Milli Şuranın namizədi rəqiblərinin posterini cırıb yerinə özünün iki şəklini yapışdırıb
Prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyası başladığı andan "Milli Şura"nın prezidentliyə namizədi Cəmil Həsənli istər İctimai Televiziyada keçirilən debatlarda, istər keçirdikləri aksiyalarda, istərsə də özlərinin mətbuat orqanlarında Seçki Məcəlləsinin tələblərini pozub. Bu gün SİA-nın əməkdaşının qarşılaşdığı mənzərə isə artıq bu hallara "bəsdir" deməyin vaxtının çatdığını deməyə əsas verir.
Bilindiyi kimi seçki prosesi zamanı təşviqat lövhələrinə hər namizədin bir ədəd posteri vurulur. Səbail rayon İcra Hakimiyyətinin qarşısındakı lövhədə də hər bir namizədin bir posteri vurulmuşdu. Bu gün səhər isə prezidentliyə namizəd Zahid Orucun posteri cırılaraq yerinə Cəmil Həsənlinin ikinci posteri lövhəyə vurulub. Buradan da məlum olur ki, hər zaman demokratiyadan, seçki prosesinin ədalətsiz, qaydalara zidd keçirilməsi kimi absurd iddialarla çıxış edən "Milli Şura"çıların özləri təbliğat-təşviqat kampaniyasının üzərinə kölgə salırlar.
Güman etmək olar ki, təbliğat-təşviqat kampaniyasının qaydalarına zidd addım atan, onu kobud şəkildə pozan, rəqiblərinə qarşı hörmətsizlik göstərən Cəmil Həsənlinin əməlləri Mərkəzi Seçki Komissiyası tərəfindən araşdırılacaq və müvafiq qərar veriləcək.
sia.az