Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyindən verilən məlumata görə, oktyabrın 1-də Almaniyanın aparıcı beyin mərkəzlərindən olan "Hanns Seidel Stiftung" tərəfindən Brüsseldə "TAP-la bağlı qərardan sonra Avropanın enerji və xarici siyasəti" adlı konfrans keçirilmişdir.
Tədbirdə əsas natiqlər qismində Avropa Parlamentinin üzvü, Şərq Tərəfdaşlığı üzrə məruzəçi Saryusz Wolski və Azərbaycan Respublikasının Avropa İttifaqı yanında nümayəndəliyinin rəhbəri səfir Fuad İsgəndərov çıxış etmişlər.
Saryusz Wolski TAP-la bağlı qərarın verilməsindən sonra yaranmış vəziyyət haqqında məlumat verərək, TAP layihəsinin Avropanın xarici və enerji siyasətinə mümkün təsirləri, bu boru kəmərinin keçəcəyi ölkələrin həmin layihənin reallaşmasından əldə edəcəkləri faydalardan bəhs etmişdir.
TAP layihəsinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətini vurğulayan səfir Fuad İsgəndərov TAP-ın "Cənub dəhlizi"nin başlanğıcı və ayrılmaz bir hissəsi olduğunu qeyd etmişdir. Səfir F.İsgəndərov "Cənub dəhlizi" ideyasının reallaşmasının Azərbaycanın etibarlı tərəfdaş olduğunu bir daha sübut etdiyini diqqətə çatdırmış, Azərbaycan ilə Avropa İttifaqı arasında mövcud strateji əməkdaşlığın yalnız enerji layihələri ilə məhdudlaşmadığını və bir çox sahələri əhatə etdiyini vurğulamışdır.
Daha sonra konfrans Avropa Komissiyası rəsmiləri və enerji üzrə ekspertlərin iştirakı ilə panel diskussiyalar şəklində davam etdirilmişdir. Panel diskussiyalarda ölkəmizi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsinin rəis müavini Zaur Qəhramanov təmsil etmiş və panel iştirakçılarını maraqlandıran sualları ətraflı cavablandırmışdır.
AzərTAc