PDF Oxu

Siyasət

  • 9

XALQ UĞURLU SİYASƏTİN DAVAMINI TƏLƏB EDİR

XALQ UĞURLU SİYASƏTİN DAVAMINI TƏLƏB EDİR

Xalqa müxalif olmaq cinayətdir

Cəmiyyətin siyasi həyatında seçkilər bütün dövrlərdə aparıcı yer tutmağa başlayıb. İnsanlar uzun müddət özlərinə layiqli rəhbər, lider müəyyənləşdirməyin ədalətli formalarını axtararaq, nəhayət, seçki kimi səmərəli forma tapmağa müyəssər olublar. Müasir demokratiyanın qərarlaşmasının təsirli mexanizmləri sırasında seçkilər həlledici rol oynayır. Xalq hakimiyyətinin həyata keçirilməsini təmin edən idarə strukturları seçkilər nəticəsində meydana çıxır. Heç sirr deyil ki, Azərbayacan bu gün, özünün ən mühüm siyasi dövrünü yaşayır. Belə ki, ölkə 9 oktyabrda keçiriləcək prezident seçkilərinə hazırlaşır və siyasi dairələrdəki fəaliyyətdə bu seçkinin demokratik, şəffaf və qanun pozuntusuz keçirilməsinə köklənib. Lakin bütün göstərilən səylərə, əldə olunan uğurlara baxmayaraq, təəssüf doğuran məqam da mövcuddur. Bu təəssüf isə Azərbaycan müxalifətinin radikal, xalqa qarşı çıxan qanadıdır.

Təəssüflə qeyd etməliyik ki, Azərbaycan vətəndaşı müxalifət düşərgəsinə boylanarkən orada nəinki hakim siyasi fəaliyyətə etiraz edən sima görür, əksinə, xalqa müxalif olmağı hədəf almış bir qrup işbazlarla rastlaşır. O işbazlar ki, 1990-cı ilin əvvəllərində ölkə iqtidarında təmsil olunaraq, vətəndaş müharibəsinə səbəb ola biləcək yarıtmaz siyasətlə məşğul olublar. O işbazlar ki, xalqa "otur-dur, dur-otur" əmri verməklə, hissiyatıyla oynayıblar. O işbazlar ki, öz şəxsi maraqları naminə müxtəlif ölkələrdə və müxtəlif zamanlarda Azərbaycan qadınının, qızının, gəlininin şərəf və ləyaqətini tapdalayan erməni separatçıları ilə əməkdaşlığa gediblər.

Bəli, təəssüflə bildirməliyik ki, ölkə müxalifətinin radikal qanadının "lider"ləri xalqa müxalif olmaqla, populist çıxışlarla gündəmi ələ almağa, heç məsuliyyət daşımadan şər və böhtan xarakterli ittihamlar səsləndirməklə, erməni lobbisinin quluna çevrilmiş havadarlarının yazdığı ssenari ilə siyasət səhnəsində yer almağa, söz sahibi olmağa çalışırlar. Lakin nə zaman o zamandır, nə də xalqımız onlara inanacaq qədər avam deyil. Özünütənqid və özünütərbiyə hissindən azad olan bu kəsim, asanlıqla öz nəfsinin qurbanına çevrilir və bununla da Azərbaycanın siyasi həyatına ləkə olmaqdan başqa bir işə yaramırlar.

Artıq seçkilərin təbliğat-təşviqat kampaniyasına start verilib və namizədlər öz platformaları ilə seçicilərin görüşünə gedirlər. Lakin müxalifət hələ də yerində sayır və xalqın hüzuruna getmək əvəzinə, xalqı ayaqlarına gətirməyə çalışırlar. Onlar unudurlar ki, bu, fiaskodan başqa bir nəticə verməyəcək və həyata keçirdikləri yarıtmaz siyasət bumeranq kimi özlərinə-geri qayıdacaq. Xalqı vasitə olaraq görən və çirkin niyyətlərinə qurban edən bir düşərgə siyasi hakimiyyətdə təmsil olunmaq kimi şansa sahib olmamalıdır. Öz birliklərini qoruyub saxlamayanlar, yekdil mövgedən çıxış etməyənlər, mənəm-mənəmlik iddiası ilə kreslo davası aparanlar Azərbaycan üçün ləkədən başqa bir şey deyil. Beləliklə, siyasi makler və işbazların cəmləşdiyi bir qurumun hökumətdə nə yeri var, nə də elektoratı.

Seçimini 1993-cü ildə edən müdrik xalqımız Qurtuluşdan başlanan yola - ölkə başçısı Cənab İlham Əliyevin rəhbərliyi ilə davam etmək istəyir və Azərbaycanın parlaq gələcəyi naminə səslərini birmənalı şəkildə Cənab Prezidentə verdiklərini bəyan edir. Qurtuluşdan quruculuğa, quruculuqdan intibaha, intibahdan müasir inkişafa səbəb olan bu seçim, hələ çox zəfərlərə, uğurlara qucaq açaçaq. Çünki bu siyasətin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Xalq isə oktyabrın 9-da məhz bu siyasəti dəstəkləyəcək. Belə ki, Azərbaycanın son 10 illik tarixində xalqın dəstəklədiyi siyasət bütün istiqamətlərdə öz davamlı, mütərəqqi uğurları ilə öz təsdiqini tapıb. Xalq belə uğurların davamını tələb edir.

İSA HƏBİBBƏYLİ,

AMEA-nın vitse-prezidenti, millət vəkili

Digər xəbərlər