Dünən Suraxanı rayonunda Beynəlxalq Müəllim Günü münasibəti ilə geniş tədbir keçirildi. Rayon ərazisində yerləşən təhsil müəssisələrində çalışan təhsil işçilərinin bir qrupunun iştrak etdiyi tədbirdə ali məktəblərə qəbul imtahanında yüksək nəticə göstərən rayon məzunları da iştirak edirdilər.
Tədbir iştirakçıları ilk öncə Ulu Öndərin Heydər Əliyev parkında ucaldılan abidəsini ziyarət edərək önünə tər güllər qoydular. Sonra Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin Elektron lektoriya zalında davam etdirilən tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı İlqar Abbasov bildirdi ki, Azərbaycan xalqının milli təfəkküründə müəllim adı hər zaman ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm olunub, böyük hörmətlə, yüksək ehtiramla çəkilib: "Ölkəmizdə bütün sahələrdə olduğu kimi, son illər ərzində təhsil sahəsində də çox ciddi irəliləyişlər, nəzərə çarpacaq uğurlar əldə edilib. Dövlət başçısının hər il beynəlxalq müəllim günü ərəfəsində onlarla müəllimi fəxri ada, dövlət təltiflərinə layiq görməsi Onun təhsil və elm sahəsində çalışan çoxsaylı ziyalılara yüksək rəğbət və etimadını nümayiş etdirir".
Rayon icra hakimiyyətinin başçısı çıxışında Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasında, elmin, təhsilin, mədəniyyətin və incəsənətin inkişafında, dünya miqyasında tanınmasında Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın dəyərli fəaliyyətini xüsusi vurğuladı. O, qeyd etdi ki, Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramları, Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb Proqramı" və digər irimiqyaslı layihələr qarşıya qoyulan vəzifələrin icrasına, tədris müəssisələrinin maddi-texniki bazasının möhkəmlənməsinə yönəldilib. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində Suraxanı rayonunda da təhsil sahəsində bir çox işlər görülmüşdür: "640 şagirdlik 327 nömrəli tam orta məktəbin yeni binası qısa vaxt ərzində yüksək standartlara uyğun tikilmiş, şagirdlərin istifadəsinə verilmişdir. Məkdəbdaxili simsiz internet xidməti təmin olunmuş, MDB məkanında orta tədris sistemində ilk dəfə olaraq "Smart sinif" açılmışdır. Dövlət Proqramı çərçivəsində ümumilikdə rayonda 16 məktəb əsaslı təmir olunmuş, 13 məktəb üçün 5460 şagirdlik 273 sinif otağı, müasir tələblərə cavab verən 640 şagirdlik 1 məktəb binası tikilmişdir". Təhsildə uğurlardan danışan rayon rəhbəri bildirdi ki, Suraxanı rayonu üzrə 10 məktəb "Ən yaxşı ümumtəhsil məktəbi" olmuş, 11 müəllim isə "Ən yaxşı müəllim" adını qazanmışdır. O, Suraxanı rayonu üzrə 2012-2013-cü tədris ilində 1899 nəfərin tam orta təhsil haqqında attestat aldığını bildirdi. Məzunlardan 60,8 faizi tələbə adını qazanmışdır. 4 məzun orta məktəbi qızıl medalla bitirmişdir. Abituriyentlərdən 49 nəfəri 600-dən yuxarı bal toplamış, 5 məzun Prezident təqaüdçüsü adına layiq görülmüşdür.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Sevinc Fətəliyeva, Bakı şəhəri üzrə Təhsil İdarəsinin məsul işçisi Elşad Məmmədli, 275 nömrəli məktəbin direktoru Elmira İsmayılova, 279 nömrəli məktəbin direktoru Oqtay Səmədov, 318 saylı məktəbin müəlliməsi Ülviyyə Həsənova, prezident təqaüdçsü Əlikram Ələkbərov təhsilə göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə dərin təşəkkürlərini bildirdilər. Müəllim günü münasibəti ilə təhsil sahəsində qazandığı uğurlar və ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlar Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı ilə təltif edildilər, onlara qiymətli hədiyələr verildi.
Sonda şagirdlərin ifasında ədəbi-bədii kompozisiya təqdim oldundu.
ZÜMRÜD