Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıt şəhərinə səfərə gəlib. Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu. Şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov son vaxtlar Sumqayıtda görülən abadlıq və quruculuq işləri barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, abidənin ətrafında xeyli abadlıq işləri görülmüş, yaşıllıq sahəsi artırılmışdır.
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 3-də 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasında aparılan əsaslı təmir və yenidənqurma işləri ilə tanış olmuşdur. Azərbaycanda səhiyyə sektorunun inkişafı ilə bağlı islahatlar dövlətin həyata keçirdiyi sosial siyasətin başlıca istiqamətlərindən birini təşkil edir. Son illərdə səhiyyənin inkişafı ilə bağlı həyata keçirilən məqsədyönlü siyasət bu sahənin keyfiyyət və kəmiyyət göstəriciləri ilə zənginləşməsinə səbəb olmuş, tibb sektoru yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Səhiyyə ilə bağlı mühüm dövlət proqramlarının hazırlanaraq həyata keçirilməsi, əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə təmin olunması bu istiqamətdə gerçəkləşən siyasətin prioritetləridir. Səhiyyə müəssisələrinin təmiri və bərpası, ən müasir avadanlıqla təchiz edilməsi, vətəndaşların pulsuz dərman preparatları ilə təmini, müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, uşaqların bütün növ tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması bu sahədə islahatların əsasını təşkil edir. Bu məqsədlə regionlarda da yaşayan əhalinin tibbi xidmətlərlə keyfiyyətli şəkildə təmin olunması üçün bütün növ müayinə və müalicəni, əməliyyatları həyata keçirməyə imkan verən yeni müəssisələr yaradılır. 1 nömrəli Sumqayıt Şəhər Xəstəxanasının binasının yenidən qurulması da bu prosesin ardıcıl xarakter aldığını təcəssüm etdirir. Bu müalicə ocağının yenidənqurmadan sonra istifadəyə verilməsi şəhər sakinlərinin keyfiyyətli səhiyyə xidmətindən rahat istifadəsinə daha çox kömək edəcəkdir. Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına aparılan yenidənqurma işləri barədə məlumat verdi. Nazir dedi ki, çoxprofilli xəstəxananın binası 1967-ci ildə inşa olunmuş və o vaxtdan burada əsaslı təmir işləri aparılmamışdır. 1 nömrəli xəstəxana Sumqayıtın mərkəzində yerləşir və əhalinin ən çox müraciət etdiyi tibb ocağıdır. Burada əsaslı təmir və yenidənqurma işləri bu ilin oktyabrında başa çatdırılmışdır. Prezident İlham Əliyev xəstəxananın kollektivi və Sumqayıt ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Prezident İlham Əliyev mərasim iştirakçılarını salamlayaraq bildirib ki ölkəmizin hər bir bölgəsində hazırda müasir xəstəxanalar tikilir. Qarşıya məqsəd qoyulmuşdur ki, ölkəmizin hər bir şəhərində ən müasir xəstəxana - ən azı bir xəstəxana olmalıdır: "Ancaq nəzərə alsaq ki, son illərdə bölgələrdə 15 diaqnostika-müalicə mərkəzi tikilmişdir, indi bəzi şəhərlərdə ən müasir standartlara cavab verən iki və ya üç tibb müəssisəsi vardır. Beləliklə, səhiyyə sisteminin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi üçün çox böyük işlər görülmüşdür. Bütövlükdə, deyə bilərəm ki, son on ildə təqribən 500-ə yaxın tibb müəssisəsi tikilmişdir, təmir edilmişdir. Təsəvvür etmək çətindir ki, əgər biz bu işləri görməsəydik, indi səhiyyə sistemimiz hansı vəziyyətdə ola bilərdi. Bununla paralel olaraq bundan sonra da Azərbaycanda xəstəxana tikintisi davam etdiriləcəkdir. Çünki mən dəfələrlə qeyd etmişəm, bir daha demək istəyirəm ki, Azərbaycan dövləti sosial dövlətdir. Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Əlbəttə ki, hər bir insan üçün onun sağlamlığı çox vacibdir. Biz çalışmalıyıq ki, insanlar öz sağlamlıqlarını itirməsinlər və keyfiyyətli yüksək tibbi xidmətlə təmin olunsunlar. Bunu etmək üçün bundan sonra da müvafiq göstərişlər veriləcəkdir, tədbirlər görüləcəkdir.
