Xəbər verdiyimiz kimi, mayın 25-26-da Azərbaycan Prezidenti İlham Əliyev ölkənin Qərb bölgəsində yerləşən bir sıra şəhərlərdə olub. Gəncə, Göygöl, Şəmkir, Gədəbəy şəhərlərində dövlət başçısını böyük insan kütləsi qarşılayıb. Prezident bu rayonlarda bir sıra obyektlərin açılışında iştirak edib və bölgə ilə yaxından tanış olub. Ölkə rəhbəri yerli sakinlərlə görüşlər keçirib və xeyli söhbət edib. Səfərin ilk günü dövlət başçısı Gəncə və Göygöl şəhərlərində olub. Bu haqda dünən ki sayımızda ətraflı məlumatlar vermişik. Daha sonra dövlət başçısı Şəmkir və Gədəbəyə səfər edib.
İlham Əliyevin Şəmkirə səfəri yaddaqalan hadisələrlə zəngin olub
Prezident İlham Əliyev Göygölə səfərini başa çatdıraraq Şəmkir rayonuna gəlib. Dövlətimizin başçısı əvvəlcə müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin Şəmkirin mərkəzi parkındakı abidəsini ziyarət edərək, önünə gül dəstəsi qoyub.
Prezident İlham Əliyev abidənin ətrafında yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, burada əsaslı quruculuq və abadlıq işləri aparılıb, şəhərin bu hissəsi sakinlərin mənalı istirahət ocaqlarından birinə çevrilib. Mərkəzi parkda salınan geniş yaşıllıq zolaqları həm şəhərin simasına xüsusi yaraşıq verir, həm də ulu öndərin xatirəsinin əbədiləşdirildiyi bu məkana xoş ovqat gətirir. Genişmiqyaslı abadlıq işlərinin görüldüyü bu park maraqlı dizaynı ilə diqqəti cəlb edir. Xüsusi dekorativ bitkilərin, gül kollarının əkildiyi parkda musiqili fəvvarə quraşdırılıb, Azərbaycan mədəniyyəti və ədəbiyyatının inkişafında xüsusi xidmətləri olan şəxslərin abidələri ucaldılıb.
Dövlətimizin başçısı parkı gəzərkən dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin və şair Əhməd Cavadın piano arxasında gərgin işinin əks olunduğu kompozisiyaya və aşıq Teymurun xatirəsinə yaradılmış guşəyə 1972-2000-ci illərdə ümummilli lider Heydər Əliyevin Şəmkir rayonuna səfərlərini əks etdirən şəkillərə baxıb.
İlham Əliyev istirahət parkı ilə tanışlıqdan sonra rayon mədəniyyət evində təşkil olunmuş sərgiyə tamaşa edib. Sərgidə son illər sahibkarlığın inkişafı məqsədilə dövlətimiz tərəfindən yaradılmış əlverişli şəraitdən bəhrələnən şəmkirli iş adamlarının istehsal etdiyi sənaye, tikinti və kənd təsərrüfatı məhsulları nümayiş olunurdu.
Qeyd edim ki, 2008-ci ildə Şəmkirdə ümumi məhsul buraxılışının həcmi 225 milyon manatdan çox olub. Əmtəə dövriyyəsinin həcmi 152 milyon manatı ötüb. Ötən il rayonda 54 min 566 ton taxıl, 102 min 287 ton kartof, 116 min 27 ton tərəvəz istehsal edilib. Süd istehsalı 36 min 770 ton, ət istehsalı 7350 ton, yumurta istehsalı 37 milyon 615 min ədəd olub. İqtisadiyyatın inkişafı rayonun büdcəsinə də təsirsiz ötüşməyib. Büdcə gəlirləri 8 milyon 320 min manat, büdcə xərcləri 32 milyon 364 min manat, mərkəzləşdirilmiş xərclərdən ayrılan vəsait isə 24 milyon 401 min 135 manat təşkil edib.
Dövlət başçısı çox vacib bir layihənin- Şəmkir SES-in təməlini qoyub
İlham Əliyev həmin gün Şəmkir çayı üzərində inşa ediləcək dəryaçanın təməlqoyma mərasimində iştirak edib. Dövlətimizin başçısına su anbarının suvarma sxemi, bu dəryaçanın bəndinin baş planı və iqtisadi göstəriciləri barədə məlumat verilib. Prezident İlham Əliyev gilizi təmələ buraxıb və beton qarışığı özülə axıdılıb. Dövlətimizin başçısı yüksəklikdən tikinti meydançasını seyr edib. Prezident İlham Əliyevə tikinti meydançasında işçilərin səmərəli fəaliyyəti, qidalanmaları və mənalı istirahətləri üçün yaradılan şərait barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, bütün bunlar beynəlxalq standartlara tam uyğundur. Dövlətimizin başçısı layihə ilə bağlı fikirlərini bildirib, tövsiyələrini verib.
