PDF Oxu

Siyasət

  • 13

AZƏRBAYCAN XALQI İLHAMLI GƏLƏCƏYƏ SƏS VERƏCƏK!

AZƏRBAYCAN XALQI İLHAMLI GƏLƏCƏYƏ SƏS VERƏCƏK!

Sirr deyil ki, Azərbaycan Respublikasının inkişaf və tərəqqi təməli məhz ötən əsrin 70-80-ci illərində Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur və bu təməl üzərində qurulmuş milli iqtisadiyyatımız Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən daha da möhkəmləndirilmiş və inkişaf etdirilmişdir. Beləliklə, respublikamız ötən 21 ildə, məhz prioritet dəyərlərə əsaslanmaqla dinamik inkişaf yolunu keçmiş, ictimai həyatın bütün sahələrində yüksək tərəqqi və intibaha nail olmuşdur. Son 10 ildə yürüdülən prqamatik siyasət nəticəsində bu intibah daha da şaxələndirilmiş şəkildə nəzərə çarpmışdır. İndi müstəqil, güclü və qüdrətli Azərbaycan özünəməxsus milli inkişaf modeli ilə müasir dünyanın diqqət mərkəzindədir. Məhz bu kimi kontekstlərdən çıxış edərək qeyd etmək vacibdir ki, belə uğurların arxasında həmçinin, xalq-dövlət arasında mövcud olan sarsılmaz birlik faktoru dayanıb.

Artıq Azərbaycanda keçiriləcək növbəti prezident seçkiləri elə də uzaqda deyil. Bir neçə gündən sonra xalqımız öz səsvermə hüquqlarından istifadə edərək, seçki məntəqələrinə gedəcək. Söz yox ki, namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən Cənab İlham Əliyevin bu seçkilərdə də heç bir alternativi yoxdur. Eyni zamanda, İlham Əliyevin təbliğatına da ehtiyac yoxdur. Bu da Onun 10 illik Prezidentliyi dövründə yürütdüyü mütərəqqi siyasətin bariz nəticəsidir. Ötən 10 ildə milli iqtisadiyyatın liberallaşdırılması, enerji siyasətinin daha da mükəmməl şəkildə yürüdülməsi, ölkənin beynəlxalq aləmdə geosiyasi və geoiqtisadi çəkisinin artması, sosial, iqtisadi və siyasi sabitliyin təmin edilməsi, vətəndaş-dövlət birliyinə nail olunması və digər amillər müstəqil Azərbaycanın yüksələn xətlə inkişafına səbəb olmuşdur. Həmçinin, bazar iqtisadiyyatı münasibətlərinə söykənən liberal iqtisadi sistemin qurulmasına, Azərbaycanın zəngin təbii sərvətlərindən səmərəli istifadə edilməsinin, respublikanın investisiya cəlbediciliyinin yüksəldilməsinin və digər konseptual əhəmiyyətli tədbirlərin nəticəsi olaraq son 10 ildə milli iqtisadiyyatımız yeni keyfiyyət parametrləri ilə möhkəm təməl üzərində sürətlə inkişaf edir. Son on il ərzində ölkə həyatının bütün sahələrində böyük uğurlar əldə edilmişdir. Bu uğurların miqyasını işıqlandırmaq məqsədi ilə konkret rəqəm və faktlara istinad etmək kifayətdir. Xüsusilə, Azərbaycanda aparılan neft strategiyası nəticəsində neft və təbii qaz hasilatının bir neçə dəfə artması, ölkəyə 78 milyard ABŞ dolları həcmində sərmayənin daxil olması, Azərbaycanın qaz idxal edən ölkədən ixrac edən ölkəyə çevrilməsinə gətirib çıxarmışdır. Bu səylər nəticəsində 2012-ci ildə qeyri-neft sektoru 10 faiz artmış, təkcə informasiya texnologiyaları sahəsində olan gəlirlər 1,750 milyard dollar olmuş, Azərbaycan öz ilk peykini orbitə buraxmış, internet istifadəçilərinin sayı 10 dəfə artmış, Trans-Avropa informasiya dəhlizi yaradılmışdır.