Bu gün Sumqayıt yaşıl şəhərdir, gözəl havası, gözəl iqlimi, gözəl təbiəti vardır. Sumqayıt bu gün parklar, bağlar şəhəridir. Parkların sayına görə heç Bakıdan da geri qalmır. Çox şadam ki, Sumqayıtda bu parkların yenidən qurulması prosesi gedir. Mən son on ildə Sumqayıta on dəfədən çox səfər etmişəm və Sumqayıtın inkişafı daim diqqət mərkəzindədir. Çox şadam ki, insanlar üçün vacib olan bu sahə də öz həllini tapır. Sumqayıt parklar, bağlar, ağaclar şəhəridir, yaşıl şəhərdir və burada yenidənqurma işləri aparılır. Binaların bir çoxu əsaslı şəkildə təmir edilir.
Sumqayıt üçün ənənəvi istirahət zonaları yenidən qurulur. Burada inkişaf, dizayn, quruculuq işləri Bakı şəhərinin səviyyəsində olmalıdır. İndi Sumqayıt Bakıya yaxınlaşır. Coğrafi nöqteyi-nəzərdən demək olar ki, birləşib. İndi Bakı ilə Sumqayıt arasında boş yer qalmayıb. Fərdi evlərin, hündürmərtəbəli binaların tikintisi gedir. Ancaq yaşayış səviyyəsinə görə də Sumqayıt Bakıdan geri qalmamalıdır. Çünki böyük şəhərdir, gözəl tarixi, zəhmətkeş insanları vardır. Sumqayıt Bakıdan sonra Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Bu da hesab edirəm ki, çox əlamətdar hadisədir. Çünki Cənubi Qafqazın ən böyük iki sənaye şəhəri Azərbaycan şəhərləridir. Sumqayıtın yeni sənaye mərkəzi kimi inkişafı artıq reallaşır. Bu barədə mən hələ on il bundan əvvəl demişdim, 2004-cü ildə burada böyük elektrik stansiyasının açılışı zamanı demişdim ki, bu stansiyanın tikintisi Sumqayıtda sənayenin inkişafına təkan verəcəkdir və belə də oldu.
Bu gün isə müstəqil Azərbaycanda, sosial dövlət olan Azərbaycanda insan amili ön plandadır. Ona görə burada yaradılan, yaradılacaq bütün zavodlar dünya səviyyəsində ekoloji standartlara uyğun olmalıdır. Kimya Parkının yaradılması burada on minlərlə yeni iş yerlərinin açılmasına gətirib çıxaracaqdır. Çünki böyük şirkətlər böyük müəssisələr yaradacaqlar və ondan sonra orta və kiçik sahibkarlar o böyük zavodlarda istehsal olunan ilkin məhsullardan son məhsulu istehsal etmək üçün öz işlərini quracaqlar.
Beləliklə, gələcəkdə Sumqayıtda bütün bu zavod və fabriklərdə işləmək üçün başqa rayonlardan da işçi qüvvəsi gələcəkdir. Bu proses başlamışdır. Qonşu rayonlardan, ətraf yerlərdən indi işçi qüvvəsinin axını müşahidə olunur. Yəni, Sumqayıtı mən bax belə görürəm: gələcəkdə Cənubi Qafqazın ən böyük sənaye mərkəzlərindən biri, dünya miqyasında ən böyük sənaye mərkəzlərindən biri olmalıdır, eyni zamanda, ekoloji cəhətdən tam təmiz, insanlar üçün rahat, yaşamaq, işləmək üçün rahat, gözəl, abad bir şəhər olmalıdır. Sumqayıtın təbiətini, dənizə çıxışını nəzərə alaraq şəhər geniş miqyasda sənaye, turizm, mədəniyyət, istirahət mərkəzi olmalıdır. Bax mən Sumqayıtı belə görürəm. Bu məqsədlərə çatmaq üçün hesab edirəm ki, kifayət qədər işlər görülmüşdür və sumqayıtlılar bütün bu işlərdə fəal iştirak etmişlər. Bütün bu uğurlarla mən sizi təbrik edirəm. Əminəm ki, gələcəkdə bizim bütün planlarımız həyatda öz əksini tapacaqdır. Bir daha sizi təbrik edirəm." Sonra Prezident İlham Əliyev xəstəxanada yaradılan şəraitlə tanış oldu. Bildirildi ki, xəstəxana beşmərtəbəli əsas müalicə, üçmərtəbəli yoluxucu xəstəliklər korpuslarından və