Qeyd edək ki, mütəxəssislərin dediyinə görə, Şəmkirçay su anbarı aqrar islahatlara əsaslı töhfə verəcək. Bu, son illərdə respublikamızda reallaşdırılan ən mühüm layihələrdən biridir. Həmin dəryaçanın tikintisini ulu öndər Heydər Əliyev bu bölgə üçün çox vacib hesab edirdi. Layihə Şəmkirçayın keçdiyi Qaraqoç adlanan ərazidə, Seyfəli yaşayış məntəqəsinin yuxarı hissəsində reallaşdırılacaq. Su anbarı ilə yanaşı burada su-elektrik stansiyası, əsas kanal, qidalandırıcı kanal, sol və sağ sahil kanalları inşa olunacaq. Layihənin həyata keçirilməsi ilə Şəmkir, Göygöl, Samux və Goranboy rayonlarının 50 min 122 hektar torpaq sahəsinin su təminatı yaxşılaşdırılacaq, 20 min 834 hektar yeni sahənin suvarılması mümkün olacaq.
Su anbarının ümumi tutumu 160 milyon kubmetr, faydalı iş həcmi 135 milyon kubmetr, illik orta su axını 260 milyon kubmetr olacaq. Anbarın su səthinin sahəsi 504 hektara, suyun maksimal dərinliyi 122 metrə çatacaq. Hidrotexniki qurğunun üstdən uzunluğu 692 metr, eni 12 metr təşkil edəcək. Təkcə bənd və bənd qovşağında 21 milyon kubmetrdən çox torpaq işi, 85 min kubmetr beton və daş-beton işləri görüləcək, tikintidə 7 min tondan çox metal konstruksiya və armaturdan istifadə olunacaq.
Altı aqreqatın quraşdırılacağı su-elektrik stansiyasının illik enerji hasilatı 56 milyon kilovat/saat təşkil edəcək. Tikintinin layihəsini yerli və türkiyəli mütəxəssislər hazırlayıblar. İnşaat işlərini isə Türkiyə şirkəti həyata keçirəcək.
Qeyd edək ki, layihə Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumu tərəfindən ekspertizadan keçirilib və müsbət rəy verilib. Bu su anbarının inşası ətraf rayonların suvarma sisteminin yenidən qurulmasına və əsaslı şəkildə inkişafına imkan yaradacaq. Nəticədə kənd təsərrüfatının daha da inkişaf etdirilməsi və məhsuldarlığın xeyli artırılması üçün əlavə imkanlar yaranacaq.
Layihə çərçivəsində bənd qovşağında nəqledici, enerji və qəza zamanı suburaxıcı tunellər də inşa olunacaq. Ən müasir standartlar səviyyəsində inşa ediləcək Şəmkirçay əsas kanalında suyun nəqli saniyədə 28 kubmetrə çatacaq. Uzunluğu 12 kilometr olan bu kanalın 7,8 kilometrlik hissəsi tuneldən ibarət olacaq. Qidalandırıcı kanal da mühüm hidrotexniki qurğulardandır. Uzunluğu 16 kilometrdən çox olan həmin kanalın keçdiyi ərazidə 7 min 706 hektar sahənin suvarılması asanlaşacaq.
Sol sahil kanalı isə 14 min 253 hektar sahənin suvarılmasına imkan yaradacaq. Şəmkirçayın sağ sahilindəki 5547 hektar sahənin suvarılması sağ sahil kanalı vasitəsilə həyata keçiriləcək. Layihə hazırlanarkən sel və daşqın təhlükəsi də nəzərə alınıb. Bu məqsədlə qəza suaxıdıcı tuneli inşa ediləcək. Çayda güclü daşqın baş verərsə, qəza tuneli ilə saniyədə 697 kubmetr su bəndin aşağı hissəsinə ötürüləcək.
Qeyd edək ki, ilkin hesablamalara görə, haradasa, 400 milyon manat dəyərində investisiya qoyulacaq. Layihənin həyata keçməsilə on minlərlə hektar torpaq suvarılacaq, minlərlə insan işlə təmin olunacaq. Bu tikinti zamanı minlərlə insan burada işləyəcək. Kənd təsərrüfatının inkişafı daha sürətlə gedəcək. Şübhəsiz ki, bu investisiya bütün rayon infrastrukturuna öz müsbət təsirini göstərəcək. Ümumiyyətlə, son illərdə Şəmkirin hər cəhətdən inkişafı daha çox nəzərə çarpır. Burada böyük işlər görülüb, yeni müəssisələr, iş yerləri açılıb, şəhər abadlaşıb.
