PDF Oxu

Siyasət

  • 21

Kiyevdə Ukrayna və ingilis dillərində “İki epoxanın lideri Azərbaycan-Ukrayna münasibətləri Heydər Əliyevin həyat və fəaliyyəti prizmasından” kitabının təqdimatı olmuşdur

Kiyevdə Ukrayna və ingilis dillərində “İki epoxanın lideri Azərbaycan-Ukrayna münasibətləri Heydər Əliyevin həyat və fəaliyyəti prizmasından” kitabının təqdimatı olmuşdur

AzərTAc xəbər verir ki, mayın 30-da Ukrayna Xarici İşlər Nazirliyi yanında Ukrayna Diplomatik Akademiyasının (UDA) Azərbaycan və Ukraynanın dövlət bayraqları ilə bəzədilmiş akt zalında Ukrayna və ingilis dillərində "İki epoxanın lideri. Azərbaycan-Ukrayna münasibətləri Heydər Əliyevin həyat və fəaliyyəti prizmasından" kitabının təqdimatı olmuşdur.

Kitab Kiyev Şəhər Sovetinin Diplomatik nümayəndəliklərə xidmət üzrə baş müdiriyyəti, səfirliyimiz və UDA tərəfindən "Planeta" informasiya-nəşriyyat mərkəzində nəşr edilmişdir. Qeyd edək ki, bu, xarici dövlət xadiminə və siyasətçisinə həsr olunmuş və "diplomatik Ukrayna" elmi illik kitabxanası" seriyasından nəşr olunmuş ilk kitabdır.

Ədəbi essenin müəllifləri tarix elmləri namizədi, böyük elmi işçi, Ukraynanın Əməkdar Jurnalisti Anatoli Denisenko, Ukraynanın Əməkdar İncəsənət Xadimi, Ukrayna Milli Yazıçılar İttifaqının üzvü Vasili Turkeviç və tarix elmləri namizədi, UDA-nın dosenti Lyubov Şpakovskidir.

Kitabın bədii tərtibatında Heydər Əliyev Fondunun rəsmi saytının, Azərbaycanın Ukraynadakı səfirliyinin arxivlərinin, AzərTAc-ın və Ukrinformun fotoşəkillərindən istifadə edilmişdir.

Tədbir ulu öndər Heydər Əliyevin 90 illik yubileyinin bayram edilməsi ilə əlaqədar Azərbaycanın Ukraynadakı diplomatik nümayəndəliyi tərəfindən diplomatik missiyaların rəhbərlərinin və ölkə ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilmişdir.

Təqdimatı giriş sözü ilə UDA-nın rektoru, professor Nikolay Kulinıç açmışdır. O, müasir dövrün görkəmli dövlət və siyasi xadimi, Ukraynanın böyük dostu, zamanın dinamizmini duyan və dövrünün çağırışlarını qabaqlayan Heydər Əliyevin ən yeni tarixdəki xidmətlərini yüksək qiymətləndirmişdir.

Azərbaycan xalqının Ulu Öndəri haqqında çox xoş və səmimi sözlər demiş müdiriyyətin başçısı Pavel Krivonosovun çıxışından sonra ölkəmizin Ukraynadakı səfiri Eynulla Mədətliyə söz verilmişdir. P.Krivonos "İki epoxanın lideri" kitabının uğurlu adına görə ona minnətdarlığını bildirmişdir.

Azərbaycan diplomatı bildirmişdir ki, dövlətçiliyimizin tarixində dahi şəxsiyyət Heydər Əliyevin müstəsna yeri vardır.

Səfir qeyd etmişdir ki, Heydər Əliyevin vətəndaşlıq və siyasi hünəri onun müxtəlif hədələrə və təqiblərə baxmayaraq, siyasətə qayıtmaq və Azərbaycanın taleyini öz əlinə almaq əzmindən ibarət olmuşdur.