birmərtəbəli təsərrüfat binalarından ibarətdir. Buradakı şöbələrdə müxtəlif xəstəliklərin müayinəsi və müalicəsi mümkün olacaqdır. Qeyd edildi ki, 225 çarpayılıq xəstəxanada terapiya, otolorinqologiya, kardiologiya, yoluxucu xəstəliklər, nevrologiya, urologiya, nefrologiya, hemodializ, anesteziologiya-reanimatologiya, poliklinika və təcili yardım stansiyası tibbin ən son nailiyyətləri olan avadanlıq və cihazlarla təmin edilmişdir. Xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin burada müalicə alması üçün hemodializ şöbəsi də fəaliyyət göstərəcəkdir. Eyni zamanda, xəstəxana indiyədək şəhərin dövlət tibb müəssisələrində olmayan və şəhər sakinlərinin dərin tibbi müayinəsi zamanı kəskin ehtiyac duyulan maqnit-rezonans tomoqrafiya aparatı ilə təchiz edilmişdir. Əsaslı təmirdən sonra xəstəxanada, həmçinin exokardioqrafiya kabineti, histoloji və virusoloji laboratoriyalar, şəhərin bütün stasionar tibb müəssisələrini təmin edə biləcək mərkəzləşmiş mətbəxin yaradılması nəzərdə tutulmuşdur. Diqqətə çatdırıldı ki, xəstəxanada 550 tibb işçisi çalışacaqdır. Onların 100-ü həkim, 300-ü orta tibb işçisidir. Bu rəqəmlər özlüyündə Sumqayıt Şəhər Xəstəxanasının nə qədər geniş funksiyanı yerinə yetirəcəyini göstərir. Bütün bunlar həm də təsdiq edir ki, son illərdə səhiyyə sahəsində baş verən mühüm dəyişiklik bu sektorun dünyanın ən müasir tibbi avadanlığı ilə təmin olunmasıdır. Müasir Azərbaycanı ən qabaqcıl texnologiyaların tətbiq olunduğu məkana çevirmək məqsədini qarşıya qoyan Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə yenidən qurulan səhiyyə müəssisələri regionda ilk dəfə açıq ürək əməliyyatı və qara ciyərin köçürülməsi kimi mühüm nailiyyətlərə imza atmışdır. Bu illər ərzində regionlarda yüzlərlə tibb ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafından xəbər verir. Yeni tikilən tibb ocaqları, ölkəyə gətirilən müasir tibbi avadanlıq, ilk növbədə, bir məqsədə - Azərbaycan əhalisinin sağlam olması kimi mühüm missiyanın yerinə yetirilməsinə xidmət edir. Xəstəxanada yaradılan şəraitlə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verildi ki, Sumqayıt Şəhər Doğum Evinin və qadın məsləhətxanasının binaları da əsaslı təmir olunmuşdur.
Məlumat verildi ki, 1 nömrəli Şəhər Xəstəxanasında infrastruktur tamamilə yenilənmişdir. Xidmətdə fasilələr yaranmaması üçün transformator stansiyası və generatorlar quraşdırılmışdır. Yenidənqurma zamanı yeni qazanxana, içməli və yanğına qarşı su anbarları, nasos stansiyası, avtomobil dayanacağı tikilmişdir.
Prezident İlham Əliyev xəstəxanada xidmətin yüksək səviyyədə təşkili ilə bağlı tapşırıq və tövsiyələrini verdi. Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 3-də Sumqayıta səfəri çərçivəsində Dövlət Neft Şirkətinin "Azərikimya" İstehsalat Birliyinin tabeliyində olan Üzeyir Hacıbəyli adına "Kimyaçı" Mədəniyyət Sarayının qarşısındakı meydanda aparılan yenidənqurma işləri ilə tanış olmuşdur. Ölkəmizdə aparılan abadlıq-quruculuq işləri əhalinin istirahətinin təşkilinə də töhfəsini verməkdədir. Həm insanların istirahətinin təşkilində, həm də şəhər və rayonlarımızın simasının daha da gözəlləşməsində yeni parkların salınması mühüm rol oynayır.
Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Azərbaycan Prezidentinə məlumat verdi ki, "Kimyaçı" mədəniyyət sarayı 1986-cı ildə istifadəyə verilmişdir. Həmin vaxtdan etibarən sarayın qarşısındakı meydanda respublika və şəhər əhəmiyyətli müxtəlif tədbirlər keçirilmişdir. Bu ərazi Sumqayıt şəhərinin mərkəzində yerləşən ən geniş meydandır. Ümumi ərazisi 5 hektar olan meydanda geniş abadlıq-quruculuq və yaşıllaşdırma işləri aparılmışdır. Meydanda kommunikasiya xətləri və işıqlandırma sistemi tamamilə yenidən qurulmuşdur. Müasir fəvvarə meydana xüsusi yaraşıq verməklə yanaşı, həm də istirahət edənlərin könlünü oxşayır. Burada həm mərkəzə gələn qonaqlar, həm də Sumqayıt sakinlərinin istirahətinin mənalı təşkili üçün hər cür şərait yaradılmışdır. Sonra Prezident İlham Əliyev "Kimyaçı" Mədəniyyət Sarayının stendi ilə tanış oldu. Qeyd edildi ki, saray bundan sonra Sumqayıt Mədəniyyət Mərkəzi adlanacaqdır. Üçmərtəbəli inzibati binanın birinci mərtəbəsində 800 yerlik böyük kino-konsert salonu, ikinci mərtəbədə müşavirə və iclas zalları vardır. Mədəniyyət Mərkəzində teatr tamaşaları, konsert proqramları, yeni texnologiya ilə təqdim olunan kinofilmlərin nümayişi və digər müxtəlif tədbirlərin keçirilməsi üçün yüksək şərait yaradılacaqdır. Burada, həmçinin restoran, sərgi salonu və müxtəlif dərnəklər fəaliyyət göstərəcəkdir. Mərkəzin ərazisində 260 yerlik avtomobil dayanacağının yaradılması da nəzərdə tutulmuşdur. Dövlətimizin başçısı mərkəzin yenidən qurulması ilə bağlı tapşırıq və tövsiyələrini verdi. Oktyabrın 3-də Sumqayıtda "Sağlam qida" aqrar-sənaye kompleksi istifadəyə verilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev kompleksin açılışında iştirak etmişdir.
İqtisadi İnkişaf naziri Şahin Mustafayev məlumat verdi ki, bu iqtisadi qurum Sumqayıtın sənaye zonasında 7 hektar ərazidə istehsal və xidmət sahələrini əhatə edən 3 iri müəssisədən ibarət müasir aqrar-sənaye kompleksidir. Respublika əhəmiyyətli belə böyük bir aqrar sənaye kompleksinin yaradılması dövlətin güzəştli kreditlərindən istifadə edilməklə həyata keçirilmişdir. Bu cür mühüm iqtisadi obyektlərin istifadəyə verilməsi, ilk növbədə, vətəndaşların keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi istiqamətində vacib addımlardandır. Belə komplekslərin yaradılması həm də özəl sektorun inkişafına ölkədə göstərilən qayğının əyani təsdiqidir.
Diqqətə çatdırıldı ki, kompleksin tərkibinə çörək istehsalı zavodu, taxıl anbarı, un dəyirmanı kompleksi, həmçinin qida məhsullarının saxlanılması, daşınması və satışı üzrə logistik mərkəz daxildir. Kompleksin çörək istehsalı zavodunun foyesində ümummilli lider Heydər Əliyevin Sumqayıta səfərlərini əks etdirən fotolardan ibarət stend yaradılmışdır. Dövlətimizin başçısı müəssisəni işə saldı. Bildirildi ki, dəyəri 28, 9 milyon manat olan çörək zavodunun yaradılmasına İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 10 milyon manat güzəştli kredit ayrılmışdır. Ərzaq təhlükəsizliyinin və əhalinin keyfiyyətli çörək məhsulları ilə təmin edilməsi məqsədilə zavod Almaniyanın bu sahədə böyük təcrübəyə malik şirkətinin son texnologiyası əsasında qurulmuşdur. Gündəlik istehsal gücü 150 ton olan çörək zavodunda məhsul hazırlanması prosesi tam avtomatlaşdırılmışdır. İstehsalın hər bir mərhələsinə ayrı-ayrılıqda nəzarət sistemi tətbiq olunur ki, bu da sanitar-gigiyenik normalara əməl olunmaqla çox yüksək keyfiyyət standartlarına cavab verən çörək məhsullarının əldə edilməsinə imkan verir. Yeni texnologiyanın tətbiqi məhsulun maya dəyərinin formalaşmasında xüsusi çəkisi olan enerji xərclərinin azalmasına imkan yaradır. Bu da istehlakçılara keyfiyyətcə yüksək və aşağı qiymətlərlə çörək məhsullarının təqdim edilməsinə şərait yaradır. Çörəkbişirmə xətlərində tətbiq edilən elektron müşahidə və keyfiyyətə nəzarət sistemi istehsalın müxtəlif mərhələlərində standartlara uyğun gəlməyən çörəyin müəyyən edilməsinə və xətdən dərhal çıxarılmasına imkan verir. Zavodda dörd çörəkbişirmə və bir müxtəlif növ un məmulatlarının istehsalı xətləri, xüsusi növ çörəklərin bişirilməsi üçün altı soba quraşdırılmışdır. Beləliklə, burada 45 çeşiddə 12 növ çörək məhsulları və un məmulatları istehsal olunacaqdır. Çörək məhsulları qablaşdırılaraq "Çörəkçi" brendi altında satışa çıxarılacaqdır. Məmulatların Sumqayıt, Bakı şəhərlərinə və respublikanın digər rayonlarına çatdırılması üçün 40 xüsusi nəqliyyat vasitəsi alınmışdır.
