Aprelin 12-də Azərbaycan Prezidenti İlham Əliyev respublikamızın şimal-qərb bölgəsinə səfəri çərçivəsində Tovuz rayonuna gəlib. Dövlətimizin başçısı Tovuz şəhərindəki Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu. Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov məlumat verdi ki, Heydər Əliyev adına mədəniyyət və istirahət parkı şəhərin sakinlərinin və qonaqlarının sevimli istirahət mərkəzidir. Sonra dövlətimizin başçısı rayon ərazisində aparılan tikinti-abadlıq işlərini, Tovuzun xəritəsini, Tovuz-Qovlar-Ağbaşlar avtomobil yolunun layihəsini və tikintisi davam etdirilən obyektləri əks etdirən stendlərlə tanış oldu.
Bildirildi ki, Tovuz-Qovlar-Ağbaşlar avtomobil yolunun yenidən qurulmasına ötən il başlanılmışdır. Artıq bu yolun 13 kilometrlik hissəsinə asfalt-beton örtük döşənmişdir.
Aprelin 12-də Azərbaycan Prezidenti İlham Əliyev Tovuzda "Ayan Palace" otelinin açılışında iştirak edib. Prezident İlham Əliyevə bildirildi ki, avanqard arxitektura üslubunda inşa edilən binanın interyerinin tərtibatında xaricdə hazırlanan mebel və aksessuarlardan istifadə olunmuşdur. Oteldə qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılmışdır, 120 nəfərlik restoran fəaliyyət göstərir. Otelə bitişik 700 nəfərlik salon da inşa olunmuşdur. Salonla tanış olan dövlətimizin başçısına məlumat verildi ki, burada beynəlxalq və respublika əhəmiyyətli tədbirlərin, konfransların keçirilməsi üçün lazımi şərait yaradılmışdır. Bu salonda, həmçinin müxtəlif ziyafətlərin, təqdimat mərasimlərinin keçirilməsi də mümkündür. Salon ən müasir səs və işıq sistemləri ilə təchiz olunmuşdur. Oteldə günün istənilən vaxtında müştərilərə xidmət göstərən 70 nəfərlik bar, müxtəlif ofis və mağazalar da fəaliyyət göstərəcəkdir. Diqqətə çatdırıldı ki, "Ayan Palace" otelində 65 nömrə vardır. Nömrələr otelin 1-5-ci mərtəbələrində yerləşir və ən yüksək standartlara cavab verir. Prezident nömrəsi isə üçüncü mərtəbədə yerləşir.
Otaqlarla tanışlıq zamanı Prezident İlham Əliyevə məlumat verildi ki, burada dünya otel biznesində mövcud olan ən yüksək xidmət göstəriləcəkdir. Otaqlarda qonaqların istirahəti üçün maksimum şərait yaradılıb. Bütün otaqlar rəqəmli seyf, mini bar, havalandırma sistemləri, peyk televiziya antenası, beynəlxalq telefon xətti, kabelsiz internetlə təchiz edilmişdir. Qonaqlar, eyni zamanda, otaqlardan Tovuz rayonunun gözəl mənzərəsini də seyr edə biləcəklər.
Dövlətimizin başçısı turizm obyektinin zirzəmi qatındakı SPA və Sağlamlıq Mərkəzi ilə də yaxından tanış oldu. Ən yüksək şəraitin yaradıldığı mərkəzdə qadın və kişilər üçün fitnes zalları, qapalı hovuz, sauna, türk və fin hamamları, masaj otaqları və hidroterapiya xidməti kabinetləri fəaliyyət göstərəcəkdir. Oteldə, həmçinin müxtəlif səviyyəli görüşlərin keçirilməsi üçün 40 nəfərlik iclas zalı yaradılmışdır.
Məlumat verildi ki, hazırda oteldə 50 nəfər işləyir. İşçilərin 90 faizi rayon sakinidir. Onlara xarici mütəxəssislər tərəfindən kurslar keçilmişdir. Yaxın aylarda işçilərin sayının 110-a çatdırılması nəzərdə tutulmuşdur.
Bildirildi ki, "Ayan Palace" otelinin istifadə verilməsi ölkəmizin şimal-qərb bölgəsinə gələn turistlərin sayına da müsbət təsir göstərəcəkdir. Otel ilə yaxından tanış olan Prezident İlham Əliyev kollektivə uğurlar arzuladı.
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də Tovuz rayonu ərazisində Göytəpə neolit dövrü arxeoloji abidəsi ilə tanış olub.
Dövlətimizin başçısına məlumat verildi ki, qədim Göytəpə arxeoloji abidəsi Azərbaycan ərazisində, eyni zamanda, Cənubi Qafqazda neolit dövrünün erkən mərhələsinə aid yaşayış məskənlərinin ən böyüyüdür. Bu yaşayış məskəni 2 hektardan çox ərazini əhatə edir.
Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloji ekspedisiyası 2006-cı ildə Fransa mütəxəssisləri ilə birlikdə Göytəpə qədim yaşayış məskənində kəşfiyyat müşahidələri apararaq, təpənin toroplanını çəkmiş, yerüstü materiallar toplamışlar. Abidənin dəqiq tarixinin təyin edilməsi üçün üst qatdan götürülən kömür qalıqlarının üzərində Fransanın Milli Araşdırmalar Mərkəzində radio-karbon analizi aparılmışdır. Analizin nəticəsinə əsasən, Göytəpə yaşayış məskəninin bizim eradan əvvəl VI minilliyə aid olduğu müəyyən edilmişdir. Bu da onu deməyə əsas verir ki, Tovuzun 8 min illik şəhər mədəniyyəti tarixi vardır. Prezident İlham Əliyev Göytəpə neolit dövrü arxeoloji abidəsinin ərazisini gəzdi.
Məlumat verildi ki, abidənin qədimliyi dünyanın bir çox nüfuzlu elm adamlarının və mütəxəssislərin ciddi marağına səbəb olmuşdur. 2008-ci ildən başlayaraq hər il Fransa Milli Araşdırmalar Mərkəzinin, Tokio Universitetinin əməkdaşlarının iştirakı ilə stasionar arxeoloji qazıntılar aparılmışdır. Göytəpə yaşayış yeri Azərbaycanda və Qafqazın cənubunda neolit dövründə baş verən inkişaf prosesinin əsas xüsusiyyətlərinin öyrənilməsində müstəsna əhəmiyyətə malikdir. Burada aparılan arxeoloji qazıntı işləri neolit dövrünə aid tikinti mədəniyyətini, Kür çayının orta axarı boyunca erkən neolit həyat tərzinin öyrənilməsinə imkan yaratmışdır.
Sonra dövlətimizin başçısı yaşayış məskənində aşkar edilən daş və sümük alətlərə baxdı. Bildirildi ki, aşkar olunan maddi-mədəniyyət nümunələrinin elmi təhlili Tovuz ərazisinin Qafqazın ən qədim yaşayış məskəni olduğunu sübut edir. Dünya arxeologiyasında Göytəpə yaşayış məskəni tipli neolit dövrünə aid arxeoloji abidələr ilkin sivilizasiyanın başlanğıc nöqtəsi, proto-şəhər, yəni insanların yığcam yaşayış tərzinin bərqərar olduğu ilkin şəhər mədəniyyətinin formalaşması dövrü kimi dəyərləndirilir.
Daha sonra Prezident İlham Əliyev Göytəpə qədim yaşayış məskənində bu günə qədər görülən işlər və əldə olunan nəticələri, eləcə də aşkar olunmuş tikililərin bərpası, abidənin açıq səma altında muzeyə - arxeoparka çevrilməsi istiqamətində təklifləri əks etdirən stendlərə baxdı. Qeyd olundu ki, 2008-2011-ci illərdə Göytəpədə aparılan qazıntılar qədim yaşayış yerinin neolit dövrünə aid olan mükəmməl memarlığını üzə çıxarmışdır. Tədqiqatçıların fikirlərincə, Göytəpədə aşkar olunan tikililərin möhkəmliyinə Azərbaycanın heç bir neolit dövrü abidələrində rast gəlinməmişdir. Dəyərli maddi-mədəniyyət nümunələri ilə zəngin olan abidənin 2009-cu ildə Tokio Universitetində, 2010-cu ildə Londonda fəaliyyət göstərən "Britaniya Muzeyi"ndə, həmin ildə Parisdə "Kollec-de-Frans" təhsil müəssisəsində, 2011-ci ildə Rusiya Elmlər Akademiyasının Arxeologiya İnstitutunda və Gürcüstanın Milli Tarix Muzeyində təqdimatı olmuşdur. Ötən ilin avqustunda Rusiya, Ukrayna, Moldova, Gürcüstan, Özbəkistan və Qırğızıstan nümayəndələrinin iştirakı ilə Azərbaycanda ilk dəfə olaraq "Cənubi Qafqazın qədim mədəniyyətləri" mövzusunda beynəlxalq layihə çərçivəsində MDB-nin gənc mütəxəssislərindən ibarət "Gənc arxeoloqların yay məktəbi" tədbiri Göytəpə yaşayış məskəni ərazisində keçirilmişdir.
Məlumat verildi ki, abidə rayonun turizm marşrutuna daxil edilmişdir. Ölkəmizdə "2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq, cari ildə abidənin ətrafının abadlaşdırılması, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun qrant-layihəsinə uyğun olaraq əsaslı şəkildə elmi tədqiqat işlərinin davam etdirilməsi və ərazidə arxeoparkın yaradılması nəzərdə tutulmuşdur.
Yaşayış məskəni ilə tanışlıqdan sonra dövlətimizin başçısı tapşırıq və tövsiyələrini verdi.