İlham Əliyev 3 il öncə təməlini qoyduğu Şəmkir Olimpiya Kompleksinin açılışını edib
Prezident İlham Əliyev Şəmkir Olimpiya İdman Kompleksinin açılış mərasimində iştirak edib. Mərasimə toplaşmış rayon ictimaiyyətinin nümayəndələri, idmançılar dövlətimizin başçısını mehribanlıqla, hərarətli alqışlarla qarşılayıblar. Dövlət başçısı açılışı bildirən lenti kəsdikdən sonra komplekslə yaxından tanış olub.
Ölkə rəhbərinə məlumat verilib ki, tikintisi regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmuş bu kompleksin təməli 2006-cı il noyabrın 1-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Obyektin layihəsini Gənclər və İdman Nazirliyinin sifarişi ilə "Azərinşaatlayihə" İnstitutu hazırlayıb.
Kompleksin ərazisi 9 hektar, əsas korpusu isə üçmərtəbəlidir. Əsas korpusda həndbol, futzal, voleybol, basketbol oyunlarının keçirilməsi üçün əsas zal yerləşir. 682 tamaşaçı tutan zalda elektron tablo quraşdırılıb. Burada digər idman növləri üçün də meydançalar da vardır. Qapalı üzgüçülük hovuzu xüsusi antimikrob örtüklə, süzgəc və xlor vannası ilə təchiz edilib. Əsas binada idman zallarından başqa, trenajor zalı, stolüstü oyunlar üçün nəzərdə tutulan bölmələr, yeməkxana və digər yardımçı otaqlar yerləşir. Kompleksin ərazisində 2 tennis kortu, 2 voleybol və 1 basketbol meydançası var.
Kompleksə idman oyunları, güləş, boks, ağır atletika və gimnastika salonları, 30 yerlik mehmanxana və 73 yerlik yeməkxana, 2 min tamaşaçı yeri olan futbol stadionu, avtomobil dayanacağı və birmərtəbəli kotteclər daxildir. Müasir standartlara uyğun inşa olunmuş Şəmkir Olimpiya İdman Kompleksində yerli və beynəlxalq yarışların keçirilməsi, idmançıların fiziki hazırlıqları üçün bütün şərait yaradılıb.
Ərazidə geniş və yaraşıqlı istirahət parkı salınmış, dekorativ ağaclar əkilmiş, müasir işıqlandırma sistemi quraşdırılıb. Dövlətimizin başçısı kompleksdə gənc idmançıların çıxışlarını, onların fiziki hazırlıq səviyyəsini izləyib.
Sonra Prezident İlham Əliyev burada rayon ictimaiyyətinin nümayəndələri və idmançılar ilə görüşüb. Şəmkir güləş məktəbinin direktoru Mikayıl Sadıqov rayon sakinlərinin minnətdarlığını çatdıraraq, bildirib ki, şəmkirlilər bu günü çox səbirsizliklə gözləyirdilər: "Çünki iki il bundan əvvəl Siz burada Olimpiya İdman Kompleksinin təməlini qoyanda söz verdiniz ki, mən bu kompleksin açılışında şəxsən iştirak edəcəyəm. Sözünüzə əməl edib Şəmkirə gələrək Olimpiya Kompleksinin açılışında iştirak etdiyinizə görə Sizə bütün şəmkirlilər adından təşəkkürümüzü bildiririk".
Qedy edək ki, Şəmkir Olimpiya İdman Kompleksi Sizin ölkədə 19-cu olimpiya kompleksidir və tikilməkdə olan, yaxın vaxtlarda istifadəyə veriləcək kompleksləri də bunun üstünə əlavə etsək, onda bunların sayı 35-ə çatacaq. İnkişaf etmiş heç bir Avropa ölkəsində qısa müddət ərzində bu qədər idman obyektləri tikilib istifadəyə verilməyib.
Prezident İlham Əliyev qeyd edib ki, bu Olimpiya Kompleksi Şəmkirə, şəmkirlilərə gözəl hədiyyədir və burada idmanla məşğul olmaq üçün gözəl şərait var. Dövlət başçısı bildirib ki, gənclərin asudə vaxtlarının səmərəli keçməsi üçün hər bir şərait var- üzgüçülük hovuzu, açıq meydançalar, tennis, basketbol, futbol, voleybol zalı. Şəhərin girişində yerləşən bu əzəmətli bina gözəl memarlıq abidəsidir və Şəmkirə xüsusi yaraşıq verir. Mən əminəm ki, burada uşaqlar, gənc nəsil, idmançılar məşğul olacaqlar, öz peşəkarlıqlarını artıracaqlar. Eyni zamanda, Şəmkir sakinləri üçün də burada yaxşı şərait var.
