılarının iştirak etdiyi bir sammitdə, konkret olaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsi müzakirə ediləcəkdir. Müzakirədə istər Rusiyada, istər Avropada, istərsə də ABŞ-da Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ciddi bir addımın atılması hiss olunur. Mən deməzdim ki, konkret bir nəticə ilə bağlı razılaşma imzalanacaq və yaxud da bu məsələ qəti şəkildə öz həllini tapacaq. Amma bu görüş mərhələli həll prinsipinə uyğun olaraq, münaqişənin tənzimlənməsi baxımından çox önəmlidir. Onu da qeyd etmək istərdim ki, bu müddətdə, yəni keçən ilin noyabr ayından Moskva bəyannaməsi imzalanmasından, təxminən 7-8 ay keçibdir. 7-8 ay müddətində Rusiyanın ərazisində bu, Azərbaycan və Ermənistan prezidentlərinin üçüncü görüşü olacaqdır. Bu da digər məqamlardan xəbər verir ki, Rusiyanın özü də artıq bu məsələnin sükut nöqtəsinin tərpənməsində müəyyən mənada maraqlıdır. Sözsüz ki, Rusiyanın bu marağı onun özünün bir sıra istəkləri ilə bağlıdır. Bu isə, əsasən, ondan ibarətdir ki, Rusiya bu münaqişənin mövcud olduğu ərazini, yəni Cənubi Qafqazı özünün nüfuz dairəsi hesab edir və ora digər ölkələrin təsir imkanlarını qəbul etmək istəmir. Rusiya görür ki, Qərb artıq bu istiqamətdə fəallaşır, ABŞ da müəyyən mənada fəallıq göstərir. Rusiya bunun qarşısını almaq üçün özü perspektiv addımlar atır və prezidentlərin görüşlərinin tez-tez baş tutmasının, danışıqlar prosesində dinamikliyin müəyyən qədər artmasını şərtləndirir. Bu münaqişənin tənzimlənməsi istiqamətində dinamiklik yüksəkdir və bu, müşahidə olunur, həm də yuxarıda qeyd etdiyim fikirə qayıdıram ki, bu görüşün unikallığı və indiyə kimi keçirilən görüşlərdən əsas fərqi ondan ibarətdir ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkə başçıları birbaşa bu məsələni müzakirə edəcəkdir. Nəzərinizə çatdırım ki, bu, Moskva sammitində birbaşa olaraq Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı görüşlər keçirilmir. Burada daha çox digər məsələlərlə bağlı Rusiya ilə ABŞ arasında, Rusiya ilə NATO arasında böyük anlaşılmazlıqlar, RF ilə Avropa Birliyi arasında müəyyən soyuqluq münasibətləri var. Yəni bu istiqamətdə müəyyən görüşlər keçiriləcəkdir. Bəzi məsələlərə, məqamlara aydınlıq gətiriləcəkdir. Bu görüş formatında, eyni zamanda, Cənubi Qafqazdakı vəziyyət və konkret olaraq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi prosesinə diqqət yetiriləcəkdir. Mən düşünürəm ki, bütün mənalarda belə bir mötəbər görüşdə Dağlıq Qarabağ münaqişəsinin müzakirə olunması özü özlüyündə çox müsbət bir haldır.

Digər xəbərlər