Heydər Əliyevin prezidentliyi dövründə ölkənin müasir inkişafının möhkəm təməli qoyulmuş, Azərbaycanın uğurlu dövlət kimi qəbul olunması təmin edilmiş, Azərbaycanın müasir dünyaya qovuşmasına şərait yaradılmışdır.

Gələcək planları əks etdirən "Azərbaycan-2020: gələcəyə baxış" inkişaf konsepsiyası bir daha təsdiq edir ki, Heydər Əliyevin ölkənin indiki uzunmüddətli tərəqqisini təmin edən genişmiqyaslı proqramları Azərbaycan xalqının sosial-iqtisadi vəziyyətinin daim yaxşılaşmasına xidmət edir.

Diplomat xüsusilə vurğulamışdır ki, hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan neft gəlirlərini insan kapitalına çevirir və onun gələcəyə yönəldilmiş əsas məqsədlərdən biri təhsildir. O həmçinin xatırlatmışdır ki, Azərbaycan artıq kosmik sənayeyə malik olan məhdud saylı ölkələr klubunun üzvüdür.

Səfir demişdir: "Son on ildə Azərbaycana 130 milyard dollardan çox sərmayə qoyulmuşdur. Bunun müəyyən hissəsini xarici investisiyalar təşkil edir. Yaxşı investisiya mühiti, proqnozlaşdırılan siyasi durum, ölkədəki sabit vəziyyət və əlbəttə, regional əlaqələr hər bir ölkənin müvəffəqiyyəti üçün ilkin şərtlərdəndir.

Bütün bu nailiyyətlər sübut edir ki, Heydər Əliyevin milli ideyaları və siyasi kursu uğurla davam etdirilir, ölkəmizin gələcək inkişafı və tərəqqisi üçün əlverişli şərait yaradılır". Sonda o, müdiriyyətin bütün kollektivinə və şəxsən Pavel Krivonosova, kitabın müəlliflərinə, habelə UDA-nın rəhbərliyinə səmimi minnətdarlığını bildirmişdir.

Sonra Türkiyənin Kiyevdəki səfiri Mehmet Samsar, UDA-nın professoru, Yuri Koçubey, Ukrayna XİN-in Xaricdə yaşayan ukraynalılarla əlaqələr və mədəni-humanitar əməkdaşlıq departamentinin direktoru Vladimir Yatsenkovski, "Ukrayna" Açıq Beynəlxalq Universitetinin dosenti Fərhad Turanlı, Ukrayna xarici siyasət idarəsinin İnformasiya siyasəti departamentinin rəhbəri Yevgeni Perebiynos, "Azərbaycançılıq İnstitutunun" prezidenti Oleq Krapivin, Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun başçısı Hikmət Cavadov, Kiyev Milli Aviasiya Universitetinin professoru Arif Quliyev, kitabın həmmüəlliflərindən biri olan Anatoli Denisenko və başqaları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında səmimi sözlər demiş, xatirələrini bölüşmüşlər.

Tədbirin iştirakçılarına Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif illəri, onun ailə üzvləri, dünya miqyaslı siyasətçilərlə görüşləri haqqında slaydlar nümayiş etdirilmişdir.

Tədbirdən sonra Azərbaycan səfiri Azərbaycanın və Ukraynanın çap olunan və elektron KİV-lərinin nümayəndələrinə müsahibə vermişdir.

Kitabın təqdimatında duayen, Belarusun Ukraynadakı diplomatik nümayəndəliyinin başçısı Valentin Veliçko başda olmaqla xarici ölkələrin 20 səfiri, Kiyevdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, UDA-nın, ölkənin digər ali məktəblərinin professor-müəllim heyəti, Azərbaycan, Ukrayna ictimaiyyətinin nümayəndələri, diasporumuzun üzvləri və başqaları iştirak etmişlər.

Tədbir UDA-ya təntənəli qəbul ilə başa çatmışdır.

AzərTAc

Digər xəbərlər