Azərbaycan idman dövlətidir. Bunu təkcə biz yox, bütün dünyanın idman aləmi deyir. Həm beynəlxalq yarışlarda, Olimpiya oyunlarında, Avropa çempionatlarında, dünya kubokunda uğurlarımız deməyə əsas verir ki, Azərbaycan dünya miqyasında birincilər sırasındadır. Həm yeniyetmələr, həm uşaqlar, həm də ki, peşəkar idmançılarımız çox böyük istedada malikdirlər.
Sevindirici haldır ki, Azərbaycanda idman artıq çox geniş yayılır, hər yerdə idman kompleksləri tikilir. Azərbaycanda indi müxtəlif beynəlxalq yarışlar keçirilir. Həm ölkənin iqtisadi inkişaf, həm də idman infrastrukturunun mövcudluğu baxımından buna qadirik. Azərbaycanda istənilən idman yarışı keçirilə bilər.
Prezident İlham Əliyev Şəmkir rayonuna səfəri çərçivəsində "Şərq ulduzu" MMC-də olub
Dövlətimizin başçısına məlumat verilib ki, müəssisənin Şəmkir rayonunda 108 hektar üzüm sahəsi var. Üzüm bağları Fransa, İran və Gürcüstandan gətirilən və yerli tinglər hesabına salınıb. Bu bağlarda "Şardane", "Bayan şirə", "Merlot", "Rikasiteli", "Sapiravi", "Kaberne savinyon", "Şiraz" kimi üzüm sortları yetişdirilir. Vətəni Ön Asiya olan "Şiraz" üzüm sortu, ilk dəfə məhz Şəmkirdə yetişdirilib. "Bayan şirə" isə keçmiş sovetlər dönəmində ən yararsız sortlardan hesab olunsa da, indi onun yetişdirilmə və şərabının hazırlanması texnologiyasında yeniliklər əldə olunub.
İndi bu sortdan alınan məhsul ən qiymətli şərab hesab olunur. Bunun nəticəsidir ki, "Bayan şirə" 2008-ci ildə Moskvada keçirilən sərgidə qızıl medalla mükafatlandırılıb. Hazırda yeni sort - "Anenfolt"un yetişdirilməsi üzərində iş gedir. Bu da vaxtilə Şəmkirdə yaşayan alman əhalisindən gəlmə addır.
Şərabçılıq Şəmkirdə ənənəvi istehsal sahəsidir. Bu ənənə indi də yaşayır və onun davam etdirilməsi istiqamətində mühüm işlər görülür. "Şərq ulduzu" MMC-nin fəaliyyəti də bu baxımdan xüsusi əhəmiyyətə malikdir. 2006-cı ildə yaradılan müəssisə hazırda 2 min ton üzümü emal etmək gücünə malikdir. Şərab zavodu ən müasir texnologiyaların tətbiqi əsasında qurulub. Burada quraşdırılan avadanlıq Almaniya və İtaliya istehsalıdır. Hazırda zavodda 7 növ şərab istehsal edilir. "Şardane", "Bayan şirə", "Merlot", "Rikasiteli", "Sapiravi", "Kaberne savinyon" və "Şiraz" şərabları onların əldə olunduqları üzüm sortlarının adını daşıyır.
Dövlətimizin başçısına məlumat verildi ki, müəssisədə 125 nəfər çalışır. İşçilərin orta aylıq əməkhaqqı 250-300 manatdır. Alman layihəsi əsasında qurulmuş zavodda tutumu 14 tondan 37 tonadək olan 63 çən qoyulub. Bütün istehsal prosesi kompyuterlə idarə olunur. Qiymətli şərab növlərinin saxlandığı taxta çəlləklər isə palıddan hazırlanıb.
Dövlətimizin başçısı müəssisədə hazırlanan məhsulların müxtəlif sərgilərdə qazandığı nailiyyətləri əks etdirən guşəyə baxıb. Müəssisədə istehsal olunan şərablar 2008-ci ildə Moskvada keçirilən 2-ci beynəlxalq festivalda qızıl, gümüş və qran-pri mükafatlarına layiq görülüb. Əldə olunan uğurlara görə müəssisəyə İSO:22000 beynəlxalq sertifikatı verilib. Zavodda bu ildən konyak spirtinin çəkilməsi üçün yeni sex işə salınıb. Müəssisənin ərazisində yeni yardımçı binalar da tikilir. Bu binaların 2011-ci ilədək istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Məhsulların təbii üsulla saxlanması üçün zirzəmilər də tikiləcəkdir.