Prezident İlham Əliyevə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilmiş çörək istehsalı zavodları barədə də məlumat verdi. Bildirildi ki, bu məqsədlə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən ümumi dəyəri 84,6 milyon manat, gündəlik istehsal gücü 693 ton olan 25 çörək zavodunun tikintisinə və ən müasir texnologiya və avadanlıqla təchiz edilməsinə 31,1 milyon manat güzəştli kredit verilmişdir. Türkiyə, Almaniya, Çexiya və digər ölkələrin müasir texnologiya və avadanlığı əsasında qurulmuş, gündəlik istehsal gücü 610 ton olan 18 çörək zavodu artıq istifadəyə verilmişdir. Ən müasir texnologiya və avadanlığın tətbiqinə əsaslanan belə zavodların fəaliyyətə başlaması istehlakçıları tələbata tam cavab verən yüksək keyfiyyətli çörək və çörək məhsulları ilə təmin etməyə imkan verir.
Sonra Prezident İlham Əliyev aqrar-sənaye kompleksinin tərkibinə daxil olan taxıl anbarı və dəyirman kompleksini işə saldı.
Məlumat verildi ki, buradakı taxıl anbarı və un dəyirmanı Türkiyənin aparıcı şirkətinin texnologiyası əsasında qurulmuşdur. Dəyəri 10 milyon manat olan taxıl anbarı və dəyirman kompleksinin tikintisinə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 6 milyon manat güzəştli kredit ayrılmışdır. Taxıl məhsullarının tədarükü və saxlanması üçün hər birinin tutumu 4 min ton olan 6 anbar inşa olunmuşdur. Anbarda quraşdırılmış təmizləmə və qurutma sistemləri tədarük olunacaq taxıl məhsullarının itkisiz və uzun müddət ərzində saxlanmasına imkan verir.
Kompleksin tərkibində taxıl anbarının olması xammal bazasının yaradılması baxımından əhəmiyyətli rola malikdir. Taxıl anbarı kompleksə daxil olan un dəyirmanı və çörək zavodunun fasiləsiz fəaliyyətini təmin edir. Gündəlik istehsal gücü 250 ton olan dəyirman kompleksində ən son texnologiya sayılan quru təmizləmə sisteminin tətbiqi digər ənənəvi dəyirmanlardan fərqli olaraq daha geniş həcmdə və əla, birinci və ikinci növ keyfiyyətli un istehsalına tam şərait yaradır.