Bu gün bir çox Avropa və Asiya dövlətlərində, bütövlükdə isə beynəlxalq aləmdə Azərbaycan dövlətinin yatırdığı investisiyalar ölkəmizə milyonlarla dollar həcmində mənfəət gətirir. Təbii ki, bütün bunlar bir amilə - xalqın daha da yaxşı yaşaması, insanların firavanlığının daha da mükəmməl olmasına xidmət edən faktorlara əsaslanır.

Həmçinin, vurğulamaq yerinə düşərdi ki, bu gün paytaxtımızla yanaşı, bölgələrimiz, regionlarımız, hətta ən ucqar kənd və qəsəbələrimiz gözəlləşir, abadlaşır, inkişaf edir. Bunun nəticəsində regionlarla paytaxtımız arasındakı fərq minimuma endirilmişdir. Böləgələrdə yaradılan sənaye kompleksləri, müxtəlif istiqamətlər üzrə tikilərək istifadəyə verilmiş fabrik və zavodlar, təhsil və səhiyyə müəssisələri, bütün bunlar məhz İlham Əliyevin son onillikdə xalqına verdiyi vədlərin təsdiqidir. Məsələn, 2004-2013-cü illəri əhatə edən dövr üzrə Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş (2004-2008-ci illər və 2009-2013-cü illər) regionların sosial-iqtisadi inkişafı dövlət proqramları ölkəmizin uğurlu inkişafı üçün ən vacib iqtisadi alətə çevrilmişdir.

Yalnız təəssüflə toxunmaq istədiyimiz bir məqam da var ki, bu da ölkənin inkişafına, tərəqqisinə mane olmağa cəhd edən dağıdıcı müxalifət düşərgəsi və bu düşərgənin "liderləri" ilə bağlı olan məqamdır. Özlərini "demokrat" adı altında pərdələyən qaragüruhçular toplumu seçkilər ərəfəsində xidmət göstərdikləri bəzi xarici siyasi dairələr qarşısında nökərçilik edirlər. Onlar həmin dairələrin Azərbaycanda siyasi-iqtisadi maraqlarını təmin etmək üçün sifariş əsasında "Milli Şura" adlı qondarma qurum yaradaraq "vahid namizəd"lərini təbliğ edirlər. Ancaq onların belə təbliğatları Azərbaycan xalqının dövlətçilik, Vətənə bağlılıq maraqlarını heç vaxt üstələyə bilməz. Bu gün Azərbaycan xalqı 20 il öncə hakimiyyəti qoyub qaçan, ölkəni vətəndaş qarşıdurmasına çıxaran, büdcəni talayan ünsürlərin yenidən hakimiyyətə yiyələnməsinə heç bir vəchlə imkan verməz. Çünki qədirbilən Azərbaycan xalqı bu inkişafın, bu tərəqqinin davamını tələb edir. Ölkəmizin dinamik inkişafını, sosial-iqtisadi inkişafını dəstəkləyən, bu inkişafda müstəsna rol oynayan xalq amili İlhamlı gələcəyə "İLHAMLA İRƏLİ!" şüarını əsas tutur. Çünki Azərbaycanın bugünkü dinamik sosial-iqtisadi inkişafı əminliklə deməyə əsas verir ki, ölkəmiz yaxın gələcəkdə bütün sahələrdə dünyanın qabaqcıl ölkələrindən birinə çevriləcəkdir. Bir daha əminliklə vurğulamaq isrətdim ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan bu uğurlar onun layiqli davamçısı, alternativsiz Liderimiz Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcək illərdə də davam edəcəkdir. Məhz oktyabrın 9-da baş tutacaq prezident seçkilərində Azərbaycan xalqı öz tarixi seçimini etməklə, Ulu Öndər Heydər Əliyev siyasətinin uğurlu davamına səs verəcək.

MUXTAR NAĞIYEV,

YAP Səbail rayon təşkilatı sədrinin müavini

Digər xəbərlər