Prezident İlham Əliyev müəssisədə yeni istehsal xəttinin işə düşməsini bildirən düyməni basıb. Yeni məhsulun ilk nümunəsi dövlətimizin başçısına təqdim olunub.
Prezident Gədəbəy rayonunda Aşıq Musiqi Məktəbinin və qızıl emalı zavodunun açılışını edib
İlham Əliyev Qərb bölgəsinə səfərinin ikinci günü Gədəbəy rayonuna gəlib. Dövlət başçısı rayon mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.
Prezident İlham Əliyev Gədəbəyə səfəri çərçivəsində Aşıq Musiqi Məktəbənin təməlqoyma mərasimində iştirak edib. Dövlətimizin başçısı əvvəlcə ikimərtəbəli, klassik üslubda tikiləcək binanın layihəsi ilə tanış olub. Prezident İlham Əliyev gilizi təmələ buraxıb. Ölkə başçısına məlumat verilib ki, aşıqlar məktəbi ikimərtəbəli olacaq və məktəb 450 kv.metrdən çox ərazini əhatə edəcək.El aşıqları ilə söhbət edən dövlətimizin başçısı onlarla xatirə şəkli çəkdirib.
Ölkə iqtisadiyyatının kompleks inkişafından və regionların tərəqqisindən danışan dövlət başçısı qeyd edib ki, son 5 ildə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının qəbul edilmiş qərarlar əsasında uğurlu icrası, çox müsbət haldır və növbəti 5 il üçün yeni proqram tərtib olunub və icra edilməyə başlanılıb.
"Bizim iqtisadiyyatımızın əsas sahəsi energetikadır və dünyada neftin qiymətinin kəskin şəkildə düşməsi ilə bağlı bütün neft ixrac edən ölkələr, o cümlədən, Azərbaycan da müəyyən çətinliklərlə üzləşib. Amma buna baxmayaraq, bütün sosial proqramlar icra olunur, infrastruktur layihələri davam etdirilir. Deyə bilərəm ki, böhranın Azərbaycana müsbət təsiri də olub. O da ondan ibarətdir ki, istehlak qiymətləri aşağı düşüb. Ancaq büdcə təşkilatlarında çalışan insanların əməkhaqları vaxtında ödənilir, pensiyalar ödənilir və ildən-ilə onların məbləği artır, gələcəkdə də artacaqdır.
Bu aylar ərzində iqtisadiyyatımız da artıb. Bütün dünyada iqtisadi tənəzzül müşahidə edilir, Azərbaycanda isə iqtisadi artım. Yəni, bu, bir də onu göstərir ki, bizim uğurlarımızın əsas səbəbi neftin qiyməti deyil, əsas səbəbi aparılan islahatlardır və cəmiyyətdəki çox gözəl əhvali-ruhiyyə, ab-havadır"-deyə ölkə rəhbəri vurğulayıb.
Dövlət başçısı daha sonra 200 hektardan artıq ərazini əhatə edən Gədəbəy qızıl yatağının fəaliyyətə başlaması ilə bağlı mərasimə də qatılıb. Prezident 4000-ə yaxın insanın işlə təmin olunacağı Gədəbəy qızıl zavodunun açılışında iştirak edib.
2004-2008-ci illəri əhatə edən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı Gədəbəy rayonunun inkişafında mühüm rol oynayır. Ötən il rayonda 7 min 200 yeni iş yeri yaradılıb.
2008-ci ildə rayonda ümumi daxili məhsulun həcmi 11 faiz artıb. Əsas kapitala yönəldilən investisiyalar təxminən 3 dəfə artıb. Rayonda infrastrukturun, təhsil, idman və səhiyyənin inkişafına da xüsusi diqqət göstərilir. Son 5 ildə rayondakı 86 məktəbdən 76-da əsaslı təmir və yenidənqurma işləri aparılıb. Bunların bir çoxu Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilib.
Ümumiyyətlə, dövlət başçısının Qərb rayonlarına səfəri çox mühüm və yaddaqalan hadisələrlə müşayiət olunub. Həmin bölgədə bir neçə obyektin açılışında iştirak edən Prezident İlham Əliyev qlobal iqtisadi böhran şəraitində belə ölkənin regionların inkişaf dinamikasının davam etdiyini göstərib.