Dövlətimizin başçısına məlumat verildi ki, ölkə daxilində və ölkədən kənarda istehsal olunan məhsulların müştərilərin tələblərinə istəklərinə uyğun olaraq keyfiyyətini itirmədən, təhlükəsiz şəkildə uzun müddət saxlanması və istehlakçılara çatdırılması üçün burada logistika mərkəzi də yaradılmışdır. Dəyəri 8 milyon manat olan və qida məhsullarının saxlanılması, daşınması və satışı üzrə ən müasir texnologiyalara əsaslanan logistika mərkəzinin yaradılmasına da Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5 milyon manat güzəştli kredit verilmişdir. Bu mərkəzin tərkibinə tutumu 5 min ton olan soyuducu və 4 min tonluq quru anbarlar, beynəlxalq yük daşımalarını həyata keçirən nəqliyyat vasitələri üçün dayanacaq meydançası daxildir. Soyuducu anbar İtaliyanın tanınmış şirkətinin avadanlığı ilə təchiz olunmuşdur. Logistika mərkəzində sifarişlərin qəbulu, məhsulların qeydiyyat və uçotunun aparılması, anbarlama, çeşidləmə, qablaşdırma, daşıma və digər xidmətlərin göstərilməsi həyata keçirilir. Mərkəzləşdirilmiş idarəetmə sisteminin tətbiqi müştərilərə qısa zamanda keyfiyyətli xidmətlərin göstərilməsinə imkan verir. Yük daşımalarının həyata keçirilməsi üçün isə müxtəlif tonnajlı 75 nəqliyyat vasitəsi alınmışdır. Beləliklə, bu mərkəzin qurulması yerli istehsalçıların öz məhsullarının xarici bazarlara az məsrəflə və qısa müddətdə çıxarılmasını stimullaşdıracaqdır. Qeyd edildi ki, kompleksdə inşa olunan inzibati və yardımçı binalarda əmək kollektivi üçün iş otaqları, tədris və iclas zalları, yeməkxana və digər zəruri şərait yaradılmışdır. Aqrar-sənaye kompleksində 600-dək yeni iş yeri yaradılmışdır. Oktyabrın 3-də Sumqayıt Kimya Sənaye Parkının təməlqoyma mərasimi olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir. Ölkəmizdə həyata keçirilən genişmiqyaslı sənayeləşmə strategiyasının əsas istiqamətlərindən biri sənaye mərkəzlərinin yaradılmasıdır. Sənaye parkları yüksək rəqabətqabiliyyətli iqtisadiyyatın sahələrinin daha sürətlə inkişaf etdirilməsinə təkan verəcəkdir. Bu baxımdan Sumqayıt şəhərindəki sənaye zonası ərazisində ümumi sahəsi 168 hektar olan, zəruri infrastruktura və idarəetmə qurumlarına malik, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsullar istehsalı və xidmətlər göstərilməsi məqsədilə tikiləcək Sumqayıt Kimya Sənaye Parkı mühüm əhəmiyyət kəsb edir. İqtisadi inkişaf naziri Şahin Mustafayev dövlətimizin başçısına məlumat verdi ki, sənaye parkının əsas xüsusiyyətləri onun ən qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla yaradılması, sənaye zonalarının fəaliyyətini təmin edən müasir infrastrukturun formalaşdırılması, istehsalla elmin və təhsilin əlaqələrinin gücləndirilməsi, daha münbit investisiya mühitinin formalaşdırılması, qabaqcıl, müasir arxitekturaya və mühəndis həllərinə cavab verən bina və qurğuların tikilməsidir. Bildirildi ki, Sumqayıt Kimya Sənaye Parkının ərazisi iki hissəyə bölünməklə inzibati-sosial və sənaye zonalarından ibarət olacaqdır. Parkın inzibati-sosial zonasında 16 və 20 mərtəbəli iki inzibati bina, Peşə Tədris Mərkəzi, 7 tədris emalatxanası, sərgi-konfrans, ikikorpuslu otel-yataqxana kompleksləri, laboratoriya-tədqiqat mərkəzi, açıq və qapalı idman zalları, uşaq bağçası və bir sıra digər sosial obyektlər inşa ediləcəkdir. Sənaye zonasının 43 alt sənaye ərazisində orta hesabla 35 - 40 müəssisənin yerləşdirilməsi nəzərdə tutulur. Burada 7 minə qədər yeni daimi iş yerinin açılması gözlənilir. Sənaye zonası polimerlər, inşaat kimyası, avtomobil sənayesi kimyası, kənd təsərrüfatı kimyası, məişət kimyası və tibbi kimya alt sahələrinə bölünəcəkdir. Sumqayıt Kimya Sənaye Parkının investisiya cəlbediciliyinin artırılması məqsədi ilə parkın rezidentləri 7 il müddətinə mənfəət, torpaq, əmlak vergilərindən, eyni zamanda, parka gətirilən avadanlıq və texnologiyalar əlavə dəyər vergisindən azad olunmuşdur. Diqqətə çatdırıldı ki, Sumqayıt Kimya Sənaye Parkında "bir pəncərə" sistemi tətbiq edilmişdir. Burada artıq iki rezident - "SOCAR-Polimer" və "Azərtexnolayn" Məhdud Məsuliyyətli cəmiyyətləri qeydiyyata alınmışdır. Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının təməlini qoydu. Sonra dövlətimizin başçısı inşaatçılarla görüşdü.